Kəlsıra ( və ya Këlcyra) — Albaniyanın cənubunda, Vyosa çayının sahilində yerləşən şəhər və bələdiyyə.
Kəlsıra bələdiyyəsi, 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Ballaban, Dişnitsa, Kəlsıra və Suka adlı keçmiş bələdiyyələrin birləşdirilməsi nəticəsində yaradılmışdır və həmin ərazilər hazırda bələdiyyənin inzibati vahidləri sayılır. Bələdiyyənin inzibati mərkəzi Kəlsıra şəhəridir.
2011-ci ilin siyahıyaalınmasına əsasən bələdiyyənin ümumi əhalisi 6.113 nəfərdir. Bələdiyyənin ümumi sahəsi isə 304.86 km² təşkil edir. 2011-ci ildə keçmiş bələdiyyə olan mərkəzi inzibati vahidin əhalisi 2.651 nəfər idi.
Vyosa çayı şəhərin yaxınlığında Kəlsıra dərəsi kimi tanınan kanyon formalaşdırır.
İnzibati bölgüsü İnzibati vahidə Kəlsıra şəhəri və Fşat Kəlsıra, Suka, Dişnitsa, Mbrejdan, Maleşova, Limar, Toşkez, Ballaban, Tolar, Çorroqunya, Leskay və Kala kəndləri daxildir.Greece – Albania Neighbourhood Programme
Maleşova kəndi ənənəvi olaraq üç məhəllədən ibarətdir: onlardan biri xristian, biri müsəlman və biri də hər iki dinə mənsub ailələrin yaşadığı qarışıq məhəllədir.
Etimologiyası Bizansın "Suda" lüğətində qeyd olunur ki, romalılar dağ keçidlərindəki qalaları Kleisoúrai () adlandırırdılar. Bu, latın dilindəki cəm halda olan "clausura" sözünün orta əsr yunan dilindəki qarşılığıdır. İkinci termin (clausura) ilk dəfə imperator II Feodosinin 443-cü ildə verdiyi bir əmrdə qeydə alınmışdırsa, birinci terminə (kleisoúrai) Mavrikinin "Strateqikon" əsərində və Prokopi (VI əsrin əvvəlləri) ilə Feofilakt Simokattanın (VII əsrin əvvəlləri) əsərlərində rast gəlinir. VII əsrin sonlarına doğru bu termin daha böyük femalardan (inzibati ərazi) fərqlənən geniş sərhəd bölgələrini (Kleisoura) adlandırmaq üçün istifadə edilməyə başlandı. Bu xüsusi təkamüldən asılı olmayaraq, dağ keçidləri kleisoúrai adlandırılmağa davam etdi, lakin bəzən bu söz "süni şəkildə möhkəmləndirilmiş keçid" mənasında da işlənirdi.
Kleisoúra sözü nəhayət bütün Balkan xalqları tərəfindən mənimsənilərək bir çox yer adlarının kökünə çevrildi. Məsələn, Bolqarıstanda Klisura (Plovdiv vilayəti), Klisura (Blaqoevqrad vilayəti) və Klisura monastırı, Şimali Makedoniyada Klisura (Dəmir Qapı bələdiyyəsi), Yunanıstanda Kleysura (Kastoriya) və s. Kəlsıranın (Këlcyrë) adı da eyni kökdən gəlir; 1327-ci ildə Clausura və 1432-ci ilə aid Osmanlı vergi dəftərində Qlisura kimi qeydə alınmışdır. Yaxınlıqdakı dağ keçidi Kəlsıra dərəsi adlanır.
Tarixi Romalılara qarşı İkinci Makedoniya müharibəsi zamanı Makedoniyalı V Filipp və Afinaqorun qoşunları Roma konsulu Tit Kvinksi Flamininin qarşısını almağa cəhd etdilər. Makedoniyalılar keçidi nəzarətə götürmüş və e.ə. 198-ci ildə Romanın irəliləyişini dayandırmışdılar. Rəvayətə görə, bir çoban Roma qoşunlarına dağlardan keçən yolu göstərmiş, beləliklə onlar makedoniyalılara dar dərənin iki tərəfindən hücum edərək onları darmadağın edə bilmişdilər. Makedoniyalılar ilk dəfə bu cür həlledici şəkildə məğlub olmuşdular. Daha sonra romalılar müasir Kəlsıra dərəsindən keçən marşrutdan istifadə edərək burada kiçik bir yaşayış məskəni saldılar.Dictionary of Greek and Roman Geography (1854), William Smith, LLD, ed.
Bu keçidə nəzarət etmək üçün XIII əsrdə burada bir qala inşa edilmişdir. Şəhər XIII əsrin sonlarında Albaniya Krallığının tərkibinə daxil edildikdə, o, Muzaka ailəsi tərəfindən idarə olunurdu. Roma Kuriyasının alban zadəganları ilə yazışmaları göstərir ki, 1319-cu ildə buranı qraf Mentul Muzaka idarə edirdi. Şəhər Bizans ordusu tərəfindən tutulduqdan sonra, 1335-ci ildə alban əhalisi Bizans hakimiyyətinə qarşı üsyan etdi və şəhərin qalasını ələ keçirdi. 1432-ci ildə şəhər osmanlıları məğlub edərək bölgədən qovan alban üsyançıları tərəfindən tutuldu.
Türklərin bölgədə yenidən irəliləyişindən sonra XIX əsrdə burada bir saray (bəy sarayı) inşa edilmişdir. Bu dövrdə Kəlsıra Berat, Korça və Girokastra arasında əsas ticarət mərkəzi kimi özünün çiçəklənmə dövrünü yaşadı.
Yunan-İtaliya müharibəsi zamanı Kəlsıra keçidinin ələ keçirilməsi (6–11 yanvar 1941) Yunanıstan ordusunun ən vacib qələbələrindən biri olmuşdur.
Müasir dövr alt=Kəlsıra Şərqi Pravoslav Kilsəsinin görünüşü|right|250x250px Kəlsıra qalası şəhərin yaxınlığında yerləşən turistik bir məkandır. Dərədən keçən yol Kəlsıranı Tepelena və Albaniyanın digər mərkəzləri ilə birləşdirən əsas çıxış yoludur. Cənub istiqamətində yol paytaxt dairəsindəki Përmet (Permet) şəhərinə və oradan Yunanıstana doğru davam edir. Şimalda Berat istiqamətinə gedən yolun yalnız bir neçə kilometri asfaltlanmışdır və uzun məsafələrə hərəkət etmək olduqca çətindir. Kəlsıra ətrafında bir neçə qədim Şərqi Pravoslav kilsəsi mövcuddur.
Tanınmış şəxsiyyətləri Əli Kəlsıra (Ali Këlcyra) — siyasətçi. Seyfulla Maleşova (Sejfulla Malëshova) — yazıçı və siyasətçi, 1945-ci ildə Alban Yazıçılar və Rəssamlar Liqasının qurucusu. Vəli bəy Kəlsıra (Veli bej Këlcyra) — Albaniya İstiqlaliyyət Bəyannaməsini imzalayan şəxslərdən biri.
İstinadlar
Xarici keçidlər Girokastra Bölgəsi Səyahət Bələdçisi Kateqoriya:Albaniya şəhərləri