Omai və ya Mai () – Raiatea adasının sakini olmuş gənc şəxs. O, İngiltərəyə gəlmiş birinci, 1768-ci ildə Lui Antuan Bugenvil tərəfindən Parisə gətirilmiş Ahutorudan sonra Avropaya gəlmiş ikinci Sakit okean sakini olmuşdur.
İlk illəri Omai təxminən 1751-ci ildə doğulmuş və özünü "hoa", yəni "kralın xidmətçisi" adlandırmışdır. O, Raiatea adasında bir torpaq sahibinin oğlu idi. Atası Puninin Bora-Bora döyüşçüləri tərəfindən öldürülmüşdür. Taitiyə qaçan Omai 1767-ci ildə "Dolphin" gəmisi ilə qarşılaşma zamanı yaralanmışdır. Daha sonra bir keşişin şagirdi olmuşdur. Raiatea adasına qayıtdıqdan sonra əsir götürülmüş və Bora-Bora adasına aparılmışdır. Son anda ölümdən qurtulmuş və Huahine adasına qaçmışdır.
İngiltərəyə gəlişi Omai 1767-ci ildə Samuel Uollis və 1769-cu ildə Ceyms Kukla tanış olmuşdur. 1773-cü ilin avqustunda Britaniyaya məxsus və Tobias Fürnonun idarə etdiyi "Adventure" gəmisi ilə Huahinedən ayrılmışdır. Bu gəmi daha öncə Ceyms Kukun ikinci səyahəti zamanı Taitiyə gəlmişdi. Omai bu gəmi ilə Avropaya səyahət etmiş, 1774-cü ilin oktyabrında Londona çatmışdır. Burada təbiətşünas Cozef Benks tərəfindən Britaniya cəmiyyətinə tanıdılmışdır. Omai və Benks Kukun birinci səyahəti zamanı tanış olmuşdular.
Omai İngiltərədəki ikiillik həyatı zamanı Londonun ali cəmiyyətinin rəğbətini qazanmışdır. Gözəlliyi, hazırcavablığı və ekzotik görünüşü səbəbilə o, zadəganların sevimlisinə çevrilmişdir. Benks onu mütəmadi olaraq Kral Cəmiyyəti ilə nahar etməyə davam etmiş, Lord Sendviç, Samuel Conson, Frensis Berni və Anna Sivard kimi məşhurlarla görüşlər təşkil etmişdir. Riçard Holms onun özünəməxsus davranışlarının və fərqləndirici təziminin rəğbət qazandığını qeyd etmişdir. Kral III Georqla görüşü zamanı o, təzim etmiş və kralın əlini tutaraq "Necəsən, Kral Toş!" deyərək kralın adını tələffüz etməyə çalışmışdır. Kral onun bu hərəkətinə etiraz etməmişdir.
Coşua Reynolds və digər rəssamlar onun rəsmlərini çəkmişlər. "Omainin portreti" əsərində o, ənənəvi Taiti geyimində təsvir olunmuşdur. "Antiques Trade Gazette" jurnalına görə bu portret 2001-ci ildə "bir Britaniya rəsmi üçün ödənilmiş ən yüksək məbləğ" qarşılığında satılmışdır. Omainin İngiltərəyə gəlişi və Ceyms Kukla Taitiyə qayıdışı dramaturq Con Okif tərəfindən yazılmış və hazırlanmış bir teatr tamaşasının mövzusu olmuşdur. "Omai – Dünya ətrafında səyahət" adlı bu pyes 1785-ci ildə səhnələşdirilmişdir.
Taitiyə qayıdışı və ölümü Omai 1777-ci ilin avqustunda Huahineyə qayıtmışdır. Kuk ona orada Avropa üslubuda ev tikdirmiş, onu mebel, odlu silah, üzüm bağı və iki maori oğlan xidmətçi ilə təchiz etmişdir. "Bounty" gəmisinin 1789-cu ildə Taitiyə gəlişi zamanı Kapitan Blay öyrənmişdir ki, Kukun 1777-ci ilin noyabrındakı gedişindən bir neçə il sonra Omai ölmüşdür. Onun 1780-ci ilə qədər öldüyü qəbul olunur. Ölməzdən öncə odlu silahlarından rəqib qəbiləyə qarşı vacib döyüşdə istifadə etmiş və qələbə qazanmışdır.
Qeydlər
İstinadlar
Xarici keçidlər "Omainin portreti"
Kateqoriya:Okeaniya şəxsləri