Nurullabay sarayı () — Xivə xanlarının yay saray kompleksi. Saray Xivədə yerləşir. 1910–1918-ci illərdə Xivə xanlığını idarə etmiş İsfəndiyar xanın dövründə tikilib. Saray Nurullabay adlı şəxsin bağının yerində salındığı üçün Nurullabay sarayı adlanır. Özbəkistan Respublikasının tarixi və mədəniyyət abidəsidir. Tarixi Sarayın planları 1890-cı illərdə hazırlanmışdı. İçan Qalada yer qıtlığı səbəbindən saray Xivənin şimal-qərbində, şəhər mərkəzindən kənarda, keçmiş bir bağın yerində tikilmişdir. Tikinti başlamazdan əvvəl bağ zəngin bir tacir olan Nurullabəyə məxsus idi. O, mülkünü yalnız bir şərtlə satmağa razı oldu ki, gələcəkdə tikiləcək saray onun adını daşısın. Bu hadisəyə görə saray indiyədək həmin tacirin adı ilə adlandırılır.
Nurullabay sarayının tikintisinə 1904-cü ildə başlanmış və 1910-cu ildə II Məhəmmədrəhim xanın vəfatından sonra İsfəndiyar xanın hakimiyyəti dövründə də davam etdirilmişdir. Saray özünün müstəsna üslubu və ekssentrik (ekstrabaqant) ornamentləri ilə Xivədəki digər xan iqamətgahlarından fərqlənir. Obyektin layihələndirilməsinə Xivənin usta və sənətkarları ilə yanaşı, Rusiya və Almaniyadan olan mütəxəssislər də cəlb edilmiş və onların dizayna təsiri olmuşdur. Tikinti materiallarının bir hissəsi, o cümlədən Sankt-Peterburqda istehsal olunan kaşı (kirəmit) və keramika məmulatları idxal edilmişdir. Sarayda müxtəlif formalı bir neçə təntənəli qəbul zalı yerləşirdi ki, onların arasında Rusiya moderni (art-nuvo) üslubunda bəzədilmiş taxt-tac zalı da var idi. Sarayın bir çox bəzək elementləri İsfəndiyar xanın sifarişi ilə Sankt-Peterburqdakı İmperator Farfor Zavodunda hazırlanmışdı. Binada Avropa və Şərq memarlığı sintez olunmuşdur. Dövrümüzə qədər qorunub saxlanmış yeddi otağın hər biri fərqli üslubda tərtib edilmişdir. Eksponatlar arasında Rusiya üslubunda işlənmiş rəngarəng kaşılı sobalar, nəhəng güzgülər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmiş Şərq üslublu rəngbərəng taxta tavanlar diqqət çəkir. Sarayın hündür qapı və pəncərələri Mennonitlər dini icmasından olan alman dülgərləri tərəfindən hazırlanmışdır. Mennonit icmasının nümayəndələri xanlığın ərazisindəki Ağ məscid (Oqmaçit) kəndində (hazırkı Yəngiəriq rayonu) yaşayırdılar.
Atasının vəfatından sonra, 1912-ci ildə İsfəndiyar xan xarici qonaqları qəbul etmək üçün kompleksdə ayrıca bir bina tikdirdi.
Saray II Məhəmmədrəhim xanın ölümündən iki il sonra, 1912-cü ildə tamamlandı. Sonralar bu bina 1920-ci ildə Xarəzm Xalq Sovet Respublikası qurulana qədər xan və ailəsi tərəfindən iqamətgah kimi istifadə edilmişdir. Yaxın keçmişdə əsas diqqət obyektin qorunub saxlanmasına yönəldilmiş və yenidənqurma işləri 2017-ci ildə başa çatdırılmışdır.
Memarlığı Nurullabay sarayı 9 böyük və kiçik otaqdan, darvaza xanasından (giriş binası), saraydan, qəbul zalından, mədrəsədən, xidmətçilər üçün yaşayış yerindən, bağdan və gül bağçaları olan həyətlərdən ibarətdir. Kompleksə ($185.6 \times 143.0$ m) sarayın cənub tərəfindəki xəndək üzərində salınmış körpüdən keçərək darvazadan daxil olunur. Darvaza xanasının dəhlizində bir neçə otaq yerləşir. Saray düzbucaqlı formadadır ($87.1 \times 65.0$ m), 4 həyəti var və bürcləri olan istehkam divarı ilə (hündürlüyü – 7.5 m) əhatə olunub. Üçüncü həyətdə ikiistiqamətli (iki mərtəbəli) otaqlar, cənub-qərb həyətində isə bir mərtəbəli otaqlar mövcuddur. Əsas darvaza xanası mədrəsə və yaşayış yeri ilə bir-birinə bağlıdır. Böyük həyət sarayın şimal-qərb hissəsini tutur. Həyətdə bir quyu var.
Qəbul zalı ($27.5 \times 32.1$ m) sarayın şimal-şərqində, özünəməxsus Avropa üslubunda tikilmişdir. Binanın ön tərəfi cənuba baxır. O, 1 mərtəbədən və 7 otaqdan ibarətdir. Qəbul zalının həm ön, həm də arxa tərəfində eyvanlar (təhlələr) mövcuddur. Mədrəsənin ön tərəfi şərqə baxır. Cənub-şərq küncündə 4 sütunlu 2 mərtəbəli məscid, şimal-qərbdə eyvan, həyətin ətrafında isə sinif otaqları və digər otaqlar yerləşir. Xarici divarlardakı naxışlar və 4 künc bişmiş kərpic və kaşılarla bəzədilmişdir. Bağ saraya bitişikdir və bürcləri olan hündür istehkam divarı ilə əhatə olunmuşdur. Bağın 3 tərəfində qapı var ki, onlardan 2-si saraya, şərqdəki isə qəbul zalına açılır. Bağın ortasında 8 guşəli hovuz yerləşir.
Qalereya
İstinadlar
Xarici keçidlər Ўзбекистон миллий энциклопедияси (узб.). — Тошкент: Давлат илмий нашриёти, 2000—2006.
Kateqoriya:1910-cu ildə yarananlar Kateqoriya:1910-cu illərdə Özbəkistanda yarananlar Kateqoriya:1912-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:1912-ci ildə yarananlar Kateqoriya:Xivə Kateqoriya:Qalalı şəhərlər Kateqoriya:Özbəkistandakı ümumdünya irsi Kateqoriya:Ölkələrinə görə saraylar Kateqoriya:Özbəkistan tikililəri