Sabirə Dünyamalıyeva (Sabirə Səfi qızı Dünyamalıyeva; 1 noyabr 1955, Qarabağlar, Şərur rayonu, Naxçıvan MR) — azərbaycanlı sənətşünas, fizika-riyaziyyat elmləri namizədi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru. Elmi fəaliyyəti əsasən Azərbaycan milli geyimlərinin tarixi, dekorativ-tətbiqi sənət, ornamentşünaslıq və memarlıq tarixi istiqamətlərini əhatə edir.
Bioqrafiyası Sabirə Dünyamalıyeva 1 noyabr 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində (hazırda Kəngərli rayonunun Qarabağlar kəndi) anadan olmuşdur.
1974-cü ildə Naxçıvan şəhərində yerləşən 32 nömrəli Texniki Peşə Məktəbini "Qadın və uşaq yüngül üst geyimlərinin konstruksiya və texnologiyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olmuş və 1979-cu ildə ali təhsilini başa vurmuşdur.
Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, sonrakı illərdə elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
Elmi fəaliyyəti 1983-cü ildən Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində aspiranturada təhsil almışdır. 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir.
1990-cı ildən Bakı Qızlar Kollecinin, 1993-cü ildən isə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində çalışmışdır. Eyni zamanda Bakı Dövlət Universitetində ixtisas fənlərini tədris etmişdir.
1994-cü ildə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətinə görə yubiley medalı ilə təltif olunmuşdur.
1995-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun doktorantı olmuşdur.
1997–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2011-ci ildə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında professor kimi fəaliyyət göstərir.
Sabirə Dünyamalıyeva Azərbaycan milli geyimləri, dekorativ-tətbiqi sənət, ornamentşünaslıq və memarlıq tarixi sahələrinə həsr olunmuş 70-dən çox elmi məqalənin, monoqrafiyanın, dərsliyin və metodik vəsaitin müəllifidir. O, müxtəlif dissertasiya işlərinin elmi rəhbəri və rəsmi opponeti olmuşdur.
Pedaqoji fəaliyyəti 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq və Memarlıq kafedrasında pedaqoji fəaliyyət göstərir. Burada bakalavr və magistr pillələri üzrə "Geyim tarixi", "Maddi mədəniyyət və geyim tarixi", "Ornament tarixi", "İncəsənət əsərlərinin material və bərpa metodları", "Təsviri sənət əsərlərinin material və texnologiyası", "İxtisas üzrə incəsənət tarixi", "Memarlıq və incəsənət tarixi", "Memarlıq və incəsənətin sintezi", "Memarlıq abidələrinin tipologiyası", "Kompüter modelləşməsi", "Ali riyaziyyat", "İnformatika", "Elmdə və təhsildə kompüter texnologiyası" və "Kompüter qrafikası" fənlərini tədris etmişdir.
Bununla yanaşı, Azərbaycan Turizm İnstitutunda "Kulturologiya", "Dinşünaslıq", "İncəsənət tarixi", "Azərbaycan təsviri sənəti", "Azərbaycan incəsənət tarixi" və "Maddi mədəniyyət abidələrinin restitusiyasının hüquqi əsasları" fənlərini tədris etmişdir.
Bakı Xoreoqrafiya Akademiyasında "Geyim tarixi" və "Ornament tarixi" fənləri üzrə mühazirələr oxumuşdur. "Geyim dizaynı" və "Teatr-kino rəssamı" ixtisasları üçün tədris proqramları, metodik vəsaitlər və dərsliklərin hazırlanmasında iştirak etmiş, müasir tədris texnologiyalarının tətbiqinə üstünlük vermişdir.
Milli geyimlərin tədqiqi və rekonstruksiyası
Sabirə Dünyamalıyevanın elmi fəaliyyətində Azərbaycan milli geyimlərinin tarixi və onların bədii-dekorativ xüsusiyyətlərinin tədqiqi mühüm yer tutur. Bu istiqamətdə apardığı araşdırmalar "Azərbaycan geyim mədəniyyəti tarixi" və "Azərbaycan geyimlərinin bədii-dekorativ xüsusiyyətləri" əsərlərində sistemləşdirilmişdir.
Dünyamalıyevanın tədqiqatlarında Azərbaycan milli geyimlərinin ayrı-ayrı növləri, onların biçimi, tikilmə texnologiyası və bədii-dekorativ xüsusiyyətləri araşdırılmışdır. Onun əsərlərində tarixi geyim nümunələrinin öyrənilməsi ilə yanaşı, unudulmuş geyim modellərinin bərpası üçün metodik yanaşmalar da təqdim edilmişdir.
Milli geyimlərin tədqiqi zamanı tarixi mənbələr, miniatürlər, arxeoloji materiallar və etnoqrafik nümunələrdən istifadə edilmişdir. Bu yanaşma geyim nümunələrinin tarixi xüsusiyyətlərinin müəyyənləşdirilməsi və onların bərpasının elmi əsaslarla aparılmasına imkan vermişdir.
Dünyamalıyevanın geyim tarixi üzrə tədqiqatları onun sənətşünaslıq üzrə doktorluq dissertasiyasında da əksini tapmışdır. Azərbaycan geyimlərinin bədii-dekorativ xüsusiyyətləri mövzusunda aparılan bu araşdırma Azərbaycan geyimlərinin bədii xüsusiyyətlərinin elmi baxımdan sistemləşdirilməsinə həsr olunmuşdur.
Yaradıcılığı və sərgi fəaliyyəti
Sabirə Dünyamalıyeva tədqiqatlarında və hazırladığı geyim kolleksiyalarında günəş simvolikası, qədim ornamentlər və Azərbaycan dekorativ-tətbiqi sənətinin motivləri geniş yer tutur.
Hazırladığı milli geyim nümunələrinin bəzi elementlərindən müxtəlif modelyer və dizaynerlər, o cümlədən Natella Osmanlı, öz yaradıcılıqlarında istifadə etmişlər.
1997-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində, 2004-cü ildə isə İçərişəhərdə Azərbaycan geyim mədəniyyətinin tarixinə həsr olunmuş fərdi sərgilər təşkil etmişdir.
2017-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində keçirilən "Milli geyimlərimiz olduğu kimi" adlı sərginin müəllifi olmuşdur.
Bundan əlavə, Azərbaycan Turizm İnstitutu, Bakı Beynəlxalq Turizm Sərgisi, İçərişəhər festivalları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan-Avropa Liseyi və digər elm, təhsil və mədəniyyət müəssisələrində sərgi və mühazirələrlə çıxış etmişdir.
Azərbaycan milli geyimlərinin öyrənilməsi və təbliği sahəsində fəaliyyətinə görə müxtəlif dövlət və ictimai qurumlar tərəfindən fəxri fərman və diplomlarla təltif edilmişdir.
Beynəlxalq sərgi və təqdimatları
Alim Azərbaycan milli geyimlərinə həsr olunmuş 70-dən artıq fərdi və kollektiv sərginin müəllifi və təşkilatçısı olmuşdur. Hazırladığı milli geyim kolleksiyaları, ekspozisiyalar və sərgi stendləri ABŞ, Kanada, Birləşmiş Krallıq, Ukrayna, Hindistan, Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə keçirilmiş beynəlxalq festivallarda, moda nümayişlərində və mədəni tədbirlərdə nümayiş etdirilmişdir.
Hazırladığı kolleksiyalar və ekspozisiyalar müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən Berlin Beynəlxalq "Yaşıl həftə" sərgilərində (2008–2009), ABŞ-də keçirilən Philip C. Jessup International Law Moot Court Competition çərçivəsində təşkil olunmuş Cultural Night proqramında, Yunanıstanın Korinf şəhərində keçirilən Dünya Xalq Yaradıcılığı Təşkilatının VI Beynəlxalq Simpoziumunda nümayiş etdirilmişdir.
Tərcüməçilik fəaliyyəti və Dini-elmi tədqiqatları
Sabirə Dünyamalıyeva sənətşünaslıq sahəsində elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, dini mövzulu əsərlərin tərcüməsi və Quranın Azərbaycan dilinə tərcüməsi və onun məzmununun ana dilinə uyğunlaşdırılması istiqamətində də fəaliyyət göstərmişdir. Alim tərəfindən Türkiyəli ilahiyyatçı-tədqiqatçı Hakkı Yılmazın "Qurani-Kərim: Enmə sırasına görə nəcm-nəcm təbyini" (izahlı tərcümə])" əsərini (IX cild daxil olmaqla) Azərbaycan dilinə tərcümə etmişdir. Çoxcildlik əsərin Azərbaycan dilinə tərcüməsi üzrə görülmüş işlər alimin ensiklopedik fəaliyyətinin mühüm bir hissəsidir.
Tərcümə fəaliyyətində alimin gördüyü əsas işlərə aşağıdakılar daxildir:
Xronoloji (nüzul) ardıcıllığının qorunması: Əsəri ənənəvi Mushaf sırası ilə deyil, ayə və surələrin tarixən nazil olma ardıcıllığına uyğun olaraq Azərbaycan dilinə uyğunlaşdırmışdır.
Semantik tərcümə metodu: Klassik tərcümələrdən fərqli olaraq, ərəb dilinin kök sisteminə istinad edərək tərcüməçi, bir çox dini terminlərin daha dəqiq mənalarının semantik qarşılıqlarını Azərbaycan dilinə uyğun tərcümə etmişdir.
"Nəcm-nəcm" (hissə-hissə) strukturunun qorunması: Alim Quran ayələrinin hissə-hissə ("nəcm-nəcm") eniş kontekstini və ayələr arasındakı daxili-məntiqi əlaqəni axıcı, anlaşıqlı bir dillə oxucuya çatdırmaq üçün geniş redaktə işləri aparmışdır.
İslahatçı yanaşmanın elmi təqdimatı: Sabirə Dünyamalıyeva Quranın Azərbaycan dilinə tərcüməsi zamanı səhf edilən tərcümələrə tənqidi münasibət bildirmişdir. O, Quran mətninin ayələrin enmə sırasına uyğun olaraq tərcümə edilməsinin mətnin məzmununun daha düzgün anlaşılmasına imkan verdiyini bir çox müsahibələrində qeyd etmişdir. Bu yanaşmaya uyğun olaraq alim, Türkiyəli ilahiyyatçı Hakkı Yılmazın Quranın enmə sırasına əsaslanan tərcüməsini Azərbaycan dilinə çevirərkən redaktə etmiş və Azərbaycan dilinə uyğunlaşdırmışdır.
Maarifləndirmə və rəqəmsal təqdimat: Alim Quranın tərcüməsi və onun məzmununa dair yanaşmalarını daha geniş oxucu kütləsinə çatdırmaq məqsədilə kütləvi informasiya vasitələrində müsahibələr və video çıxışlar vasitəsilə təqdim etmişdir. O, həmçinin öz adına olan YouTube kanalında Quranın ayrı-ayrı surələrinin izahına həsr olunmuş video dərslər yayımlamışdır.
İctimai fəaliyyəti Sabirə Dünyamalıyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi və ictimai həyatında fəal iştirak etmişdir. Akademiyanın elmi laboratoriyasının və kitabxanasının formalaşdırılması, eləcə də elmi fondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərmişdir.
O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi Şurasının və Bədii Şurasının üzvü olmuşdur.
Siyasi fəaliyyəti Görkəmli sənətşünas alim Sabirə Dünyamalıyeva həmçinin 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalıdan — "91-lər"dən biridir.
Nəşrləri Sabirə Dünyamalıyevanın elmi əsərləri əsasən Azərbaycan milli geyimlərinin tarixi, dekorativ-tətbiqi sənət, ornamentşünaslıq, memarlıq tarixi və mədəni irsin tədqiqinə həsr olunmuşdur. O, 70-dən çox elmi məqalənin, monoqrafiyanın, dərsliyin və metodik vəsaitin müəllifidir.
Monoqrafiyaları və dərslikləri Azərbaycan geyimləri. Azərbaycan geyim mədəniyyəti tarixi. Moda tarixi və dünya xalqlarının milli geyimləri. Azərbaycan geyimlərinin bədii-dekorativ xüsusiyyətləri. Azərbaycan milli geyimləri (biçim və texnoloji xüsusiyyətləri). İncəsənət və memarlıq tarixi (dərslik). Ornament (tarixi, nəzəriyyəsi və qurulması).
Seçilmiş elmi məqalələri Azərbaycan xalq geyimləri: ənənə və müasirlik (1996). Azərbaycan geyimlərinin estetikası (1996). Şah İsmayıl dövrünün geyimləri (1998). Azərbaycan milli geyimlərinin bədii-dekorativ xüsusiyyətləri (1997). Nizami Gəncəvi əsərlərində xalq geyimlərinin təsviri (2001). Azərbaycan xalq dekorativ-tətbiqi sənət nümunələrində geyim elementlərinin təsviri. Qədim dövr Azərbaycan geyimlərindən müasir geyim modellərinin hazırlanmasında istifadə formaları (2003). Azərbaycanın tarixi geyimləri ilə qonşu xalqların geyimlərinin müqayisəsi (2004). Azərbaycan tarixi geyimlərində atəşpərəstliklə bağlı simvolikalar (2004). Xanlıqlar dövrü Azərbaycan geyimlərinin estetik xüsusiyyətləri (2005). Azərbaycanın ənənəvi geyim tiplərinin təşəkkülünə dair (2008). Azərbaycan memarlığı və tarixi geyimlər (I hissə, 2007). Azərbaycan memarlığı və tarixi geyimlər (II hissə, 2008). Azərbaycanın tarixi geyimlərində günəşlə bağlı simvolikalar (2008). Qobustan qayaüstü təsvirləri qədim dövr Azərbaycan üst geyimlərinin araşdırılmasında mənbə kimi (2011). Əcəmi memarlığında ornament təfəkkürü (2013, 2014). Orta əsr miniatürləri Quran işığında (2013, 2015). Cəmiyyətin intellektual səviyyəsini artırmaq radikallığa qarşı mübarizədə əsas şərtdir (2017).
Həmçinin bax Azərbaycan milli geyimləri Azərbaycan təsviri sənəti Dekorativ-tətbiqi incəsənət Ornament Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlar İttifaqı Milli Azərbaycan Tarixi Muzeyi