Mədariküt-tənzil və həqaiqut-təvil () və Təfsirün-Nəsəfi () — Əbül-Bərəkət ən-Nəsəfinin Quran təfsiri.
Əsər Adətən "Təfsirün-Nəsəfi" və ya "Mədarik" adı ilə tanınan bu əsərin giriş hissəsində müəllif bildirir ki, kitabı adını çəkmədiyi bir şəxsin xahişi ilə qələmə almış və qısa müddətdə tamamlamışdır. Müəllifin yaşadığı dövrdə Mavərənnəhr bölgəsində mötəzilə, cəhmiyyə və kərramiyyə kimi əhli-sünnədən kənar firqələrin görüşlərinin geniş yayılması onun bu qərarında təsirli olmuş, əsas məqsəd isə əhli-sünnə etiqadını Quran ayələri ilə əsaslandırmaq olmuşdur.
"Mədariküt-tənzil" əsərinin əsas mənbəyi Zəmaxşərinin "əl-Kəşşaf" təfsiridir. Nəsəfi bəzi ayələrin təfsirində "əl-Kəşşaf"dan öz üslubuna uyğunlaşdıraraq səhifələrlə sitatlar vermiş, eyni zamanda Zəmaxşərinin mötəziləni dəstəkləyən təvillərini çıxarmış və lazım gəldikdə onları tənqid etmişdir. Lakin bu sitatların çoxluğu "Mədariküt-tənzil" haqqında onun müstəqil bir təfsirdən daha çox "əl-Kəşşaf"ın mötəzili fikirlərdən təmizlənmiş müxtəsəri olduğu qənaətinin formalaşmasına səbəb olmuşdur.
Dirayət təfsiri olan "Mədariküt-tənzil"də hədislərə, səhabə və tabiin rəylərinə, eləcə də rəvayət materiallarına geniş yer verilmişdir. Əsərdə fikirlərinə ən çox istinad edilən səhabələr Abdullah ibn Abbas və Abdullah ibn Məsud, tabiinlər arasında isə Həsən əl-Bəsri, Mücahid ibn Cəbr və Qətadə ibn Diamədir. Nəsəfi həm Məhəmmədə, həm də səhabə və tabiinə aid etdiyi rəvayətlərlə nazilolma səbəblərinə dair məlumatları sənədsiz nəql etmiş, bəzi ayə və surələrin fəzilətlərinə dair zəif, hətta uydurma (mövzu) rəvayətlərə də yer vermişdir. Bundan başqa, keçmiş ümmətlər və peyğəmbərlərlə bağlı ayələrin təfsirində bəzi hallarda İsrailiyyat rəvayətlərini də nəql etmişdir.
Məzmununun böyük hissəsi dil və bəlağətlə bağlı izahlardan ibarət olan əsərdə filoloji yönləndirmə və təvillərin mühüm bir qismi Zəccaca istinad edilmiş, bununla yanaşı, Bəsrə dil məktəbinin nümayəndələri Xəlil ibn Əhməd və Sibəveyhinin izahlarına da tez-tez müraciət olunmuşdur. Nəsəfi ayələrin təfsiri və qiraət baxımından izahında demək olar ki, bütün qiraətlərə işarə etməyə çalışmış, bu zaman əsasən qiraəti-aşərəni əsas götürmüş, bəzən isə səhabələrə nisbət edilən müshəflərdəki fərqli qiraətlərə də yer vermişdir.
Bəzi alimlər tərəfindən məzhəbdə müctəhid sayılan Nəsəfi hökmlərlə bağlı ayələri hənəfi məzhəbinin görüşlərinə uyğun şəkildə şərh etmişdir. Lakin bu ayələrin təfsirində özü yeni ictihad irəli sürməmiş, əksər hallarda Əbu Hənifə, Əbu Yusuf, Məhəmməd ibn Həsən Şeybani və Züfərin görüşlərini nəql etməklə kifayətlənmişdir. Bəzən məzhəb imamlarının adlarını çəkmədən "bizə görə", "bizim nəzərimizcə" kimi ifadələr işlətmiş, bəzi yerlərdə isə şafii və maliki məzhəblərinin görüşlərini də zikr etmişdir.
"Mədariküt-tənzil"də kəlam mövzuları ilə bağlı ayələrin təfsirində maturidi məzhəbinin görüşlərinə üstünlük verilsə də, əşəri məzhəbi heç bir şəkildə tənqid edilməmiş, bu iki məzhəb arasındakı fikir ayrılıqlarına toxunulmamışdır. Müəllifin hər hansı bir təriqətə mənsub olduğu qeyd edilməsə də, əsərində Həsən əl-Bəsri, Malik ibn Dinar, İbrahim ibn Ədhəm, Fudeyl ibn İyad, Zün-Nun əl-Misri, Cüneyd Bağdadi və Səhl ət-Tüstəri kimi erkən dövr sufilərinin hikmətli kəlamlarını nəql etmişdir.
Əsərin başda Süleymaniyyə Kitabxanası olmaqla Türkiyə və Türkiyədən kənardakı kitabxanalarda çoxlu sayda əlyazma nüsxələri mövcuddur. 1862-ci ildən etibarən İstanbul, Misir, Beyrut, Dehli və Bombeydə həm müstəqil şəkildə, həm də Əli ibn Məhəmməd əl-Xazinin "Lübəbüt-təvil" əsərinin haşiyəsində nəşr edilmişdir. Əsər həmçinin İbrahim Məhəmməd Ramazanın redaktəsi ilə üç cild (Beyrut: 1989), Şeyx Mərvan Məhəmməd əş-Şəarın tədqiqi ilə isə dörd cild (Beyrut: 1996) halında çap olunmuşdur.
Həmçinin bax Sünni kitablarının siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat