thumb|Ədirnəqapı şəhidliyindəki məzarı.|200px Cəlaləddin Van Tsin Şan () – Türkiyədə yaşamış çinli alim və restoran sahibi. Türkiyədə ilk Çin restoranını açmışdır.
Həyatı və karyerası 1903–1955 Van 1903-cü ildə Çinin Sıçuan əyalətində müsəlman çinli ailəsində doğulmuşdur. Pekin Universitetində təhsil alarkən ərəb və türk dillərinə maraq göstərmişdir. Təhsilini davam etdirmək üçün 1928-ci ildə İstanbula gəlmişdir. İstanbul Darülfünunda tarix təhsili almış və 1931-ci ildə məzun olmuşdur. Daha sonra Çinə qayıtmış və deputat olaraq siyasətə atılmışdır. 1935-ci ildə Çan Kayşi hökuməti tərəfindən Orta Şərqdə yerləşən müsəlman ölkələrinə göndərilmiş nümayəndə heyətinə başçılıq etmişdir. Üç il sonra müxtəlif regionlara edilən səfərlərdə Çini təmsil etməyə davam etmişdir. 1938-ci ildə bir müddətliyinə İstanbula qayıtmışdır.
Van Çin hökumətində yüksək vəzifələri tutmuş və Çan Kayşi hökumətinin 1949-cu ildəki ləğvinə qədər Türküstanda işləmişdir. Çindəki siyasi vəziyyət səbəbilə ailəsi və 200 əsgərlə birlikdə ölkəsini tərk etmişdir. Həyat yoldaşı və uşaqları ilə birlikdə Himalay dağlarına doğru iki ay davam edən səyahətə çıxmış və Pakistana çatmışdır. Burada 6 il yaşasa da, 1955-ci ildə Pakistan ÇXR-ni tanıdığı üçün ölkəni tərk etməyə məcbur olmuşdur. Səyahəti zamanı məktublaşdığı türkoloq Əhməd Zəki Vəlidi Toğan onu İstanbul Universitetində sinologiya kafedrasını qurmağa dəvət etmiş və o, ailəsi ilə birlikdə 1955-ci ildə İstanbula gəlmişdir.
1955–1961 Van ailəsi əvvəlcə İstanbulun Aksaray məhəlləsində yerləşən Horhor küçəsində, daha sonra Feriköydə yaşamışdır. Daha sonra Taksimdə yerləşən Aydede küçəsinə köçmüşdürlər. O, Çin dili müəllimliyi ilə məşğul olsa da, ailəsinə baxmaq üçün kifayət qədər pul qazana bilmirdi. Dostlarının köməyi ilə türküstanlı iş adamı ilə tərəfdaşlıq qurmuş və 1957-ci ildə Cağaloğlu məhəlləsində Türkiyənin ilk Çin restoranını açmışdır. Əvvəlcə işlər yaxşı getsə də, tərəfdaşı universitetdəki vəzifəsini əsas gətirərək onu rəsmi tərəfdaş kimi tanımaq istəməmiş və tərəfdaşı ilə münasibətləri pisləşmişdir. Onların tərəfdaşlığı cəmi 1 həftə davam etmişdir. Daha sonra keçmiş deputat Kahraman Arıklı və bələdiyyə üzvü İhsan Bingülerin verdikləri pulla 10 oktyabr 1957-ci ildə Taksimdə yerləşən Lamartin küçəsində öz Çin restoranını açmış və həyat yoldaşı Fatma Vanla işlətməyə başlamışdır.
Van restoran işlətməyə davam edərkən akademik karyerasına davam etmişdir. Onun Çin dilini öyrənən tələbələri bu dilin Türkiyədəki ilk mühazirəçiləri olmuşdurlar. Quranı Çin dilinə tərcümə etmiş, lakin tərcümənin olduğu çantanı itirmişdir. Məqalələr dərc etdirmiş və kitab yazmışdır. "İslam Tədqiqatları İnstitutu Jurnalı"nda "Çində islam" (1958) adlı məqaləsi yayımlanmışdır. 18 yanvar 1961-ci ildə İstanbulda ürək tutmasından ölmüş və Ədirnəqapı şəhidliyində dəfn olunmuşdur.
Şəxsi həyatı Səkkiz övladı olmuşdur: Makbulə, İsa, Həlimə, Rosi, Fəridə, Nəriman, Qurban, Səadət. Övladlarından üçünü fransız məktəbinə, birini alman məktəbinə, üçünü ingilis məktəbinə və birini italyan məktəbinə göndərmişdir. İsa Van atasının qurduğu restoranı 2000-ci illərin əvvəlinə qədər idarə etməyə davam etmişdir. Qızı Rosi Van Malayziyaya köçmüş və atası kimi akademik karyera qurmuşdur. O, Çin müsəlmanları və Çin diasporu araşdırmalarına görə tanınır. Ən böyük övladı Makbulə Tayvana köçmüş və tayvanlı türkologiya professoru ilə evlənmişdir.
İstinadlar