İqor Rafailoviç Yuxnovski (; ) — həm Sovet imperiyası, həmçinin Ukraynanın dövlət və ictimai xadimi, tanınmış fizik-nəzəriyyəçi alimi. O, Ukrayna Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müşaviri, Ukrayna SSR Elmlər Akademiyasının akademiki (1982), fizika-riyaziyyat elmləri doktoru və professorudur. Eyni zamanda Ukrayna MEA Kondensasiya Olunmuş Sistemlər Fizikası İnstitutunun da fəxri direktorudur.
Ukrayna Ali Radasının ilk dörd çağırış xalq deputatı olmuşdur. 1992–1993-cü illərdə Leonid Kuçma hökumətində Ukraynanın birinci vitse-prezidenti vəzifəsini icra etmişdir.
2005-ci ildə Ukrayna Qəhrəmanı adına layiq görülüb. O, Ukraynanın müstəqilliyi üçün keçirilən referendumun təşəbbüskarı kimi də tanınır.
Həyat və fəaliyyəti İqor Yuxnovski Polşanın Volın voyevodalığının Knyaqinin kəndində (hazırda Ukraynanın Rovno vilayəti) doğulub. Rafail Avtonomoviç (1898–1982)və Anna Fortunatovnanın (1905–1982) ailəsində göz açıb. Alman işğalı zamanı Kremenets şəhərində yaşayan İqor hələ Polşa hakimiyyəti dövründə oradakı gimnaziyada təhsil almağa başlayıb. 1944-cü ildə sovet qoşunlarının yenidən qayıtması ilə (1939-cu il sovetləşməsindən sonra) könüllü olaraq orduya yazılıb (xatırlayırdı: "Biz almanlara o qədər nifrət edirdik ki, 44-cü ildə sovet qoşunları gələndə mən orduya könüllü yazıldım"); 1-ci Ukrayna Cəbhəsi qoşunlarının Ali Baş Komandanlığının ehtiyat qüvvələrinin 201-ci batalyonunun tərkibində sapyor (minatəmizləyən) olaraq döyüşüb. Müharibənin bitməsini Avstriyada (digər mənbəyə görə — Polşanın Kaments şəhərciyində, öz sözlərinə görə isə — Almaniyada) qarşılayıb.
Vətəninə qayıtdıqdan sonra Lvov Universitetinə daxil olub və 1946-cı ildən 1951-ci ilə qədər fizika fakültəsində təhsil alıb. 1951-1954-cü illərdə aspirantura təhsili alan Yuxnovski "Qarşılıqlı təsir göstərən hissəciklər sistemləri üçün ikili ayrılma funksiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür.
"Yüklü hissəciklərin tarazlıq sistemlərinin statistik nəzəriyyəsi" adlı doktorluq dissertasiyasını Taras Şevçenko adına Kiyev Milli Universitetində 1965-ci ildə müdafiə edib.
O, Ukrayna və xaricdə nəşr olunmuş təxminən 500 elmi məqalənin, o cümlədən yeddi monoqrafiyanın müəllifidir.
1969-cu ildən Ukrayna SSR Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunun Lvov filialına rəhbərlik etmişdir. 1990-cı ildə Ukrayna SSR Elmlər Akademiyasının Kondensasiya olunmuş Maddə Fizikası İnstitutunun direktoru olmuşdur.
O, Sovet İttifaqı Kommunist Partiyasının 19-cu konfransının nümayəndəsi olub. 30 mart 1990-cı ildə keçirilən seçkilərdə 6 namizəd arasından 59,07% səslə Lıçakov (263 nömrəli) seçki dairəsindən Ukrayna Ali Radasının deputatı seçilib. 15 may 1990-cı ildə Ukrayna tarixində ilk müxalif fraksiya olan "Xalq Radası"na rəhbərlik etmişdir. Həmin ilin 4 iyununda İqor Yuxnovski Ali Radanın sədri seçkilərində Vladimir İvaşkoya məğlub olmuşdur. Lvov tikinti materialları kombinatı, "Aqrostroyindustriya" tresti, ticarət-iqtisad institutu, vilayət uşaq klinik xəstəxanası və poliqrafiya texnikumunun kollektivləri tərəfindən namizədliyi irəli sürülərək 1 dekabr 1991-ci ildə keçirilən prezident seçkilərində iştirak etmiş, seçicilərin 554 719 nəfəri (1,74%) ona səs vermişdi. 1992-ci ildə İqor Yuxnovski əvvəlcə elm və texnika məsələləri üzrə dövlət müşaviri, daha sonra isə birinci vitse-premyer (1993-cü ilə qədər) vəzifələrində çalışıb.
Hələ 80-ci illərin ortalarında, ictimai-siyasi fəaliyyətlə daha yaxından maraqlanan İqor Yuxnovski, "Memorial" cəmiyyətinin Lvov regional təşkilatının təşkilatçısı kimi Stalin və Brejnev repressiyaları qurbanlarının bəraət alması, NKVD cinayətlərinin üzə çıxarılması və ictimaiyyətə çatdırılması üçün böyük işlər görmüşdür. Deputat seçildikdən sonra onun dövlət və siyasi fəaliyyətində yeni bir mərhələ başladı. O, Ukraynanın Dövlət Suverenliyi haqqında Bəyannamənin və Ukraynanın Müstəqilliyi haqqında Aktın işlənib hazırlanması və qəbul edilməsi üçün böyük işlər görmüş, həmçinin Ukraynanın iqtisadi müstəqilliyi haqqında qanunun təşəbbüskarlarından və müəlliflərindən biri olmuşdur.Ігор Шаров. Вчені України: 100 видатних імен. — К.: АртЕк, 2006. ISBN 966-505-054-0
6 mart 1992-ci ildə Ukrayna Prezidenti Leonid Kravçuk tərəfindən Ukrayna Dövlət Duması yaradıldı. 27 oktyabr 1992-ci il tarixinədək fəaliyyət göstərən bu instituta da İqor Yuxnovski rəhbərlik edib.
27 mart 1994-cü ildə o, Lıçakov seçki dairəsindən 60,41 % səslə yenidən Ukrayna Ali Radasının deputatı seçildi. Sonradan İqor Yuxnovski Ukrayna Xalq Ruhuna (NRU) daxil olaraq, 29 mart 1998-ci ildə keçirilən parlament seçkilərində NRU-nun siyahısında 15-ci nömrə ilə çıxış etdi.
31 mart 2002-ci il parlament seçkilərində "Bizim Ukrayna" partiyalar blokunun siyahısında 69-cu nömrə ilə çıxış edən Yuxnovski dördüncü dəfə Ali Radanın deputatı seçilmişdir. 23 noyabr 2004-cü ildə Viktor Yuşşenkonun Ali Radanın zalında qədim Ostroq Bibliyasına and içməsinin təşəbbüskarı olmuşdur. 23 avqust 2005-ci ildə İqor Yuxnovski "Ukrayna Qəhrəmanı" adına layiq görülüb.Президент України; Указ від 23.08.2005 № 1195/2005
İqor Yuxnovski, IV çağırış Ukrayna Ali Radasında Sənayeçilər və Sahibkarlar Partiyasının (PPPU) üzvü olmuşdur. 26 mart 2006-cı il parlament seçkilərinin nəticələrinə görə isə parlamentə daxil ola bilməmişdi.
2006-cı il 27 iyul və 3 avqust tarixlərində İqor Yuxnovski Milli Birlik Universalı ilə bağlı "dəyirmi masa"da iştirak edib. O, 2006-cı ilin mayından 2010-cu ilin iyununa qədər 31 may 2006-cı ildə yaradılmış Ukrayna Milli Yaddaş İnstitutunun direktoru olub. 2007-ci ilin avqust–sentyabr aylarında isə Ukrayna Prezidenti tərəfindən təyin edilmiş fəaliyyətdə olan Konstitusiyaya düzəlişlərin işlənib hazırlanması üzrə işçi qrupunun üzvü olub. İ.Yuxnovski həmçinin fizika-riyaziyyat elmləri doktoru, Ümumukrayna İkinci Dünya Müharibəsi Veteranları Birliyinin rəhbəri olub.
O, 2024-cü il martın 26-da 99 yaşında Lvovda vəfat edib. Lıçakiv qəbiristanlığında ailə məzarlığında dəfn olunub. Ailəsi Həyat yoldaşı — Nina Vasilyevna (1927—2018). Uşaqları — qızı Nataliya (1952) və oğlu Pyotr (1957). Nəvələri.
Mükafatları Ukrayna Qəhrəmanı ( Milli dirçəliş və müstəqil Ukrayna dövlətinin qurulmasına verdiyi müstəsna şəxsi töhfəyə, çoxillik səmərəli ictimai və siyasi fəaliyyətinə, mühüm elmi nailiyyətlərinə görə, 23.08.2005) "Azadlıq" ordeni (2016). Ukraynanın "Xidmətlərə görə" ordeninin tam kavaleri; V (08.2001), IV (01.2009) və III (08.2020) dərəcəli "Müdrik Yaroslav" ordenləri ilə təltif edilmişdir., Sovet imperiyası ordenləri: "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", I dərəcəli "Vətən müharibəsi" ordenləri və Makarenko adına medalla təltif olunub. Ukrayna Ali Radasının Fəxri Fərmanı. Lvovun fəxri vətəndaşı. İstinadlar
Xarici keçidlər Юхновський Iгор Рафаїлович, фізик-теоретик, академік НАН України (Львів) — наукова біографія
Kateqoriya:Böyük Vətən müharibəsinin istehkamçıları Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Ukrayna Ali Radasının I çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının II çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının III çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının IV çağırış deputatları