Müqəddimətü İbn əs-Salah () və ya Ümumül-hədis () — İbn əs-Salahın hədis üsulu sahəsinə aid əsəri.

Əsər "Müqəddimətü İbn əs-Salah"ın tam adı "Mərifətü ənvəi-elmil-hədis" olsa da, əsər "Ülumül-hədis" olaraq tanınır. Əsərin digər bir adı da "Əqsəl-əməl vəş-şövq fi ülumi-hədisir-Rəsul"dur.

Əsəri müəllifi hicri 630-cu ildə yazmağa başlamış və hicri 634-cü ildə tamamlamışdır. Əsərin əsas istinad mənbələri Rəmhörmüzinin "əl-Mühəddissül-fəsil"i, Hakim ən-Nisaburinin "Mərifətü ülumil-hədis"i Xətib Bağdadinin "əl-Kifayə" ilə "əl-Cəmi li-əxlaqir-ravi"sidir.

İbn əs-Salah əsərin müqəddiməsində hədis elminin və bu elmlə məşğul olanların dəyərindən, bu elmin digər elmlər üçün daşıdığı əhəmiyyətdən bəhs etmiş, insanların yalnız hədis dinləmək və yazmaqla kifayətləndiklərini, hədisləri anlamağa səy göstərmədiklərini, yaxşı yetişmiş mühəddislərin azaldığını gördükdən sonra bu əsəri qələmə almağa qərar verdiyini bildirmişdir. Ardınca əsərdə toxunduğu səhih, həsən, zəif, mərfu, məvkuf, məktu, mürsəl, mudəl, mövzu hədislər, həmçinin səma, kitabət, mərifətü ədəbil-mühəddis, müxtəlifül-hədis, səhabə, əvtənür-rüvət, mərifətü əsbabil-hədis və s. kimi mövzuların fihristini təqdim etmişdir. Əsərdə hər mövzu ilə bağlı müxtəlif təriflər verildikdən sonra, ən doğru olanına işarə edilmiş və vacib sayılan bəzi məlumatlar "fəvaid mühümmə" və "təfriat" kimi başlıqlar altında ayrıca qeyd edilmişdir. Hər bölmədən sonra həmin mövzuda yazılmış əsərlərin adları qeyd edilmişdir. İbn əs-Salah əsərdə məlumatları isnadsız şəkildə nəql etmişdir.

"Müqəddimətü İbn əs-Salah"ı ilk dəfə ixtisar edən Nəvəvi olmuşdur. Daha sonralar isə əsərin tərtibatını bəyənməyən İbn Həcər əl-Əsqəlani onu yenidən dizayn edib ixtisar etmişdir. Bu müxtəsər İbn əl-Cəzərinin "Nəbzə min ədiyə nəbəviyyə" ilə Birgivinin "Mustələhul-hədis"i ilə birlikdə nəşr edilmişdir.

"Müqəddimətü İbn əs-Salah" dəfələrlə nəşr edilmişdir (Ləknəv: hicri 1304, hicri 1314; Mumbay: hicri 1357; Hələb: hicri 1350; Beyrut: hicri 1398; Qahirə: 1974 və s.).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:Hədis elmi Kateqoriya:Sünni hədis topluları