Niderlandlı Aleksandr (; ) — II Niderland kralı II Vilhelmin oğlu, hərbi xadim.
1818-ci ildə dünyaya gəldi. Atası I Niderland kralı I Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə rus çarı I Pavelin qızı Anna Pavlovnadır. Doğulduğu əsnada babası hələ də taxtda idi. 24 avqustda (babası I Vilhelmin ad günündə) vəftiz edildi. Özündən 18 ay böyük qardaşı vəliəhd Vilhelmlə birlikdə mükəmməl saray təlim-tərbiyəsi aldı. Ardından iki qardaş Leyden Universitetində təhsilini davam etdirdi. 1828-ci ildə hələ 10 yaşında ikən polkovnik rütbəsi aldı.
1839-cu ildə dayısı olan rus çarı I Nikolayın dəvətiylə Sankt-Peterburqa səyahət etdi. Borodino döyüşünün ildönümü münasibətilə keçirilən dövlət tədbirində Novorossiysk Süvari Alayının baş komandanı təyin edildi. 1830-cu illərin əvvəlində Britaniya kralı IV Vilyam öz qardaşı qızı Şahzadə Viktoriyanı (gələcəkdə taxta çıxacaq Kraliça Viktoriya) Şahzadə Aleksandrla evləndirmək istəsə də, gəlin namizədi bu evliliyə razı olmadı. Bir digər gəlin namizədi isə Fransa kralı I Lui-Filippin qızı Klementina oldu. Ancaq dini məzhəb fərqlilikləri buna mane oldu.
1840-cı ildə babası taxtdan çəkilməyə məcbur oldu və atası II Vilhelm adıyla taxta çıxdı. Atasının səltənətində rəsmi səfərlərdə iştirak etdi. 1843-cü ildə İngiltərə və Şotlandiyaya rəsmi səfərə yollandı. Bu səfər əsnasında vaxtilə evlənməsi planlaşdırılan Kraliça Viktoriyanın qəbulunda oldu. 1846-cı ildə anasıyla birlikdə İtaliyaya səfər etdi. bu səfər əsnasında isə Roma papası IX Piylə tanış oldu. Ölüm səbəbi olan xəstəliyə tutulmazdan öncə 1847-ci ilin noyabrında Niderlanda qayıtdı.
Roma səyahəti əsnasında həddindən artıq çəki itirməsi səbəbilə halsızlıq şikayətləri artdı. Vərəm diaqnozu qoyuldu və səhhətinin düzəlməsi üçün qışı Portuqaliyada keçirməsinə qərar verildi. Ancaq burada səhhəti daha da ağırlaşdı. 20 fevral 1848-ci ildə vəfat etdi. Cənazəsi yarıldı və ölüm səbəbi araşdırıldı. Nəticə isə təəccübləndirici idi. Belə ki, ağciyərləri olduqca sağlam idi. Mədə-bağırsaq sistemi isə zədəli görülürdü. Beləcə, şahzadənin diaqnozunun yanlış qoyulduğu üzə çıxdı. 2 gün sonra cəsədi mumyalandı və yalnız 17 apreldə cənazə Rotterdama gətirildi. 21 apreldə mərasimlə dəfn olundu.
Mənbə
Ədəbiyyat
In naam van Oranje, 30. Vijf eeuwen de Oranjes en hun sport en jacht (1994) Nationaal Museum Paleis Het Loo. Zwolle: Waanders (in Dutch) In naam van Oranje, 33. Vijf eeuwen de Oranjes en de onbekende oranjeprinsen (1995) Nationaal Museum Paleis Het Loo. Zwolle: Waanders (in Dutch)
İstinadlar