Roza Mayreder (; ) — Avstriyalı azadfikirli insan, yazıçı, rəssam, musiqiçi və feminist. Roza varlı restoran və bar sahibi olan Frans Arnold Obermayer və Mariyanın qızı idi. Rozanın on iki bacı-qardaşı var idi və mühafizəkar atasının qızların rəsmi təhsil almasına inanmamasına baxmayaraq, o, qızına qardaşlarından birinin yunan və latın dili dərslərində iştirak etməyə icazə verib. O, həmçinin fransız dili, rəssamlıq və fortepiano üzrə özəl dərslər alıb.

Həyatı Roza Obermayer 1858-ci il noyabrın 30-da anadan olub. Atası Frans Arnold Obermayer gəlirli meyxananın (restoranın) sahibi idi. Mayrederin ailəsi, sosial mühiti və şəxsiyyəti haqqında məlumatlar bir sıra gündəlik qeydlərində qorunub saxlanılıb. Bu qeydlərin birincisi 28 aprel 1873-cü ilə aiddir (həmin vaxt onun on dörd yaşı var idi). Onun avtobioqrafik gündəliyi gündəlik həyatından tutmuş müharibə haqqındakı hisslərinə qədər müxtəlif mövzuları əhatə edirdi.

Böyüdüyü müddətdə Mayreder böyük bir evdə yaşayıb və varlı təbəqə üçün xarakterik olan təhsil alıb. Mayrederə özəl repetitorlar tərəfindən fortepianoda çalmaq, oxumaq, fransızca danışmaq və rəsm çəkmək öyrədilib. Bununla belə, Mayreder akademik meylləri daha az olan qardaşlarına daha çox təhsil imkanı verilməsini qısqanclıqla qarşılayırdı. Sonralar bu təhsilin təsiri özünü büruzə verəcəkdi. Belə ki, Mayreder orta təbəqə arasında qızların təhsil alma formasına qarşı üsyan edəcəkdi. O, cinsi ikili standartları və fahişəliyi tənqid edirdi. 1928-ci ildə, yetmiş yaşında o, Vyananın fəxri vətəndaşı kimi tanındı. Onun üsyankarlıq nümunələrindən biri də on səkkiz yaşı tamam olanda bir daha heç vaxt korset taxmamaq qərarı idi. Bu itaətsizlik aktı təkcə sosial bir bəyanat deyil, həm də qadının öz mənliyini əri və oğullarından almalı olduğuna inanan anasına qarşı şəxsi bir etiraz idi.

Yetkinlik yaşına çatdıqda Mayreder bir çox sənətçi, yazar və filosofla tanış oldu. Mayrederin gələcəyinə ən çox təsir edən fəaliyyətlərdən biri Yozef Ştork, "Wiener Kunstgewebeschule" (Vyana Tətbiqi Sənət Məktəbi), Rudolf fon Valdhaym, Fridrix Ekşteyn və qardaşları Karl, Julius və Rudolf ilə tez-tez keçirdiyi görüşlər idi. Bundan əlavə, Fridrix Nitsşe, Yohann Volfqanq Göte və İmmanuel Kantın yazıları da ona əhəmiyyətli dərəcədə təsir göstərib. Bu cür insanlarla ünsiyyətdə olması Mayrederə cəmiyyətdə kişi və qadın arasındakı uyğunsuzluqları qəbul edən şəxslərlə əlaqə qurmağa imkan verdi və onu inandığı sosioloji məsələlərdə iştirak etməyə həvəsləndirdi.

1881-ci ildə Roza, sonralar Vyana Texniki Universitetinin rektoru olan memar Karl Mayreder ilə ailə qurdu. Nikah harmonik olsa da, onların övladları olmadı. 1883-cü ildə Rozanın bir abortu olmuşdu, həmçinin onun iki sevgi macərası olmuşdu ki, bunları gündəliklərində ətraflı təsvir edir. Karl 1912-ci ildən 1935-ci ildəki ölümünə qədər təkrarlanan depressiyalardan əziyyət çəkirdi.

Fəaliyyəti

Roza Mayreder həm cəmiyyətin patriarxal (ataman) strukturlarının, həm də feminizmin radikal tənqidçisi idi. Mayreder yetkinlik həyatı boyu tarix boyu qadınlar üçün autentik (özünəməxsus) özünüifadə imkanlarının olmamasından duyduğu narahatlığı ifadə etmişdir. Onun cəmiyyətə yönəlmiş tənqidlərinin böyük hissəsi kişi və qadın arasındakı qeyri-bərabərliyin islah edilməsinə və qadınların cəmiyyətdə tuta biləcəyi rolların genişləndirilməsinə yönəlmişdi. Mayreder qadın hüquqları uğrunda mübarizəni özünün həyat qayəsi hesab edirdi və mövcud status-kvoya qarşı çıxmaq cəhdlərinin öz dövrü üçün inqilabi olduğunun fərqində idi. O, "göy corab" (həddindən artıq intellektual görünməyə çalışan qadın) olmaqda və ya nalayiq davranmaqda ittiham olunsa da, ətrafındakı mühiti açıq şəkildə tənqid etməyə davam edirdi.Teodorescu, R., Ramona Mihaila, and Onorina Botezat, editors. Gender Studies: Women Inside and Outside the Box. Editura Printech, 2013.

Mayreder iki nüfuzlu əsər nəşr etdiib. Bunlardan birincisi 1905-ci ildə işıq üzü görən Zur Kritik der Weiblichkeit (Qadınlığın tənqidinə dair; 1912-ci ildə ingilis dilində "A Survey of the Woman Problem" adı ilə çap olunub) kitabıdır. Bu, "qəbul olunmuş" filosofların fikirlərini təkzib edən və nüfuzlu arqumentlər gətirən esselər toplusu idi. Bu yazı üslubu XVII və XVIII əsrlərin ideallarından ilhamlanılıb. Bu kitabı yazmağa onu sövq edən amil qadın hərəkatının üç əsas səbəbdən — iqtisadi, sosial və etik-psixoloji qaynaqlardan yarandığına olan inamı idi. Mayrederin ikinci mühüm nəşri 1923-cü ildə çap olunan Geschlecht und Kultur (Cinsiyyət və Mədəniyyət) əsəridir. İkili standartları və qadınlara qarşı ayrı-seçkiliyi tənqid edən bu sonuncu əsər ingilis dilinə də tərcümə edilib. O, həmçinin Das Haus in der Landskrongasse adlı avtobioqrafiyasını nəşr etdirib.

Birinci Dünya müharibəsi illərində Mayreder müxtəlif media orqanlarında, o cümlədən "Neues Frauenleben" və "Internationale Rundschau "jurnallarında pasifist (sülhpərvər) yanaşmanı müdafiə edən məqalə və hesabatlar dərc etdirib.

Yazıçılıqla yanaşı, Mayreder rəssamlığa da maraq göstərmiş və Akvarelçilər Klubuna qəbul edilən ilk qadın olmuşdur. 1891-ci ildə onun akvarel işlərindən biri illik Vyana Künstlerhaus (Sənətçilər Evi) sərgisinə qəbul edilib. Bundan əlavə, Mayreder Olqa Praqer, Marianna Hayniş və Karl Federn ilə birlikdə Qadınlar və Qızlar üçün İncəsənət Məktəbinin (Kunstschule für Frauen und Mädchen) əsasını qoymuşdur.

Roza Mayreder Ümumavstriya Qadınlar Birliyinin təsisçi üzvlərindən biri idi. O, qadın hüquqları müdafiəçisi Mari Lanq vasitəsilə Rudolf Şteynerlə tanış olub (onunla uzunmüddətli və geniş məktublaşmaları olub), həmçinin Huqo Volf və Fridrix Ekşteynlə görüşüb.Schwartz, Agatha. "Austrian Fin-De-Siècle Gender Heteroglossia: The Dialogism of Misogyny, Feminism, and Viriphobia". German Studies Review, vol. 28, no. 2, 2005, pp. 347–366. JSTOR, JSTOR, www.jstor.org/stable/30038153. Roza Volf ilə səmimi dostluq qurmuş və hekayələrindən birini bəstəkarın 1896-cı ildə ilk dəfə Manhaymda səhnələşdirilən Der Corregidor operası üçün libretto şəklində hazırlamyıb. Bu illər ərzində o, ilk romanı olan "Aus meiner Jugend" (Mənim gəncliyimdən) əsərini nəşr etdirdi. Məhz Lanqın məclisində Roza 1902-ci ildə yaradılmış "Ümumi Avstriya Qadınlar Birliyi"ndə birlikdə çalışacağı Marianna Hainişlə tanış oldu.

Roza Mayreder 1907-ci ildə fəaliyyətə başlayan Vyana Sosiologiya Cəmiyyətinin yeganə qadın təsisçi üzvü idi. Birinci Dünya Müharibəsi illərində Mayreder sülh hərəkatına qoşulmuş və 1919-cu ildə "Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqası"nın (IFFF) sədri olub.

Mayreder İsveçli ədəbi tənqidçi Klara Yohansona da əhəmiyyətli təsir göstərib.

Roza Mayreder və Nitsşe fəlsəfəsi Feminizm və ictimai səhiyyə kimi müxtəlif sosial məsələlərə dair erkən nəşrlərində Mayreder Nitsşenin əsərlərini böyük rəğbətlə qarşılayırdı. 1920-ci illərin sonundakı daha sonrakı yazılarında isə Mayreder həm Nitsşenin əsərlərinə, həm də onun fəlsəfəsi ətrafında yaranmaqda olan kultun (pərəstişin) ifrat dərəcələrinə qarşı daha tənqidi yanaşmağa başladı. Buna baxmayaraq, o, Nitsşeyə olan ümumi rəğbətindən tamamilə əl çəkmədi.

Əsərləri A Survey of the Woman Problem (Qadın problemi üzərinə araşdırma). Nyu-York, George H. Doran Company (1913). Zur Kritik der Weiblichkeit (1905) əsərinin tərcüməsidir. Askese Und Erotik (Zahidlik və Erotika) Idole (Bütlər)

İstinadlar

Xarici keçidlər

Rosa Mayreder

Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Dramlar