Burbonlu Adelayd (; ) — Fransa kralı XV Lüdovikin qızı.
23 mart 1732-ci ildə Versal sarayında dünyaya gəldi. Atası Fransa kralı XV Lüdovik, anası isə Reç Pospolita kralı Stanislav Leşşinskinin qızı Mariya Leşşinskidir. Kralın qanuni nigahından doğulan dördüncü qızı idi və sarayda Madame Royale, Madame Quatrième olaraq tanınırdı.
Gözəlliyinə baxmayaraq evliliyi ilə heç bir ciddi müzakirə aparılmadı. Bunun yerinə sarayda atasına yaxın bir pozisiya qazandı və onun, eləcə də, qardaşı dofen Lüdovik və qardaşı oğlu kiçik Lüdovikin üzərində nüfuz sahibi oldu. Atasının 1774-cü ildəki ölümünün ardından taxta qardaşı oğlu XVI Lüdovik çıxarıldı. Yeni yaradılan hökumət kabineti şəxsən Madam Adelaydın tövsiyəsilə quruldu. Ancaq onun dövlət idarəsinə müdaxiləsi bir çox siyasi xadim və saray nədimləri tərəfindən xoş qarşılanmadı və nəticədə XVI Lüdovik sevimli bibisini dövlət idarəsindən uzaqlaşdırmalı oldu. 1777-ci ildən etibarən Versal sarayından uzaqlaşdı və Belvyu sarayında məskunlaşdı. Tez-tez cənubi Fransa sahillərinə istirahətə yollandı və uzaqlaşmasına baxmayaraq XVI Lüdovikin ən yaxın sirdaşlarından biri oldu.
Fransız inqilabı nın başlanğıcı hesab edilən Versal sarayına edilən hücum əsnasında sarayda idi və monarx ailəsiylə birlikdə Versaldan Parisə göndərildi. Ancaq yolda ikən onlardan ayrıldı və rəsmi iqamətgahı olan Belvyu sarayına sığındı. 20 fevral 1791-ci ildə Romadakı Müqəddəs Pyotr Kafedralına həcc ziyarəti edəcəyini bəhanə edərək böyük bir heyətlə İtaliyaya qaçdı. Turində qardaşı qızı Sardiniya kraliçası Klotild tərəfindən qarşılandı. 16 aprel 1791-ci ildə Romaya çatdılar və papa VI Piy tərəfindən rəsmi mərasimlə qarşılandılar. 5 il boyunca burada yaşadı və papanın qoruması altına alındı.
Fransız inqilabının ardından dikator rejimi tərəfindən İtaliyanın işğalı səbəbilə Madam Adelayd qardaşı gəlini Mariya Antuanettanın bacısı Mariya Karolinanın kraliçası olduğu Neapola qaçdı və burada Kazerta sarayında məskunlaşdı. Ancaq bura da fransızlar tərəfindən işağl edildi və Madam Adelayd öncə Korfuya, ardından Triestə qaçmalı oldu. 27 fevral 1800-cü ildə burada vəfat etdi. Cənazəsi Burbonların səltənəti bərpa etməsinin ardından qardaşı oğlu XVIII Lüdovik tərəfindən Parisə gətirildi və Sen-Deni bazilikasına dəfn edildi.
Mənbə
Ədəbiyyat
Fraser, Antonia (2002). Marie Antoinette: The Journey. Knopf Doubleday Publishing Group. p. 65. ISBN 9781400033287 Cangioli, Paolo (1989). Versailles. Manfred Pawlak. p. 12. ISBN 9780948248764
İstinadlar