Sudet vilayəti (Sudetenland; , , ) — Çexiyanın şimal və qərbində yerləşən, adını Sudet dağlarından götürmüş tarixi vilayətdir. 1945-ci ilə qədər Sudet almanlarının yığcam şəkildə yaşadıqları ərazi olmuşdur.
Erkən tarix
"Sudet vilayəti" termini XX əsrin əvvəllərində etnik almanların məskunlaşdığı Sudet dağları regionundakı ərazinin adı kimi meydana gəlmişdir. Bu region Avstriya-Macarıstan ərazisinə daxil idi və Alp dağları ilə Balkanlardakı oxşar ərazilərlə yanaşı, ölkədə almanların yığcam şəkildə yaşadıqları üç əsas regiondan biri hesab olunurdu.
Birinci Dünya müharibəsinin nəticələrinə görə Avstriya-Macarıstan imperiyası bir sıra müstəqil dövlətlərə parçalanmış və Sudet vilayəti 1918-ci ilin oktyabr ayının sonunda elan edilmiş Çexoslovakiyanın tərkibinə keçmişdir; çünki bu ərazi tarixi baxımdan Bohemiya krallığının ayrılmaz bir hissəsi idi. Lakin region əhalisinin mühüm bir hissəsini təşkil edən Sudet almanları gələcəyini vahid alman dövlətinin tərkibində görən imperiyanın digər bir parçasına — Almaniya Avstriyasına (sonradan bu ərazidə Avstriya respublikası yaradılmışdı) birləşmək istəyirdilər. Çexoslovakiyanın yeni formalaşmış torpaqlarında, əsasən alman əhalinin üstünlük təşkil etdiyi və Sudet vilayətinin də daxil olduğu dırnaqarası Almaniya Bohemiyası ərazisindəki bu cür separatçı meyllər 1918-ci ilin sonlarında Çexoslovakiya qoşunları tərəfindən yatırılmışdır.
Nəhayət, Çexoslovakiyanın Sudet vilayətini də əhatə edən sərhədləri daxilindəki müstəqilliyi 1919-cu ilin payızında imzalanmış Sen-Jermen sülh müqaviləsi ilə təsdiq edilmişdir. Buna baxmayaraq, sonrakı onilliklər ərzində Sudet almanları bu vəziyyətlə tam olaraq barışmamışdılar; öz torpaqlarının Çexoslovakiyadan ayrılaraq ardınca Almaniyaya birləşdirilməsi ideyası regionun radikal millətçi təşkilatlarının dairələrində öz aktuallığını itirməmişdir.
Sudet böhranı
1938-ci ildə nasistyönümlü "Sudet Alman Partiyası" Çexoslovakiyanın Almaniya ilə sərhədyanı rayonlarında irimiqyaslı iğtişaşlar törətmiş və Üçüncü Reyx rəhbərliyindən kömək istəmişdir. Bu hadisə Reyx kansleri Hitlerə 1938-ci il fevral ayında Reyxstaqa müraciət edərək "Çexoslovakiyadakı alman soydaşlarının dəhşətli yaşam şəraitinə diqqət yetirməyə" çağırmaq üçün zəmin yaratmışdır. Almaniya–Çexoslovakiya sərhədinə Vermaxt hissələrinin yeridilməsinə başlanılması Fransa və SSRİ tərəfindən etirazlara səbəb olmuşdur. Böyük Britaniya baş qaldıran münaqişədə vasitəçi olmaq üçün cəhd göstərmiş və Çexoslovakiyaya xüsusi diplomatik missiya göndərmişdir.
Münaqişənin həlli diplomatik müstəviyə keçmişdir. Çexoslovakiya ərazisinin toxunulmazlığının qarantı statusuna malik olan Fransa və Böyük Britaniya, Almaniya ilə aparılan danışıqlarda onun Çexoslovakiyaya qarşı silahlı hücumunun qarşısını hər nəyin bahasına olursa-olsun almaq məqsədilə ardıcıl güzəştlərə getmişdilər; çünki belə bir hücum baş verəcəyi təqdirdə onlar Almaniyaya müharibə elan etmək məcburiyyətində qalacaqdılar. Tarixə "təcavüzkarı sakitləşdirmə siyasəti" adı ilə daxil olan bu xəttin nəticəsi 30 sentyabr 1938-ci ildə imzalanan Münhen sazişi olmuşdur. Almaniya, İtaliya, Böyük Britaniya və Fransa nümayəndələri tərəfindən imzalanmış müqaviləyə əsasən, oktyabrın əvvəlində Sudet vilayəti Üçüncü Reyxin tərkibinə keçmiş və Vermaxt qoşunları dərhal bu əraziyə daxil olmuşdur.
1945-ci ilə qədər vilayətin ərazisində mərkəzi Liberets (Reyxenberq) şəhəri olan bir Reyxsqau mövcud idi. Onun bəzi rayonları Bavariyanın və keçmiş Avstriyanın tərkibinə verilmişdi.
Müharibədən sonrakı tarix
İkinci Dünya müharibəsindən və Çexoslovakiyanın müstəqilliyinin bərpa edilməsindən sonra, ölkə prezidentinin imzaladığı Beneş dekretlərinə əsasən, regionda yaşayan etnik almanların böyük əksəriyyəti deportasiya olunmuşdur. Onların yerinə bu torpaqlara ölkənin digər etnik qruplarının nümayəndələri, ilk növbədə çexlər köçürülmüşdür.
Müasir dövrdə, tarixi baxımdan ilk növbədə etnik məna kəsb edən "Sudet vilayəti" anlayışından istifadə edilmir.
İstinadlar
Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Avropa regionları Kateqoriya:Sudet vilayəti Kateqoriya:İkinci Dünya müharibəsində işğal olunmuş ərazilər Kateqoriya:1938-ci ildə Almaniya Kateqoriya:1945-ci ildə Almaniya Kateqoriya:Almaniya Avstriyası Kateqoriya:Almaniya İkinci Dünya müharibəsində Kateqoriya:Almaniya şəxsləri Kateqoriya:Almaniyanın coğrafi tarixi Kateqoriya:Almaniyanın tarixi vilayətləri Kateqoriya:Çexoslovakiya İkinci Dünya müharibəsində Kateqoriya:Çexoslovakiyada siyasət Kateqoriya:Holokost Kateqoriya:İkinci Dünya müharibəsində işğal olunmuş ərazilər Kateqoriya:İkinci Dünya müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:Moraviya tarixi Kateqoriya:Nasist Almaniyası Kateqoriya:Nasizm Kateqoriya:Ölkələrinə görə keçmiş inzibati vahidlər Kateqoriya:Polşa coğrafiyası Kateqoriya:Polşa tarixi Kateqoriya:Sudet vilayəti Kateqoriya:Yerlərinə görə Almaniya tarixi Kateqoriya:Çexoslovakiya–Almaniya münasibətləri