Xədicə Xatun və ya Bələdçi Xədicə () — Türkiyə İstiqlaliyyət müharibəsində Adana və ətraf bölgələrdə döyüşmüş xalq qəhrəmanı.

O, Birinci Dünya müharibəsindən sonra Adananı və ətrafını işğal edən Fransız qüvvələrinə qarşı verilən mübarizədə iştirak edib. 1920-ci ilin may ayında Pozantıda mühasirədə qalan Fransız birliklərinə "bələdçilik" etmək adı ilə onları Qüvayi-milliyə döyüşçülərinə əsir düşəcəkləri Qarboğazına gətirib. Bələdçi Xədicənin sayəsində 44 nəfərlik Qüvayi-milliyə qrupu, təxminən 700 nəfərdən ibarət təcrübəli Fransız birliyini tərksilah edərək əsir götürüb.

Qarboğazı basqını adlandırılan bu hadisə, Anadoluda fransızların hərbi müqavimətinin qırılmasında və Fransanın Türkiyə Böyük Millət Məclisi ilə saziş bağlamasına səbəb olan mühüm amillərdən biri olub. Həyatı Xədicə Xatun Gülək ilçəsinin Yaylaçukuru kəndindəndir. Atası Həsən Ağa, qardaşları isə Emin və Dərviş ağalar olub. Həyatı haqqında çox məlumat yoxdur, lakin Birinci Dünya müharibəsindən sonra yaşadığı bölgənin fransızlar tərəfindən işğal edildiyi dövrdə, Qarboğazı basqınındakı rolu ilə tarixə düşüb.

Fransa, Mudros müqaviləsindən sonra 17 dekabr 1918-ci il tarixində Mersini işğal etmişdi. Fransız işğalı başladığı zaman Toros dağlarının dik yamaclarında və keçid məntəqələrində, sayları və silah-sursatları az olsa da, Qüvayi-milliyə qüvvələri hakim idi və fransızların keçidinə böyük əngəl yaratmışdılar. Xədicə xanımın atası və qardaşları da Qüvayi-milliyəçi idilər. Fransız qüvvələri Gülək boğazını ələ keçirməyə cəhd edincə, fransızlarla Qüvayi-milliyəçilər arasında qarşıdurmalar başladı. Xədicə xanımın o vaxtlar 35 yaşında olduğu təxmin edilir.

Qüvayi-milliyənin müqaviməti nəticəsində fransızlar Toros dağlarında qala bilmədilər; Pozantı istisna olmaqla, Torosların bütün hissəsi fransızlardan azad edildi. Milli birliklər 1920-ci ilin aprelində 412 nömrəli fransız taborunun yerləşdiyi Pozantını mühasirəyə aldılar. May ayının əvvəlində mühasirədə olan fransız taboruna kömək üçün gələn fransız qoşunları uğursuzluğa düçar olub Adanaya qayıdarkən, Pozantıdakı tabor komandiri mayor Mesnilə bir yarma hərəkatı edərək Pozantıdan çıxmasını və dağ yolları ilə Mersinə çəkilməsini bildirən iltumatum göndərdi.

Mesnil, 1920-ci il mayın 25-dən 26-na keçən gecə taboru ilə birlikdə mühasirə halqasından çıxmağı bacardı. Dağ yolları ilə geri çəkilərkən Xədicə Xatun və Qumçu Vəliyə rast gələn Mesnil, Torosların dik dağları və dar keçidlərində hərəkət etmək üçün Qüvayi-milliyəçilərdən onlara bələdçilik etməsini istəyib. Xədicə xanım gecə vaxtı təxminən 1000 nəfərlik fransız işğal birliyinə yol göstərən bələdçilərdən biri olub. Lakin o, işğalçıları təhlükəsiz olacaqları yollardan keçirmək əvəzinə, Almalı boğazına gətirib.

Qarboğazının Dəlməli məzarlıq boğazı adlanan yerində mövqeyini tutmuş Qüvayi-milliyə qüvvələri onları gözləyirdi. Bələdçi Xədicədən gələn işarə ilə başlanan qarşıdurma, fransız işğalçı birliyinin rəhbəri mayor Mesnilin təslim olması ilə nəticələndi. 44 nəfərlik Qüvayi-milliyəçi qrupu fransız ordusunun xüsusi təlim keçmiş birliyini əsir götürdü.

Döyüşlərdə 200-ə yaxın fransız əsgəri öldürüldü; 1-i mayor olmaqla, 23 zabit və 650-yə yaxın əsgər təslim alındı. Əsirlərlə yanaşı, 2 top, 8 pulemyot, 1000-ə qədər tüfəng, 13 kadana (iri, güclü, cins at növü) və 90 qatır da qənimət götürüldü. Bu basqın xəbəri Çukurova Qərb bölgəsi komandiri Sinan Paşaya çatdırıldı. Sinan Paşa da öz növbəsində Mustafa Kamal Paşanı teleqramla bu hadisə haqqında məlumatlandırdı. Hadisədən xəbər tutan Mustafa Kamal Paşa qeyd olunan təqdir və təbrik mesajını göndərdi:

Basqın xəbəri, fransız işğalçı qüvvələrinin bölgəyə (Adana, Mərsin, Qaziantep, Şanlıurfa, Qəhrəmanmaraş) və Şərqi Aralıq dənizinə hakimiyyət planlarının pozulmasında, eləcə də işğalın sona çatmasında əsas rol oynadı. Bu hadisə Ankara müqaviləsində Türk tərəfinin daha üstün mövqedə olmasını təmin etdi.

Xatirəsi 1930-cu illərin ortalarında Adananın Atatürk Parkında "Qəhrəman Türk Qadını heykəli" ucaldılıb. Güləkli Xədicənin qəhrəmanlığını yaşadan bu abidəni Atatürk 19 noyabr 1937-ci il tarixində ziyarət edib.

Mərsin-Tarsus avtomobil yolu üzərində, Gülək qəsəbəsindən 7 kilometr məsafədə, basqının baş verdiyi yerdə ucaldılan Qarboğazı Qüvayi-milliyə abidəsi də Güləkli Xədicənin xatirəsini yaşatmaqdadır.

İstinadlar

Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar