Səbail parkı və ya Xanlar parkı — Bakı şəhərinin Səbail rayonu ərazisində, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində yerləşən ictimai istirahət parkı. Park təxminən 1,2 hektar sahəni əhatə edir və yerli sakinlərin istirahəti üçün nəzərdə tutulmuşdur.

Tarixi və yenidən qurulması Park uzun müddət baxımsız vəziyyətdə qalmış, ərazisindəki infrastruktur köhnəlmişdir. 2020-ci ildə sosial şəbəkələrdə parkın baxımsız vəziyyəti, ərazidə zibilliklərin yaranması və antisanitar vəziyyətlə bağlı məlumatlar yayılmışdır. Bununla bağlı Səbail Rayon İcra Hakimiyyəti açıqlama yayaraq parkın nəzarətsiz qalmadığını, ərazinin təmizliyinin mütəmadi qorunduğunu və yaxın gələcəkdə orada genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasının planlaşdırıldığını bildirmişdir.

2020-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda əsaslı yenidənqurma, təmir və tərtibat işlərinə başlanılmışdır. Görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən sonra, 18 fevral 2022-ci il tarixində "Səbail parkı" yenidən qurulmuş formada sakinlərin istifadəsinə verilmişdir. Aparılan yenidənqurma işləri nəticəsində əvvəlki ərazisi 4362 kvadratmetr olan park yeni layihələndirmədən sonra 8096 kvadratmetr böyüdülərək ümumilikdə 12458 kvadratmetr təşkil etmiş, 9600 kvadratmetr yeni yaşıllıq sahəsi salınmışdır. Burada 580 ədəd gül, ağac və kol bitkiləri əkilmişdir. Parkın ərazisinin işıqlandırılması üçün 147 işıq dirəyi və 230 metr uzunluqda lent işıqlar, həmçinin 9 ədəd landşaft işıqları quraşdırılmışdır. Parkın ərazisində müasir tələblərə uyğun 9 ədəd 10 nəfərlik oturacaqlar quraşdırılmış, xüsusi olaraq hərəkət etmək üçün rezin və daş döşəmələrdən istifadə edilmiş, parkda "I love Sabail" lövhəsi quraşdırılmışdır. Dənizkənarı Milli Parka keçidi təmin edən pilləkən hissəsi də tam yenidən inşa olunmuşdur. Parkda tikinti və abadlaşdırma işləri aparılarkən əlillərin və fiziki imkanları məhdud olan şəxslərin rahat şəkildə hərəkət etməsi üçün şərait yaradılmışdır. Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılmış, uşaqlar üçün uşaq meydançası, idman zonasında müxtəlif trenajorlar və qurğular quraşdırılmışdır. Parkın açılış mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, mühəndislər, yerli icra nümayəndələri və qəsəbə sakinləri iştirak etmişdilər.

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:Səbail rayonu Kateqoriya:İctimai şəhər parkları