thumb|Milli geyimli qazax qızlar.

Qazax milli geyimi () — qazax xalqı arasında ənənəvi olaraq mövcud olmuş geyim dəsti və qazaxların maddi mədəniyyətinin ayrılmaz tərkib hissəsi. Hazırda gündəlik istifadədən çıxmış ənənəvi qazax geyimi keçmişdə hakim olan təsərrüfat növü — köçəri maldarlıqla sıx bağlı olmuşdur. Bu geyim forması, həmçinin qazaxların qədim dövrlərdən bəri yaşadıqları iqlim şəraiti, eləcə də möhkəmlənmiş adət və ənənələrlə əlaqədar formalaşmışdır. Qazax milli geyiminin inkişafına və təşəkkül tapmasına qonşu dövlətlərlə qurulan təsərrüfat və mədəni əlaqələr də öz təsirini göstərmişdir.

Təyinatına görə ənənəvi geyim alt paltarı, üst geyimi, gündəlik və təntənəli (bayram) geyimlərə bölünmüşdür. Təntənəli mərasimlər üçün geyimlər bahalı parçalardan tikilmişdir. Alt geyimlərinə don, şalvar, qolsuz gödəkçələr, qadın kazakini və beldemşe, üst geyimlərinə şapan, kupi (dəvə, qoyun yunu və ya dərisindən astarlı geyim), qolsuz üstlüklər, içik, döblönka və kürk, yağışlı hava geyimlərinə isə çekmen (evdə toxunmuş kaftan), kaptal (qışda paltonun üzərindən geyilən geyim), kebenek, kenep (keçədən hazırlanmış bürüncək növü) və plaş daxil edilmişdir.

Ənənəvi qazax geyimi, həmçinin onu daşıyan şəxsin yaşına, cinsinə və mənsub olduğu tayfa-qəbilə strukturuna görə əhəmiyyətli dərəcədə fərqlənmişdir. İnsanın baş geyiminə və şapanına əsasən onun hansı juza mənsub olduğunu müəyyən etmək mümkün hesab olunmuşdur.

Tarixi thumb|left|Qazax xalq geyimləri. SSRİ poçt markası. 1962-ci il.

Qazax geyimləri haqqında ilk məlumatlara XVIII əsrdə Qazaxıstana səfər etmiş Peter Pallas, İohann Georqi və digər səyyahların əsərlərində rast gəlinmişdir.

XIX əsrin ortalarından etibarən qazax geyimləri əhəmiyyətli dəyişikliklərə məruz qalmağa başlamışdır. Belə ki, bəzi geyim elementlərinin biçimi dəyişmiş, bir sıra elementlər isə ümumiyyətlə istifadədən çıxmışdır. Həmin əsrdə Qazaxıstan ərazisində məskunlaşan xalqların geyimlərinin təsiri artmış, xüsusilə tatar geyim elementlərindən bir çox nümunələr mənimsənilmişdir.

XIX əsrin sonlarından etibarən, xüsusilə şəhərlə bağlı olan qazax milli ziyalıları və tacirləri arasında rus geyiminin təsiri güclənməyə başlamışdır. Rus geyim formaları şəhər işçiləri və qismən varlı rus kəndli köçkünlərinin yanında çalışan muzdlu qazaxlar tərəfindən qəbul edilmişdir. Şəhər və Avropa tipli geyimlərin qazax məişətinə fəal nüfuz etməsi Oktyabr inqilabından sonra, kənd yerlərində isə kollektivləşmənin başlanması ilə daha da sürətlənmişdir. 1960-cı illərdə ənənəvi geyimin ayrı-ayrı elementləri kolxozçular arasında (daha çox qadınlarda, az dərəcədə isə kişilərdə) gündəlik geyim kimi qorunub saxlanılmışdır. Daimi əsasda ənənəvi kostyumu məişətdə əsasən yaşlı nəslin nümayəndələri, xüsusilə də örüş heyvandarlığı ilə məşğul olanlar geyinmişlər.

Müasir dövrdə ənənəvi kostyum gündəlik istifadədən tamamilə çıxsa da, bir çox hallarda bayram geyimi kimi istifadə olunmağa davam etməkdədir. Qazax milli kostyumu, eyni zamanda, bir çox modelyerlər üçün ilham mənbəyi rolunu oynayır. Qazax milli geyim ənənələrinin müasir dövrdə qorunub saxlanılması böyük dərəcədə Qazaxıstanın teatr və kino rəssamlarının xidmətidir. Sovet illərində teatr tamaşaları və bədii filmlər üçün qazax milli ənənəsində olan geyimlərin işlənməsi ilə Külhamet Xocikov, İqor Balxozin, Anatoli Nenaşev və digər geyim rəssamları məşğul olmuşlar.Костюм // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. III. — С. 318. — ISBN 9965-9746-4-0. (CC BY-SA 3.0) Digər tərəfdən, kişilər arasında ənənəvi baş geyimlərinin yayılma dərəcəsi Qazaxıstanda Orta Asiyanın digər ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Materiallar Qazax geyimləri yun (o cümlədən heyvan dəriləri), ipək və keçədən tikilmişdir. Ən qədim materiallar həm vəhşi, həm də ev heyvanlarının dəriləri, nazik keçə, həmçinin dəvə və qoyun yunundan hazırlanmış parçalar hesab olunmuşdur. Dələ, yenot, köstəbək xəzləri, eləcə də dayça, samur və pələng dəriləri xüsusilə qiymətli və bahalı materiallar sayılmışdır. Kürklərin astarı üçün "içik" adlandırılan dəyərli və bahalı dərilər seçilmişdir. İçiklərin üst hissəsi atlas, ipək, məxmər, parça, velür və korduroy kimi bahalı materiallardan hazırlanan parçalarla örtülmüşdür. Xəz kürkləri bəzəmək məqsədilə onlara qatlama yaxalıqlar tikilmişdir.Казахская национальная одежда // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. III. — С. 41. — ISBN 9965-9746-4-0. (CC BY-SA 3.0)

Çin və Mərkəzi Asiya ölkələri ilə aparılan ticarət əlaqələri vasitəsilə qazax məişətinə pambıq və ipək parçalar nüfuz etmişdir. XVIII əsrdən etibarən isə Rusiya fabriklərinin istehsalı olan parçalar meydana gəlmiş və öz ucuzluğu sayəsində artıq növbəti əsrdə (ilk növbədə varlı qazaxlar arasında) evdə toxunmuş parçaları, gön və dəriləri sıxışdırıb çıxarmağa başlamışdır. Bununla belə, ənənəvi köçəri həyat tərzinin daha güclü qorunduğu bölgələrdə ev şəraitində hazırlanan geyimlər mühüm mövqeyini saxlamışdır. Yalnız sovet dövründə fabrik parçaları ənənəvi materialları tamamilə əvəz etmişdir.

Alt paltarları üçün daha nazik pambıq parçalardan, üst geyimləri üçün isə daha sıx materiallardan istifadə olunmuşdur. İpək və yun parçalardan geyimləri yalnız varlı təbəqənin nümayəndələri özlərinə rəva görə bilmişlər.

Kişi geyimləri Kişi alt geyimi açıq rəngli pambıq parçalardan yoxsullarda isə hələ XIX əsrdə tez-tez rənglənməmiş dəvə yunundan hazırlanmış mahuddan tikilmiş köynək və şalvardan ibarət olmuşdur. Yay aylarında alt paltarları qismən iş geyimi funksiyasını da yerinə yetirmişdir. İlkin dövrlərdə kişi köynəyi öndən açıq formada olmuşdur, lakin XIX əsrin ortalarından etibarən onu ön tərəfi kəsik olan, bağcıqlarla bağlanan və qatlama yaxalı (bağcıqlar bu yaxadan keçirilirdi) köynək əvəz etmişdir. XX əsrin əvvəllərindən yaxalıq dik formada hazırlana, kəsik hissə isə düymələrlə bağlana bilmişdir. Kişi köynəyi əksər hallarda ağ rəngdə olmuş, lakin bəzən açıq rəngli və ya zolaqlı parçalardan da tikilmişdir. Alt şalvarlar geniş addımlı hazırlanmış, bunun üçün şalvarın ayaq hissələri arasına rombşəkilli ağ qoyulmuşdur. Şalvarın yuxarı hissəsi enli şəkildə tikilmiş və beldə saxlanılması üçün içərisindən tumanbağı keçirilmişdir.

Köynəyin üzərindən beşmet geyinilmişdir. O, bədənə kip yapışmış, uzun və dar qollara, həmçinin dik yaxalığa malik olmuşdur. Beşmet dizə qədər çatmış, aşağıya doğru ətəyi genişlənmişdir. Beşmet boğazdan bel hissəsinə qədər düymələnmişdir.

Üst şalvarlar, yəni şalvarlar sarı və ya qırmızı rəngli yumşaq dəridən, XIX əsrin ortalarından isə həmçinin yun və pambıq parçalardan (məxmər, plüş, korduroy, satin, qırmızı ipək, parça) hazırlanmışdır. Qışda, həmçinin yunu içəri tərəfə baxan qoyun dərisindən tikilmiş şalvarlar da geyinilmişdir. Varlı kişilərin şalvarları qalun və ya ipək saplarla naxışlanmışdır. Şalvarlar olduqca enli biçilmişdir. Bu, süvariyə at sürərkən şapanın (hətta bir neçə şapanın) ətəklərini onların içinə salmağa imkan vermişdir. Adətə görə, döyüşçülər döyüşdən əvvəl özlərinin ən yaxşı və bahalı geyimlərini geyinmişlər.

Qadın geyimləri Ənənəvi qadın qazax kostyumuna milli don, kimeşek (naxışlı qadın baş geyimi), jaulık (evli qazax qadınlarının baş geyimi), saukele, tütəbəyi (araqçın), kamzul, beldemşe, sinəliklər və məstlərin (içaq) daxil olduğu məlumdur.

Gənc qızlar, gəlinlər, orta yaşlı və yaşlı qadınlar üçün nəzərdə tutulmuş geyimlər formasına və bəzəklərinə görə dörd qrupa bölünmüşdür. Gənc qızlar üçün bədənə kip oturan geyimlər yaxalıqlı və qollu tikilmiş, ön hissəsi isə naxışlarla bəzədilmişdir. Yaşlı qadınlar üçün isə düyməsiz, geniş biçimli donlar hazırlanmışdır.

Fırfırlı və qırçınlı nazik donlar atlas, ağ parça, batist, neylon, şifon və kətandan tikilmişdir.

Üst geyimləri Üst geyiminin ən geniş yayılmış forması tunikaşəkilli biçimdə, çiyinləri tikişsiz və yaxası açıq olan xalat-şapan hesab edilmişdir. Şapanın heç bir düyməsi olmamış, o, çarpazlanaraq kəmərlə bağlanmışdır. Şapanın qolları enli olur, lakin manjetlərə doğru daralmış, qədim dövrlərdə isə olduqca uzun biçilmişdir. Köynəyin üzərindən parça astarlı və dizə qədər çatan nisbətən qısa şapan geyinilmişdir. Üst şapan isə sırınmış formada (Qazaxıstanın cənubunda şapanın içərisinə pambıq, şimalında isə dəvə və qoyun yunu qoyulmuşdur) və daha uzun hazırlanmışdır. Zadəganların bayram şapanları nazik mahuddan, məxmərdən, həmçinin Çin və ya Buxara ipəyindən hazırlanmışdır. Soyuq havalarda bir neçə şapan bir-birinin üzərindən geyinilmiş, varlı şəxslər isə hətta isti fəsillərdə belə bir neçə qat şapan geyinməklə öz üstünlüklərini nümayiş etdirmişlər.

Şapanların bir neçə növü mövcud olmuşdur:

Soyuq havalar üçün dəvə və ya qoyun yunundan hazırlanmış astarlı şapan — kupi; Dəvə yunundan hazırlanmış yüngül üst qolsuz — çekmen; Keçədən hazırlanan və müxtəlif bəzəklərlə bəzədilmiş kişi geyimi; İsti astarlı, sırınmış, aşağıya doğru genişlənən və xəzlə haşiyələnmiş şapanlar.

Emal edilmiş döblönkalar və xaricdən bahalı parça ilə örtülərək rənglənmiş kürklər geniş yayılmışdır (dərilərin boyanması üçün tozağacı və şam yarpaqlarından, xınadan, həmçinin rəvənd kökündən hazırlanan sarı-qırmızı rəngdən istifadə edilmişdir). Qalın və uzun iynələrlə, çarpaz tikişlərlə kaptama ton (paltonun üzərindən geyilən isti qış geyimi) tikilmiş və onun ətəyi xəzlə haşiyələnmişdir. Bir çox kürklərin üst hissəsi dayça və keçi dərilərindən hazırlanmışdır.

Baş geyimləri thumb|Çinin Sincan-Uyğur Muxtar Rayonunda papaqlı yaşlı qazax kişi.

Kişi baş geyimlərinə qulaqlı papaq (uşanka), qalpaq-börük, astarsız yüngül baş geyimi, naxışlarla işlənmiş araqçınlar (tütəbəyi), sırınmış və konusvari baş geyimləri, eləcə də digər növlər daxil edilmişdir. Ənənəvi kişi baş geyimi olan qalpaq qədim dövrlərdən bəri nazik ağ keçədən tikilmişdir. Ağ keçədən hazırlanan ucları iti qalpaq "ağ qalpaq", kənarları kəsikli və üstü yastı olan növü isə "ayır qalpaq" adlandırılmışdır. Yaz və payız aylarında qazaxlar kənarları mütləq heyvan dərisi ilə haşiyələnmiş hündür, oval formalı baş geyimləri (börük) geyinmişlər. Qışda üçqulaqlı tımaqdan istifadə olunmuşdur. Tımaq nümunələrinə Yeddisu və Sarı-Arka bölgələrində rast gəlinmişdir.

Yaşından və sosial vəziyyətindən asılı olmayaraq hamı tərəfindən daşınan universal kişi baş geyimi araqçın hesab edilmişdir. Araqçınlar həm pambıq (məsələn, satin), həm də ipək, məxmər və bu kimi müxtəlif parçalardan tikilmişdir. Onlar üst hissə ilə birlikdə sırınmış toxunma əsas üzərində hazırlanmış, davamlılığı təmin etmək üçün sıx tikişlərlə tikilmiş və ya kənarlarına karton və ya qalın kağız qoyulmuşdur. Araqçınlar zəngin naxışlarla, xüsusən də naxışlı tikişlərlə bəzədilmişdir. Oğlanların və gənclərin araqçınlarına ipək, qızıl və gümüş saplarla naxışlar vurulmuşdur. Digər baş geyimləri məhz araqçının üzərindən geyinilmişdir. Araqçın başda daimi olaraq saxlanılmış, hətta yatarkən belə çıxarılmamışdır.

Əsas yay baş geyimləri başa kip oturan, xəz haşiyəli, alçaq dördbucaqlı papaq olan börük və keçə qalpaq sayılmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində börük üst hissəsi bərabəryanlı üçbucaq formasında olan dar trapesiyaşəkilli dörd iti uclu kəmərdən tikilmişdir. Kəmərin bu cür biçimi börüyə özünəməxsus formasını vermişdir. Börüyün üst hissəsi yastı formada hazırlanmışdır. Bu hissə parçadan tikilmiş, üzəri mahud, plüş və məxmərlə örtülmüşdür. Börük daha qədim bir baş geyimi olan və ehtiyac yarandıqda kənarları qatlanan xəz qalpaqdan (yunu içəri tərəfə olmaqla) inkişaf edərək formalaşmışdır.