İran farscası (, ), Qərbi fars dili və ya sadəcə fars dili — İran İslam Respublikasında, qonşu ölkələrdə və dünyanın müxtəlif yerlərində yaşayan İran icmaları tərəfindən danışılan fars dilinin bir qolu. Bu dil fars dilinin digər variantları olan Əfqanıstanın dəri və Tacikistanın tacik dili ilə qarşılıqlı anlaşıqlı xüsusiyyətə malikdir. Dəri və tacik dilləri ilə müqayisə edildiyi zaman bu variant tez-tez sadəcə "farsca" (, ) adlandırılmışdır.
İran farscası İranda hakim və rəsmi dil hesab olunur. 2023-cü ilin məlumatlarına əsasən, 61,5 milyon nəfər bu dili ana dili kimi, 2021-ci ilin statistikasına görə isə 17,2 milyon nəfər ikinci dil kimi istifadə etmişdir.
Adlandırılması İranın milli dili fars və ya fars dili adları ilə yanaşı, akademik və xüsusi kontekstlərdə İran farscası, Qərbi fars dili və ya Qərb farscası kimi adlarla da tanınmışdır. Rəsmi səviyyədə İranın dövlət dili sadəcə "fars dili" (, ) olaraq müəyyən edilmişdir.Constitution of the Islamic Republic of Iran: Chapter II, Article 15: "The official language and script of Iran, the lingua franca of its people, is Persian. Official documents, correspondence, and texts, as well as text-books, must be in this language and script. However, the use of regional and tribal languages in the press and mass media, as well as for teaching of their literature in schools, is allowed in addition to Persian."
ISO kodu ISO 639-1 beynəlxalq dil kodlaşdırma standartı ümumilikdə fars dili üçün "fa" kodundan istifadə edir ki, bu da dilin yerli adlandırılmasına əsaslanır. Daha detallı olan ISO 639-3 standartı isə həm İran, həm də Əfqanıstanda danışılan dialektlər üçün "fas" kodunu tətbiq etmişdir. Bu təsnifata dəri və İran fars dili daxildir. İran fars dilini xüsusi olaraq fərqləndirmək üçün isə "pes" kodundan istifadə olunmuşdur.
Akademiyada 19 noyabr 2005-ci il tarixində Fars Dili və Ədəbiyyatı Akademiyası fars dilinin adlandırılması ilə bağlı rəsmi bəyanat yaymışdır. Akademiya xarici dillərdə "Persian" (ingilis), "Persisch" (alman), "Persa" (ispan), "Persan" (fransız) kimi terminlərin əvəzinə "Farsi" sözünün istifadə edilməsini qəti şəkildə rədd etmişdir. Akademiyanın bəyanatında aşağıdakı mühüm məqamlar vurğulanmışdır:
Fars dili əsrlər boyu müxtəlif mədəni, elmi və diplomatik sənədlərdə istifadə edildiyi üçün böyük tarixi və mədəni əhəmiyyət kəsb etmişdir. "Persian" adının "Farsi" ilə əvəz edilməsi bu tarixi varisliyə xələl gətirə bilər. "Persian" yerinə "Farsi" sözünün işlədilməsi bu dilin sanki yeni bir dil olduğu təəssüratını yarada bilər. Bu, bəzi dairələrin məqsədli şəkildə həyata keçirdiyi bir yanaşma kimi qiymətləndirilmişdir. Terminologiyanın bu cür dəyişdirilməsi "Farsi"nin ölkənin hakim və rəsmi dili yox, İranın müəyyən bir bölgəsində istifadə olunan lokal dialekt kimi qəbul edilməsinə yol aça bilər. "Farsi" sözü Qərb dillərində aparılan heç bir elmi tədqiqat və ya universitet sənədində istifadə olunmamışdır. Bu səbəbdən həmin terminin rəsmi dilin adı kimi təqdim edilməsi qeyri-müəyyənlik və şübhələr yarada bilər.
Sözügedən bəyanatın qəbulundan sonra dünya miqyasında müxtəlif qurumlar və ədəbi xadimlər tədricən bənzər mövqe nümayiş etdirmiş, bu yanaşmanı dəstəkləmişdilər.
Tarixi Müasir fars dilinin linqvistik təkamülünün əsas dinamikasını əhalinin yerdəyişməsi, müəyyən bölgələrin inkişafı və ideoloji təsirlərin artması kimi siyasi və sosial dəyişikliklər təşkil etmişdir. İranda, xüsusilə Səfəvilər dövrü (1501–1736-cı illər) ölkənin milli dilinə təsir göstərən bir sıra sosiolinqvistik dəyişikliklərin əsasını qoymuşdur. Bu, İranın Mərkəzi Asiya və Əfqanıstandan siyasi və ideoloji baxımdan ayrılmasını əks etdirmişdir. İranın paytaxtının dəfələrlə bir şəhərdən digərinə köçürülməsinin ölkə daxilindəki fars dilinin ləhcələrinə təsir göstərən xüsusi bir metropoliten sosiolektin inkişafına təkan verdiyi ehtimal olunmuşdur.
XII əsrin sonlarından XV əsrin sonları və ya XVII əsrin əvvəllərinə qədər İranda fars dilinin saitlər sistemi ixtisar olunmuş və Qərbi fars dili ləhcələrinin əksəriyyətində bəzi samitlər dəyişikliyə uğramışdır. Buna baxmayaraq, sözügedən dil xüsusiyyətləri Şərq ləhcələri olan dəri və tacik dillərində günümüzə qədər böyük ölçüdə qorunub saxlanılmışdır.
Türk-monqol istilaları dövründən başlayaraq Səfəvilər və ondan sonrakı türkdilli sülalələrin hakimiyyəti zamanı fars dili türkmənşəli bir çox leksik alınmalar qəbul etmişdir, lakin bu alınmaların miqdarı heç vaxt ərəb dilindən gələn sözlər qədər olmamışdır. Bununla belə, türk dillərinin güclü təsirinə məruz qalan Mərkəzi Asiyanın tacik ləhcələrindən fərqli olaraq, İran farscasında türkmənşəli alınma sözlər böyük ölçüdə azalmış və assimilyasiyaya uğramışdır. Bu proses Səfəvilər, Qacarlar və Pəhləvilər dövrünün siyasi reallıqlarını əks etdirmişdir.
Ümumilikdə, İranın Qərbi fars dili ləhcələrinin leksika və fonologiya baxımından Əfqanıstan və Mərkəzi Asiyada yayılmış Şərqi fars dilinin ləhcələrinə nisbətən daha sürətlə dəyişdiyi müşahidə olunmuşdur.
Digər variantlarla müqayisəsi İranın fars dili ləhcələri ilə digər bölgələrdəki ləhcələr arasında fonoloji, leksik və morfoloji fərqlər mövcuddur. Regional idiomatik ifadələr istisna olmaqla, İranın standart fars dili ilə Əfqanıstanın standart dəri dilinin yazılı formaları arasında əhəmiyyətli fərqlər müşahidə olunmamışdır. Bununla belə, İranda gündəlik danışıq dili olan fars dili, tələffüz və bəzi sintaktik xüsusiyyətlərinə görə Əfqanıstan və Mərkəzi Asiyada danışılan ləhcələrdən kəskin şəkildə fərqlənmişdir.
İstinadlar
Kateqoriya:İran dilləri Kateqoriya:İraq dilləri Kateqoriya:Fars dili