Əbu Osman Əmr ibn Ubeyd ibn Bəb əl-Bəsri (; ) — Mötəzilənin banilərindən və hədis rəvayət etmiş ilk kəlamçılardan biri.
Həyatı Əmr ibn Ubeyd Təmim və ya Uqeyl qəbiləsinin azad edilmiş kölələrindən idi. O, İbn Bəb, İbn Keysan, İbn Humeyd və Əbu Mərvan künyələri ilə də tanınırdı. Həyatı haqqında çox az məlumat mövcuddur. Bəzi mənbələrə görə İran, bəzilərinə görə isə Sind (indiki Pakistan) mənşəlidir. Sind mənşəli olması ehtimalı daha güclü görünür. Onun 699-cu ildə Bəlxdə doğulduğu nəql edilsə də, eyni ildə Bəsrədə doğulduğunu bildirən məlumatlar da vardır və bu ikinci görüşün daha üstün olduğu qəbul edilə bilər. Çünki babası Bəb, İbn Səmurənin başçılığı altında İslam ordusunun Kabili fəthi zamanı əsir alınmış və Bəsrəyə məscid tikmək üçün göndərilmişdi. Atası əvvəl toxuculuqla məşğul olmuş, sonralar isə Həccacın xidmətində çalışanlar sırasına qoşulmuşdu. Atasından toxuculuq sənətini öyrənən Əmr, sonralar onun fikir dünyasına böyük təsir göstərəcək və Bəsrədə parça ticarəti ilə məşğul olan Vasil ibn Əta ilə bu sayədə tanış oldu. Gənc yaşlarında Həsən əl-Bəsrinin dərs məclisində iştirak etdi və uzun müddət bu dərslərdə iştirak edərək onun ən seçilmiş tələbələrindən biri oldu. Bundan başqa, Ubeydullah ibn Ənəs, Əbül-Aliyə, Əbu Kilabə və Fəzl ibn İsadan da dərs aldı.
Taşköprüzadə onun üsul elmini Abdullah ibn Məhəmməd ibn Hənəfiyyədən öyrəndiyini nəql etsə də, bu məlumat doğru deyildir. Çünki İbn əl-Murtəza qeyd edir ki, Əbu Haşimdən dərs alan şəxs Vasil ibn Əta olmuş, Əmr ibn Ubeyd isə Vasildən dərs aldığı üçün dolayı yolla Əbu Haşimin tələbəsi sayılmışdır.
Əmr ibn Ubeyd dövlət adamları ilə münasibət qurmağı sevməsə də, hakimiyyətə gəlmək istəyən, lakin dövlət başçısında olmalı üstün xüsusiyyətlərdən məhrum olan II Vəlidə qarşı III Yezidi dəstəkləmişdi. Xəlifə Mənsurla yaxşı dostluq münasibətləri saxlamasına baxmayaraq, zaman-zaman onun fəaliyyətini tənqid etməkdən çəkinməmiş, xəlifənin hədiyyələrini də qəbul etməmişdi. Müəllimi Həsən əl-Bəsrinin fikirlərinə bağlı olduğu dövrdə böyük günah işləyənin (mürtəkibi-kəbirə) dini baxımdan hökmü haqqında sinif yoldaşı Vasil ibn Əta ilə uzun mübahisələr aparmış, nəticədə əvvəlki görüşündən imtina edərək Vasilin fikirlərini qəbul etmişdi. Daha sonra bacısını Vasilə ərə verərək dostluqlarını daha da möhkəmləndirdi. Vasilin vəfatından sonra isə on üç il ərzində mötəzili fikirləri yaymağa çalışdı. Qırxıncı həcc səfərindən qayıdarkən Məkkə yaxınlığındakı Mərran adlı yerdə, ümumi qəbul olunmuş rəyə görə, 761-ci ildə vəfat etdi. Belə dəyərli bir mütəfəkkirin ölümü xəlifə Mənsuru çox kədərləndirmiş, o, Əmr üçün yazdığı mərsiyəni qəbrinin başında oxuyaraq ona olan dərin ehtiramını ifadə etmişdir.
Müəllimi Həsən əl-Bəsri, dini həyatı baxımından onu mələklərə bənzədirdi. Əmr ibn Ubeydin yetişdirdiyi tələbələr arasında Süfyan ibn Üyeynə, Yəhya əl-Qəttan, Əli ibn Asim və Əbdülvəhhab əs-Səqəfi kimi alimlər vardı. Bəzi mənbələr Əbül-Hüzeyl əl-Əllafı da onun tələbələri sırasında göstərsə də, bu tarixi baxımdan mümkün görünmür. Çünki 752-ci ildə doğulan Əbül-Hüzeyl, Əmr ibn Ubeydin 761-ci ildə vəfat etdiyi zaman hələ doqquz yaşlı bir uşaq idi.
Həmçinin bax Vasil ibn Əta
Mənbə
İstinadlar
Ədəbiyyat