"De troubadour" — musiqisi David Hartsemaya, sözləri isə Lenni Kürün özünə məxsus olan, Niderland müğənnisi Lenni Kürün ifa etdiyi mahnı. Kompozisiya Madriddə keçirilən 1969-cu il Avroviziya Mahnı Müsabiqəsində Niderlandı təmsil etmiş və yarışmanın dörd qalib mahnısından biri olmuşdur. Kür bu mahnını altı dildə: niderland, ingilis, fransız, alman, ispan və italyan dillərində yazdırmışdır.

Tarixi "De troubadour" balladasının musiqisi David Hartsema, sözləri isə Lenni Kür tərəfindən yazılmışdır. Bu əsər həm musiqi, həm də mətn baxımından xalq mahnısı ənənələrindən ilhamlanaraq ərsəyə gətirilmiş bir balladadır. Kompozisiyada Orta əsrlər trubadurundan bəhs olunur və onun musiqisinin dinləyicilərə göstərdiyi təsir təsvir edilir.

Avroviziya Mahnı Müsabiqəsi 26 fevral 1969-cu il tarixində keçirilən 13-cü Milli Mahnı Festivalında "De troubadour" mahnısı Lenni Kürün ifasında yarışmışdır. Bu seçim turu, 14-cü Avroviziya Mahnı Müsabiqəsi üçün mahnı və ifaçını müəyyənləşdirmək məqsədilə Niderland Televiziya Fondu (NTS) tərəfindən təşkil olunmuşdur. Mahnı seçim turunun qalibi seçilərək Niderlandın müsabiqə bəstəsinə çevrilmişdir. Kür mahnını niderlandca ilə yanaşı, ingiliscə "The Troubadour", fransızca "Le troubadour", almanca "Der Troubadour", italyanca "Un cantastorie" və ispanca "El trovador" adları altında yazdırmışdır.

29 mart 1969-cu il tarixində Madridin "Real" teatrında "Televisión Española" (TVE) telekanalının təşkilatçılığı ilə Avroviziya Mahnı Müsabiqəsi baş tutmuş və bütün qitədə canlı yayımlanmışdır. Kür həmin gecə Böyük Britaniyanı təmsil edən Lulunun "Boom Bang-a-Bang" mahnısından sonra və İsveçi təmsil edən Tommi Çörberqin "Judy, min vän" mahnısından əvvəl səhnəyə səkkizinci sırada çıxmışdır. Niderland təmsilçisinin çıxışı zamanı canlı orkestri Frans de Kok idarə etmişdir.

Səsvermənin yekunlarına əsasən, Niderland təmsilçisi 18 xal toplamışdır. Eyni xalı İspaniyanı təmsil edən "Vivo cantando", Fransanı təmsil edən "Un jour, un enfant" və Böyük Britaniyanı təmsil edən "Boom Bang-a-Bang" mahnıları da qazanmışdır. Həmin dövrdə bərabərlik vəziyyətində qalibi müəyyən edən xüsusi bir qayda mövcud olmadığından, hər dörd ölkə birgə qalib elan olunmuşdur. Niderlandın 1968-ci ildəki müsabiqə bəstəsi sonuncu yeri bölüşdüyü üçün ölkə cəmi bir il ərzində (şərikliklə) sonuncu pillədən (şərikliklə) birinci pilləyə yüksələrək nadir bir uğura imza atmışdır.

İstinadlar

Kateqoriya:1969-cu ilin sinqlları Kateqoriya:1969-cu ilin mahnıları