Saksen-Meyninqenli Fyodora (; ) — Saksen-Meyninqen hersoqu III Bernardın qızı.
Həyatı 1879-cı ildə Potsdamda dünyaya gəldi. Atası Saksen-Meyninqen hersoqu II Georqun oğlu və varisi Şahzadə Bernard, anası isə Almaniya imperatoru III Fridrixin qızı Şahzadə Şarlottadır. Anasının sosial həyata bağlılığı səbəbilə təkbaşına bir uşaqlıq keçirdi. Uşaqlıq illərinin çoxunu nənəsi Şahzadə Viktoriyanın yanında keçirdi.
1887-ci ilin iyununda Kraliça Viktoriya səltənətinin 50-ci ildönümü şənlikləri münasibətilə ailəsiylə birlikdə Londona səyahət etdi. Bu səyahət əsnasında ailəsinin ingilis qoluyla, xüsusilə də anasının nənəsi Kraliça Viktoriya ilə yaxından tanış oldu.
Yetkinlik yaşına çatmasının ardından evlilik planları müzakirə edilməyə başlandı. İlk bəy namizədləri Serbiya kralı I Aleksandr, sürgündəki serb vəliəhdi Şahzadə Pyotr və Saksen-Koburq-Qota hersoqu Şahzadə Alfredin oğlu Şahzadə Alfred Aleksandr oldu. Ancaq bu müzakirələr nəticəsiz qaldı.
1897-ci ilin iyununda Kraliça Viktoriya səltənətinin 60-cı ildönümü şənliklərindən dönüşdə Şahzadə Fyodoranın Köstrits şahzadəsi XXX Henri Reusla nişanlandığı elan edildi. Ertəsi il şahzadənin atasının vəfat etməsi səbəbilə toy mərasimi təxirə salındı. Cütlüyün toy mərasimi 24 sentyabr 1898-ci ildə Breslauda baş tutdu. Cütlüyün övladı olmadı.
Həyatı boyunca müxtəlif xəstəliklərdən əziyyət çəkdi. Üstəlik qısır olduğu üçün dəfələrlə əməliyyat olunmuşdu.
1903-cü ildə həyat yoldaşının vəzifəsi səbəbilə cütlük Flensburqa köçdü. Birinci Dünya müharibəsinin başlamasının ardından həyat yoldaşı qərb cəbhəsinə göndərildi. Şahzadə Fyodora isə arxa cəbhədə qalaraq yaralı əsgərlər üçün xidmət edən hərbi hospitallar təsis etdi. Bu dövrdə cütlüyün münasibətləri pisləşdi.
Müharibənin ardından atasının səltənəti sonlandı. Bundan sonrakı həyatı haqqında yetərli məlumat yoxdur. Ərinin 1939-cu ildə vəfatından sonra son illərini indiki Polşada yerləşən sanatoriyalardan birində yaşadı. İkinci Dünya müharibəsinin bitməsindən qısa müddət sonra - 26 avqust 1945-ci ildə qaldığı sanatoriyada intihar etdi. Cənazəsi 1 sentyabrda Polşanın Kovari şəhərində dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Almaniya lüteranları Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:İntihar edən şəxslər