Türk xalqları mifologiyasında su əyəsi Su əyəsi türk mifoloji düşüncəsində geniş yayılmış obrazdır. C.Bəydili "qədim türk yazılı abidələrində "idi" şəklində "sahib" mənasında rast gəlinən və Azərbaycan dilinin müxtəlif dialektlərində "yiyə", "əyə" variantları olan bu sözün çağdaş türk ləhcələrindən "ezi", "ie", "ee", "ie", "i", "iye", "eye", "iya", "ee", "eqa", "eqə", "iqe", "ize", "is", "issi", "iyqa", "ikə", "iççi" şəkillərində işləndiyini göstərir.Bəydili (Məmmədov) C. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. Bakı: Mütərcim, 2007, səh.174

V.N.Basilov yazır ki, hərfi mənada "sahib" anlamında olan "ee", "iya", "iyə", "iə", "eya" Volqaboyu, Orta Asiya, Şimali Qafqaz, Qərbi Sibir, Altay və türk xalqlarının mifologiyasında həmişə hər hansı bir yerlə bağlı ruhların adıdır.Басилов В.Н. Эе / Мифы народов мира. В 2-х томах. Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982

V.N.Basilov su iyələri haqqında göstərir ki, bunlar «ee» ruhlarının bir növü olub, Kazan və Qərbi Sibir tatarları, qazaxlar və başqırdların mifologiyasında antropomorf şəkildə, yəni insan görkəmində təsəvvür olunan ruhlar – su sahibləridir. Kazan və Qərbi Sibir tatarlarında kişi su iyələri ilə (su babası) qadın su iyələri (su anası) fərqləndirilmişdir. Bəzən də su iyəsi su anası, yaxud su babasının başqa adı kimi başa düşülmüşdür. Başqırdların təsəvvürlərinə görə, su iyələri suda ailələr şəklində yaşayır və onlar çox varlıdırlar. Onların imarətinin girişi suyun dibində, daşın altındadır. Onlar insana heç bir zərər vermirlər.Басилов В.Н. Су иясе / Мифы народов мира. В 2-х томах. Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982, с. 474 V.N.Basilov su anası haqqında türk xalqlarında olan təsəvvürləri ümumiləşdirərək deyir ki, o, Kazan, Qərbi Sibir tatarları, tatar-mişarlar, qumıqlar, qaraçayların mifologiyasında su ruhudur.

Su əyəsi obrazının təsviri Su anası tatarlarda insan görkəmində təsəvvür olunan su iyəsi ruhlarının bir növüdür. Su anasının su babası adlanan əri və uşaqları var. Həmin uşaqları da bəzən su iyəsi adlandırırlar. Su anası gecə yarısı suyun üstündəki körpüyə çıxıb uşaqlarını yuyundurur. Adamlar su anasını o, çayın sahilində oturub albastı kimi öz saçlarını şana ilə darayanda görürlər. Belə hesab edilirdi ki, su anası quraqlıq, xəstəlik yollaya bilər, insanı suda boğa bilər. Ona görə də ər evindəki təzə gəlin ilk dəfə su üstünə gedəndə su anasına hədiyyə olaraq qəpik atır. Su anası Tobol tatarlarında insanın ayağından tutub suya dartan şər ruhlar – su pərilərinin başçısı sayılmışdır. Tobol tatarları onu uzun, ağ, pırtlaşıq saçları olan qarı görkəmində təsəvvür edirdilər. Bu qarının adi atributları qızıl vedrə, yaxud qızıl şanadır.Басилов В.Н. Су анасы / Мифы народов мира. В 2-х томах. Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982, с. 471 Su əyələri bəzən balıq, bəzən insan, bəzən də yarı insan, yarı balıq şəklində təsvir olunur. İnsanın münasibətindən, davranışından asılı olaraq, su əyəsi xeyirxah və bəd ruhlu ola bilər.

Azərbaycan folklor mətnlərində su əyəsi Azərbaycan xalqınının mifoloji yaddaşında əyələr haqqında çoxlu maraqlı mətnlər vardır. Həmin su əyəsi obrazının xarakterik cizgilərini öyrənmək mümkündür.

Qərbi Azərbaycanın Ağbaba mahalına aid mifoloji mətnlərdə ağac əyəsi, dəyirman əyəsi, su əyəsi ilə bağlı inanclar vardır. Mətndə su əyəsi balıq şəklində təsvir olunur, onu tutan balıqçılara qəzəbləndiyi üçün onların gözlərini kor edir: "Bir dəfə iki nəfər şər qarışan vaxtı balıx tuturmuş. Birdən tilova bir balıx düşür. Əmə balıx elə betər səs çıxardır ki, elə haray salır ki, balıxçı onu tez suya atır. Di gəl ki, az keçmir, hər iki balıxçının gözdəri tutulur. Sən demə, tilova düşən su yiyəsi, yəni su əyəsiymiş".Azərbaycan folkloru antologiyası. VIII cild. Ağbaba folkloru / Toplayıb tərtib edənlər: H.İsmayılov, T.Qurbanov. Bakı: Səda, 2003,61

Zəngəzur folklor mətnlərində əyələr həm də məleykə adı altında təqdim olunur. O, hər yerdə olur. Su məleykəsi də elə su əyəsinin özüdür: "Dar vaxtı suyun üstə getməzdər. Suyun içində məleykələr var, adama toxunallar, ağzı əyilir, qolu quruyur. Vırğın vırıf deyillər belə adamlara".Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru / Toplayıcılar: V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Tərtibçilər: Ə.Əsgər, M.Kazımoğlu. Bakı: Səda, 2005, s. 100

Qərbi Azərbaycanın Qaraqoyunlu mahalına dair mifoloji mətnlər su əyəsi ilə bağlı inancları bütöv halda təqdim edir. Bu mətnlər təsdiq edir ki, hər yerin və hər şeyin öz hami ruhu var və su əyəsi də onlardan biridir: "Yer üzərində olan bütün cannı və cansızların hər birinin öz əyələri var. Suyun da öz əyəsi var. Gərəh bunnarın hamısına salam verəsən".Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru / Toplayıb tərtib edənlər: H.İsmayılov, Q. Süleymanov. Bakı: Səda, 2002, s.8 İnsan su əyəsi ilə bağlı qaydaya əməl etməlidir. Əks halda su əyəsi ona qarğış edər: "Suya salam verməsən, su sənə qarğış eliyər. Səhər-səhər axar çayın üzərinə gedif salam verməlisən, yoxsa su sənə xətər toxuyar".Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru / Toplayıb tərtib edənlər: H.İsmayılov, Q. Süleymanov. Bakı: Səda, 2002, s.9 Su əyəsi hər bir suda – çayda da, bulaqda da olur. Əgər qaydalara əməl edilsə, su əyəsi insana xeyir verər: "Bulax başına gedərkən bulağa səcdə etməli, suyunu içməmişdən əvvəl bir ovuc götürüf üzünə səpməli və salavat çevirməlisən. Belə edəndə işin uğurru olar".Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru / Toplayıb tərtib edənlər: H.İsmayılov, Q. Süleymanov. Bakı: Səda, 2002, s.9 Su əyəsi ilə bağlı qadınlara aid ayrıca xəbərdarlıq var: "Su gətirməyə gedən hər bir qadın suya çatan kimi salam verməli, dua etməlidi. Səhəngini dolduruf gələndə yenə də razılığını bildirməli, "salamat qal" deməlidir.Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru / Toplayıb tərtib edənlər: H.İsmayılov, Q. Süleymanov. Bakı: Səda, 2002, s.9 Suyun üstündən keçməyin də öz qaydası var: "İnsan sudan addayanda salam verməlidi, yoxsa su ondan inciyər, qarğıyar".Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru / Toplayıb tərtib edənlər: H.İsmayılov, Q. Süleymanov. Bakı: Səda, 2002, s.9 Su əyəsi obrazının müxtəlif variantları var. Bu variantlar adları və funksiyaları cəhətindən müəyyən fərqlərə malik olsa da, öz aralarında bir obrazda – bir ortaq variantda birləşirlər.

Həmçinin bax Ov və meşə əyələri (qadın cinsli)

İstinadlar

Kateqoriya:Azərbaycan folkloru Kateqoriya:türk xalqları Kateqoriya:Qərbi Azərbaycan

Kateqoriya:Su Kateqoriya:Mifologiya