Ezekielin nəzəri () — Rafael Santi tərəfindən yaradılmış, təxminən 1518-ci ilə aid edilən, taxta üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Peyğəmbər Ezekelin Əzəmət içində Tanrı barədə görümünü təsvir edən əsər, hazırda Florensiya şəhərindəki tarixi Pitti sarayında fəaliyyət göstərən Palatina qalereyasında qorunur.
Tarixi
Corco Vazari əsərin, Bolonya şəhərində qraf Vinçenso Erkolaninin evində xatırlanmışdır: “Göydə Yupiter görnüşündə təsvir edilmiş Məsih və ətrafında Yezekelin təsvir etdiyi rəsmdə dörd İncil müəllifi — biri insan, digəri şir, biri qartal, o biri isə öküz görnüşündə; aşağı hissədə isə yer üzünü ifadə edən kiçik bir mənzərə. Bu əsər öz kiçik ölçüsünə baxmayaraq, rəssamın iri əsərləri qədər nadir və gözəldir.”
1510-cu ilin may ayında Erkolani tərəfindən Rafaelə 8 qızıl dukat ödənilməsi ilə bağlı sənədli qeyd mövcuddur. Lakin Passavantdan başlayaraq demək olar ki, bütün tədqiqatçılar bunun yalnız ilkin avans ödənişi olduğunu hesab etmişlər; çünki əsərin üslub xüsusiyyətləri Mikelancelo Buonarottinin "Yaradılış" freskası ilə sıx bağlıdır və bu səbəbdən onun 1516-cı ildən əvvəl yaradılması fikri qəbul edilmir.
Əsər ən geci 1589-cu ildən etibarən Florensiya şəhərində olmuş və ehtimal ki, Erkolaninin kiçik qardaşı tərəfindən I Françesko de Mediçiyə təqdim edilmişdir. O, əvvəlcə Uffitsi qalereyasında yerləşdirilmiş, 1697-ci ildə isə Böyük şahzadə Ferdinandonun Pitti sarayındakı mənzilində xatırlanmışdır. 1799-cu ildə əsər fransızlar tərəfindən oğurlanmış və 1816-cı ilədək Paris şəhərində saxlanılmışdır.
Qısa bir dövr ərzində əsər, müəllimi Rafaelin eskizi əsasında işlənmiş nümunə kimi Culio Romanoya aid edilsə də, son tədqiqatlar onun tam şəkildə Rafaelin avtoqraf əsəri olduğunu təsdiqləmişdir. Əsərin tarixi əsasən 1516–1518-ci illər arasında müəyyən edilir.
Əsər daha çox 1518-ci ilə aid edilir və "X Levin iki kardinalla portreti" ilə birlikdə Rafaelin tamamilə öz əli ilə yaratdığı son əsərlərdən biri hesab olunur. Həmin dövrdə rəssam Vatikandakı Müqəddəs Pyotr bazilikası üçün memarlıq layihələri, Vatikan otaqları və Sikstin kapellası üçün hazırlanmış qobelenlər də daxil olmaqla çoxsaylı sifarişlərlə məşğul idi. Bununla belə, əsərin kiçik ölçüsü onun emalatxana köməkçilərinin dəstəyinə ehtiyac olmadan işlənməsinə imkan vermiş ola bilər.
2011-ci ildə əsər mediada geniş rezonans doğuran bir mübahisənin mərkəzinə çevrilmişdir. Tədqiqatçı Roberto De Feo Ferrara şəhərindəki şəxsi kolleksiyada eyni mövzuda və oxşar ölçülərə malik başqa bir nümunə aşkar etmişdir. Heç bir ehtiyatlı atribusiya aparılmadan Ferrara nümunəsinin orijinal olduğu, Pitti sarayında saxlanılan və sənədlərlə yaxşı təsdiqlənmiş əsərin isə surət olduğu barədə xəbərlər yayılmışdır. Bu iddialar çoxsaylı mətbuat orqanlarında sürətlə geniş yayılmış, hətta bəzi nəşrlər Uffitsi qalereyasının “saxta” adlandırılan əsəri nümayiş etdirməyə davam etməsini mübahisə mövzusuna çevirmişdir. Məsələ tədqiqatçının Dei Linçei Akademiyası qarşısında təqdim etdiyi hesabatla yekunlaşmışdır, lakin həmin mövqe incəsənət tənqidçiləri arasında dəstək qazanmamışdır. İncəsənət tarixi sahəsində qalmaqalların süni şəkildə yaradılması mexanizmləri və artıq tez-tez rast gəlinən “Den Braunvari” sensasiya “kəşflər” fenomeni Tomaso Montanari tərəfindən yazılmış "La madre dei Caravaggio è sempre incinta" (2012) adlı qısa essedə təhlil edilmişdir.
Təsviri və stili
Ezekielin kitabında tetramorf görümü təsvir olunur; dörd İncil müəllifinin simvolları da məhz bu görümə əsaslanır. Rafael aşağı hissədə işıq şüası ilə işıqlanan kiçik fiqur vasitəsilə Ezekielə yalnız zəif bir işarə etmiş, əsas diqqəti isə səmada Tanrının parlaq təcəllasına yönəltmişdir.
Kompozisiyada Tanrı iki putto tərəfindən qaldırılmış açıq qollarla təsvir edilmişdir; onun ətrafında isə Müqəddəs Matfeyin mələyi, Müqəddəs Markın şiri, Müqəddəs Lukanın qanadlı öküzü və Müqəddəs İohannın qartalı yerləşdirilmişdir.
Səhnənin kompozisiyasının Villa Mediçidə saxlanılan və Parisin mühakiməsini təsvir edən Roma sarkofaqı relyefindən ilhamlandığı ehtimal olunur; həmin relyefdə ilahi varlıq başqa bir obyektin üzərində havada süzən vəziyyətdə göstərilmişdir. Xüsusilə lövhəni bürüyən işıq parıltıları diqqəti cəlb edir; buludlarla eyni maddi quruluşa malik kimi təsvir edilən saysız-hesabsız keruvim fiqurları da həmin işıq kütləsi içərisində seçilir.
Adi perspektiv qanunlarını aşan kompozisiya quruluşu xüsusilə orijinal xarakter daşıyır; burada ənənəvi perspektiv əvəzinə quş uçuşu baxış bucağından təsvir edilmiş mənzərə təqdim olunmuşdur. Kompozisiyada dəniz və ya göl sahilini xatırladan dar bir torpaq zolağı görünür, uzaqda yerləşdirilmiş ağac isə məkan dərinliyini müəyyən edən ölçü elementi kimi çıxış edir. Bu incə torpaq zolağı üzərində iki kiçik fiqur təsvir edilmişdir: onlardan biri işığa qarşı işıqlanan boşluqda dayanır, digəri isə ehtimal ki, halə ilə onun istiqamətinə doğru hərəkət edir. Bu fiqurların bəzən Ezekiel və Patmos adasında vəhy almış Həvari Yəhya kimi yozulduğu qeyd olunur.
Əsərin yüksək bədii keyfiyyəti, kompozisiyanın möhtəşəm quruluşu, Əbədi Atanın ayaqlarının cəsarətli rakursda təsviri və 1984-cü ildə aparılmış reflektoqrafik tədqiqat zamanı aşkar edilmiş boya qatının altındakı hazırlıq rəsmi ilə tam uyğunluğu onun şübhəsiz şəkildə Rafaelin avtoqraf əsəri olduğunu göstərir.
İstinadlar
Ədəbiyyat Pierluigi De Vecchi, Raffaello, Rizzoli, Milano 1975. Paolo Franzese, Raffaello, Mondadori Arte, Milano 2008. ISBN 978-88-370-6437-2
Xarici keçidlər
Kateqoriya:Rafael Santinin rəsm əsərləri Kateqoriya:1518-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Palatina qalereyasındakı rəsm əsərləri Kateqoriya:Əhdi-Ətiq mövzularında rəsm əsərləri Kateqoriya:Yevangelistlərin təsvir edildiyi rəsm əsərləri Kateqoriya:Yəhudi Bibliyası mövzularında rəsm əsərləri Kateqoriya:Mələklər incəsənətdə Kateqoriya:Yəhudi Bibliyası personajlarının təsvir edildiyi əsərlər