thumb|240px|1000-ci il civarında Vestfaliyanın Saksoniyanın qərb hissəsindəki coğrafi mövqeyi.

Vestfaliya () — Qərbi Avropada, Reyn və Vezer çaylarının arasında yerləşən tarixi region. Hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağının tərkib hissəsidir və bura Arnsberq, Detmold və Münster inzibati dairələri daxildir.

Coğrafiyası

Vestfaliya, Rur çayının töküldüyü Aşağı (şimali) Reyn regionu ilə birbaşa əlaqəlidir. Landşaftı əsasən düzənlikdir. Vestfaliya ərazisi məşhur Rur hövzəsini də öz daxilinə alır. Tarixi baxımdan, şərqdə Vestfaliya torpaqları Aşağı Elba çayına qədər uzanırdı (baxmayaraq ki, Vezer və Elba çaylarının arasında həmçinin Ostfaliya regionu da yerləşirdi). Vestfaliyanın qərbində Lotaringiya, cənubunda isə Hessen və daha qədim dövrlərdə Frankoniya mövcud idi. Şimal dənizindən isə Vestfaliyanı Niderland və daha əvvəlki dövrlərdə Friziya krallığı ayırırdı.

Tarixi

thumb|240px|Erkən Orta əsrlər dövründə Vestfaliya torpaqlarında saksların tayfa ittifaqı (Saksoniya) yerləşirdi.

Vestfaliya ərazisində məşhur fıstıq ağaclarından ibarət olan Tevtoburq meşəsi yerləşirdi. Bizim eranın 9-cu ilində Armininin rəhbərlik etdiyi alman könüllü dəstələri bura daxil olan Roma ordusunu Tevtoburq meşəsi döyüşündə ağır məğlubiyyətə düçar etmişdir. Sonradan bu torpaqlar Saksoniya tayfa hersoqluğunun tərkibinə daxil olmuşdur. 772-ci ildə Frank imperatoru Böyük Karl Frankoniyanın Vorms şəhərində keçirilən məclisdən sonra Vestfaliya ərazisinə yürüş edərək Saks müharibələrini başlatmışdır. Saksların bütpərəst ziyarətgahı olan İrminsul dağıdılmış və sakslar tabe olduqlarını bildirmişdirlər. Lakin 782-ci ildə Süntel döyüşü baş vermiş və sakslar franklar üzərində qələbə qazanmışdırlar. Bundan qəzəblənən Böyük Karl saks-vestfal ağsaqqallarına qarşı Verden qırğınını törətmişdir. Bunun ardınca isə Haze yaxınlığında döyüş baş vermişdir.

Böyük Karlın imperiyasının 843-cü ildə bölünməsindən sonra Saksoniya hersoqluğu Şərqi Frank krallığının tərkibinə daxil olmuşdur. Quşbaz Henrixin (Vestfaliyalı Matildanın həyat yoldaşı) dövründə Saks sülaləsi (ostfallar) Almaniya krallığına rəhbərlik etməyə nail olmuşdur. Sonrakı dövrlərdə saks və frankon sülalələri mərkəzi Axen şəhəri olan və Müqəddəs Roma İmperiyasına çevrilən Almaniya üzərində hegemonluq naminə mübarizə aparmışdırlar. 1127-ci ildə frankon baronlarının dəstəyi ilə Şvabiya mənşəli Hohenştaufen sülaləsi Almaniya tacını əldə etmişdir. Kral I Fridrix Barbarossanın hakimiyyətə gəlişindən sonra, 1180-ci ildə Saksoniya hersoqluğu ləğv edilmiş və onun qərb hissəsində Vestfaliya hersoqluğu yaradılmışdır.

Vestfaliyanın siyasi həyatına öz statusuna görə həm də Vestfaliya hersoqu titulunu daşıyan Köln arxiyepiskopları güclü təsir göstərirdilər.

Vestfaliyada ən dramatik hadisələr Reformasiya illərində, anabaptistlərin burada Münster kommunasını təsis etdiyi dövrdə (1534–1535) baş vermişdir. Təriqətçilərə Leydenli İohan rəhbərlik edirdi. Kommuna yatırıldıqdan sonra Vestfaliyada hakimiyyət Frants fon Valdekin rəhbərlik etdiyi Münster yepiskopluğuna keçmişdir. Roma katolisizmi, o cümlədən yezuitlərin köməyi sayəsində bu torpaqda öz nüfuzunu hifz edib saxlaya bilmişdir.

thumb|220px|Vestfaliya krallığı (Reyn ittifaqı xəritəsində).

1648-ci ildə Münster şəhərində katoliklər ilə protestantlar arasındakı Otuzillik müharibəyə son qoyan məşhur Vestfaliya sülhü imzalanmışdır.

1803-cü ildə Vestfaliya hersoqluğu ləğv edilmiş və Hessenə birləşdirilmişdir.

Fransız qoşunlarının hücumundan sonra, 1807-ci ildə rəhbərliyinə Jerom Bonapartın gətirildiyi Vestfaliya krallığı yaradılmışdır. Bu yeni Fransa dominionu Reyn ittifaqının bir hissəsinə çevrilmişdir. Vestfaliyanın ərazisi Elba çayına (Ostfaliya) qədər uzanırdı və Hesseni də əhatə edirdi. Krallığın paytaxtı Kassel şəhəri olmuşdur. Vestfaliyada fransız nümunəsinə müvafiq inzibati islahatlar aparılmış, kəndlilər təhkimçilikdən azad edilmiş, yəhudilər isə bərabər hüquqlar qazanmışdılar. Ordunun əsasını hessenlilər təşkil etsə də, ali komandanlıq postlarında fransızlar dayanırdı. General Vandamın komandanlığı altındakı VIII ordu korpusu (Vestfaliya korpusu) Napoleonun 1812-ci ildə Rusiyaya etdiyi yürüşdə iştirak etmiş, lakin bu korpus Leypsiq yaxınlığındakı döyüşdə tamamilə darmadağın edilmişdir.

Napoleon Bonapartın məğlubiyyətindən sonra, 1815-ci ildə Vestfaliya Vestfaliya əyaləti statusunda Prussiyanın tərkibinə daxil olmuşdur.

Üçüncü Reyx illərində Vestfaliya ərazisində yerləşən Vevelsburq qəsri SS qoşunlarının mərkəzi rolunu oynayırdı.

1946-cı ildə paytaxtı Düsseldorf şəhəri olan müasir Şimali Reyn-Vestfaliya federal torpağı təsis edilmişdir.

İstinadlar

Həmçinin bax

Şimali Reyn-Vestfaliya Vestfaliya sülhü

Kateqoriya:Vestfaliya