Albert Əli oğlu Salamov () — Azərbaycan dövlət xadimi, diplomat və dövlət təhlükəsizliyi orqanlarının keçmiş əməkdaşı, polkovnik, Azərbaycan xarici işlər nazirinin müavini (1989–2001) və xarici işlər naziri vəzifələrinin müvəqqəti icraçısı (1993).
Həyatı Albert Əli oğlu Salamov 1934-cü ildə Bakının Suraxanı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil almışdır.
1963-cü ildə dövlət təhlükəsizliyi orqanlarında xidmətə qəbul edilmişdir. 1964-cü ildə Minsk şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarında təhsil almışdır. Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əvvəlcə kəşfiyyat, daha sonra əks-kəşfiyyat bölmələrində çalışmışdır. 1971-ci ilin oktyabrında bölmə rəisi təyin edilmiş, sonrakı illərdə komitədə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmiş və polkovnik rütbəsinə yüksəlmişdir.
Diplomatik fəaliyyəti Albert Salamov 1989-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini təyin edilmişdir.
1992-ci ilin martında İranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Tehranda aparılan danışıqlarda iştirak etmişdir. Martın 15-də Albert Salamov və Ermənistan xarici işlər nazirinin müavini Armen Navasardyan atəşkəsin əldə olunması, əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi, eləcə də iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan saziş layihəsini paraflamışlar. Həmin ay o, Helsinkidə keçirilmiş ATƏM Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmişdir. Albert Salamov planlaşdırılan Minsk konfransında Dağlıq Qarabağdan olan nümayəndələrin ayrıca parlament nümayəndələri statusunda deyil, bölgənin azərbaycanlı və erməni icmalarının təmsilçiləri kimi iştirak edə biləcəyini bildirmişdir.
Albert Salamov bir müddət xarici işlər nazirinin yeganə müavini olmuşdur. Tofiq Qasımovun 26 iyun 1993-cü ildə xarici işlər naziri vəzifəsindən azad edilməsindən sonra nazir vəzifəsi boş qalmış və Albert Salamov 1993-cü ilin yayında xarici işlər naziri vəzifələrini müvəqqəti icra etmişdir. Həsən Həsənovun 2 sentyabr 1993-cü ildə xarici işlər naziri təyin olunmasından sonra Albert Salamov xarici işlər nazirinin müavini kimi fəaliyyətini davam etdirmişdir.
Albert Salamov dövlət sərhədlərinin delimitasiyası ilə bağlı komissiyaların işində iştirak etmişdir. 3 yanvar 1995-ci ildə Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri təyin edilmişdir. 1996–1997-ci illərdə isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan danışıqlarda Azərbaycan tərəfini təmsil etmişdir. 1996-cı ilin iyununda Tbilisidə keçirilmiş Azərbaycan və Gürcüstan hökumət komissiyalarının ilk birgə iclasının yekun protokolunu Gürcüstan xarici işlər nazirinin müavini Mixail Ukleba ilə birlikdə imzalamışdır. 1997-ci ilin fevralında keçirilmiş növbəti danışıqların yekununda dövlət sərhədinin üçüncü sahəsinin xətti razılaşdırılmış, kartoqrafik albomlar və sərhəd təsvirləri imzalanmışdır.
Albert Salamov müxtəlif illərdə bir sıra digər hökumətlərarası komissiya və nümayəndə heyətlərinin də üzvü olmuşdur. 20 avqust 1998-ci ildə Azərbaycan–Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasına, 1 fevral 1999-cu ildə isə Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasına daxil edilmişdir. 12 mart 1999-cu ildən Azərbaycan və Rusiya sərhəd rayonlarının əməkdaşlığı haqqında saziş üzrə danışıqlar aparmaq üçün yaradılmış Azərbaycan hökumətinin nümayəndə heyətinin üzvü olmuşdur.
Albert Salamov Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2001-ci il tarixli Sərəncamı ilə xarici işlər nazirinin müavini vəzifəsindən azad edilmişdir. Hal-hazırda Moskvada yaşayır.
İstinadlar
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanın xarici işlər nazirləri Kateqoriya:Azərbaycanın xarici işlər nazirlərinin müavinləri