Aşıq Faxfur Ağbabalı () — Azərbaycan aşıq sənətinin Qərbi Azərbaycan aşıq mühitinə mənsub nümayəndələrindən biridir. O, Ağbaba aşıq mühitinin davamçısı, ustad aşıq İsgəndər Ağbabalının oğludur. Onun fəaliyyəti şair-aşıq, ifaçılıq, həm də pedaqoji və mədəni-maarif sahəsində Azərbaycan aşıq sənətinin qorunması və inkişafına xidmət etmişdir.
O, xüsusilə Ağbaba–Çıldır bölgəsinin folklor ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində tanınmışdır.
Həyatı Faxfur Ağbabalı 1956-cı ildə indiki Ermənistan Respublikasının Ağbaba mahalında anadan olmuşdur. Atası İsgəndər Ağbabalı bölgənin tanınmış ustad aşıqlarından biri idi. Faxfur uşaqlıqdan atasının yanında saz çalmağı öyrənmiş və gənc yaşlarda öz dəstəsi ilə Ağbaba kəndlərində müxtəlif el məclislərində və folklor tədbirlərində iştirak etmişdir.
O, Bakı şəhərində N. K. Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunun (indiki Bakı Mədəni-Maarif Texnikumu) "Mədəni-maarif" şöbəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Ağbaba mahalında kənd klubuna rəhbərlik etmiş, mədəni tədbirlərin təşkili və aşıq sənətinin təbliği ilə məşğul olmuşdur. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunandan sonra ailəsi ilə Bakıya köçmüş və burada Adil İsgəndərov adına Mədəniyyət Evində saz kursları təşkil etmişdir.
Yaradıcılığı Faxfur Ağbabalı klassik Azərbaycan aşıq havalarının mahir ifaçısıdır. Repertuarına "Bayatı", "Gəraylı", "Qurbani", "Dəmirçi Musa", "Koroğlu" və s. kimi havalar, eləcə də Ağbaba mühitinə xas "Tırınqı" və "Nanaylar" daxildir. O, ustad aşıqlardan öyrəndiyi nadir havaları qoruyaraq gənc nəsilə ötürməkdədir. O, həm də şair-aşıq kimi tanınır. Onun şeirləri əsasən Qərbi Azərbaycan aşıq mühitinin poetik ənənələrini əks etdirir. Mövzular arasında: kənd həyatı, məhəbbət, vətənpərvərlik motivləri geniş yer tutur.
Onun yaradıcılığında Qərbi Azərbaycan aşıq ənənələri və Ağbaba bölgəsinə xas poetik obrazlar mühüm yer tutur. Bu ifalar həm musiqi, həm də mədəni və mənəvi yaddaşın qorunması baxımından qiymətlidir.
Pedaqoji və ictimai fəaliyyəti Aşıq Faxfur Ağbabalı gənc aşıqlara saz ifaçılığını, havaların texniki xüsusiyyətlərini və aşıq sənətinin estetik dəyərlərini öyrətmişdir. O, müxtəlif mədəni tədbirlərdə və folklor festivallarında iştirak etmişdir. 2024-cü ildə Azərbaycan Aşıqlar Birliyinin "Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı" layihəsində iştirak etmiş, ifaları qeyd olunaraq sənədləşdirilmişdir. "Qərbi Azərbaycan Musiqi Folkloru İncilərinin Toplanması"layihəsində Ağbaba aşıq mühitinə məxsus "Xoşdamağı" havası isə nota alınmışdır.
Əhəmiyyəti Aşıq Faxfur Ağbabalı Azərbaycan aşıq sənətində Qərbi Azərbaycan məktəbinin qorunması və inkişafında mühüm rol oynamışdır. Onun fəaliyyəti ifaçılıq və pedaqoji sahələri əhatə edir və xüsusilə Ağbaba bölgəsinin aşıq irsi haqqında tədqiqat aparan alimlər üçün dəyərli mənbədir. Onun fəaliyyəti Azərbaycan aşıq sənətinin qorunması və yaşadılması baxımından əhəmiyyətli hesab olunur. Tədqiqatlarda onun adı Ağbaba aşıq mühitinin nümayəndələri sırasında qeyd edilir.
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər