VI Alfonso () və ya Cəsur Alfonso (; ) — Kastiliya, Qalisiya və Leon kralı.

Həyatı Təxminən 1040-cı ildə Santiaqoda Leon kralı I Ferdinandın ikinci oğlu kimi dünyaya gəldi. Atasının ölümündən sonra 1065-ci ildə qardaşlarıyla birlikdə ata mülkünü böldülər. Belə ki, Kastiliya taxt-tacını II Sanço, Leon taxt-tacını VI Alfonso, Qalisiya taxt-tacını isə II Qarsiya miras aldı.

1071-ci ildə qardaşı II Sanço ilə əlbir olub kiçik qardaşı II Qarsiyanı mülkündən qovdular və Qalisiya bölgəsini işğal etdilər. Ancaq çox keçmədən bu qardaşıyla da münasibətləri pisləşdi. Rodriqo Diaz de Vivarın müdaxiləsiylə 12 yanvar 1072-ci ildə qardaşına məğlub oldu. Öncə Burqosda həbs edildi. Ardından bacısının müdaxiləsiylə canını xilas etdi və saçları qırxılaraq müsəlman Toledo əmiri əl-Məmunun yanına girov göndərildi.

Ancaq varissiz qardaşı II Sançonun həmin ilin ikinci yarısında sui-qəsdlə öldürülməsinin ardından həm Leon taxt-tacını, həm də Qalisiya və Kastiliya taxt-taclarını miras aldı. Qardaşının ölümündən sonra Qalisiya taxt-tacını geri almaq istəyən kiçik qardaşı II Qarsiyanı aldadaraq yanına çağırdı və 13 fevral 1073-cü ildə onu ömürlük həbs etdi. Hər iki qardaşını da siyasət meydanından uzaqlaşdıran VI Alfonso növbəti 2 il boyunca mərkəzi hakimiyyəti gücləndirməyə və ruhani zümrənin dəstəyini qazanmağa çalışdı.

1077-ci ildə Bütün İspaniyanın imperatoru () ünvanını aldı. İberiya yarımadasındakı bir çox müsəlman tayfa birliklərini vassalına çevirdi və onları vergiyə bağladı. Sadiq müttəfiqi müsəlman Toledo əmiri əl-Məmunun ölümündən sonra taxta çıxarılan azyaşlı nəvəsi əl-Qadir üsyankar feodallara qarşı VI Alfonsodan yardım tələb etdi. Ancaq bundan istifadə edən VI Alfonso Toledo şəhərini mühasirəyə aldı və 25 may 1085-ci ildə şəhəri fəth etdi. Bu hadisənin ardından İki dinin imperatoru () ünvanını qazandı. Ələ keçirilən torpaqlardakı müsəlman əhaliyə bir çox vədlər verilsə də, bunların heç biri yerinə yetirilmədi.

İberiya yarımadasında qazandığı bu siyasi nüfuz müsəlman tayfa birliklərini narahat etdi. Mürabit əmiri Yusif ibn Taşfinin rəhbərliyi ilə birləşən müsəlman tayfaları 1086-cı ilin iyulunda Cəbəllüttariq boğazını keçərək yarımadaya qoşun çıxardılar. Bundan xəbər tutan VI Alfonso Saraqosa mühasirəsini yarımçıq qoyub birlikləriylə əks istiqamətdə irəlilədi. 23 oktyabr 1086-cı ildə qarşı-qarşıya gəldilər və müsəlman birlikləri qalib gəldi. Ancaq bu qələbədən yararlana bilmədilər. Belə ki, Mürabit əmiri Yusif ibn Taşfin oğlunun ölüm xəbərini eşidib vətəninə qayıtdı. Üstəlik əsas hədəf olan Toledo şəhəri hələ də xristianların əlində idi.

Müsəlman birlikləri artıq vergi verməyi dayandırsa da, Rodriqo Diaz de Vivarın yardımıyla 2 il içində tayfalar yenidən tabeliyə alındı. Vəziyyəti öz lehinə çəkmək istəyən VI Alfonso yeni bir səlib yürüşü tərtib etmək üçün Avropadakı xristian monarxlarına məktublar yazdı. Bu yürüş heç vaxt baş tutmasa da, bir çox xristian cəngavərin yarımadaya gəlməsinə səbəb oldu. Bunlar arasında öz qızlarını evləndirdiyi Burqundiyalı Henri və Raymond da vardı. 1088-ci ildə Mürabit əmiri Yusif ibn Taşfin ikinci dəfə Cəbəllüttariq boğazını keçsə də, bu dəfə məğlub edildi. Ancaq onun 1090-cı ildəki üçüncü cəhdi uğurlu oldu. Yarımadanın cənubundakı müsəlman tayfa birliklərini özünə tabe etdi. VI Alfonso isə onlara vəd etdiyi hərbi yardımı edə bilmədi.

1097-ci ildə dördüncü mürabit istilasının da önü alına bilmədi və Toledo şəhərinin ətraf bölgələri ələ keçirildi. 1102-ci ildə Valensiya şəhərini yandıraraq geri çəkildilər.

29 may 1108-ci ildə mürabitlərlə yenidən qarşı-qarşıya gəldi. Bu dəfə yaşlılığı səbəbiylə orduya Alvar Fanez adlı cəngavər və yeganə oğlu vəliəhd-şahzadə Sanço Alfonses rəhbərlik edirdi. Bu döyüş müsəlmanların məğlubiyyətiylə nəticələnsə də, kralın yeganə oğlu və varisi döyüş meydanında həlak oldu. Oğlunun ölümündən sonra isə taxt varisliyi dul qızı Leonlu Urrakaya keçdi. Ölmədən öncə qızını Araqon və Pamplona kralı I Alfonsoyla evləndirdi.

1 iyul 1109-cu ildə Toledoda vəfat etdi.

Ailəsi

Rəsmi evlilikləri

1069-cu ildə Akvitaniya hersoqu VIII Vilyamın qızı Aqnesiya ilə formal olaraq evləndi. Gəlin namizədinin hələ 10 yaşı olması səbəbilə, 1073-cü ilin sonlarında həqiqi ər-arvad münasibəti yaşadılar. Cütlüyün bu nigahdan övladı olmadı. Tarixi mənbələrdə haqqındakı ən son qeyd 22 may 1077-ci ilə aiddir. Bu tarixdə vəfat etdiyi güman edilir.

1079-cu ildə Burqundiya hersoqu I Robertin qızı Konstansa ilə evləndi. Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çata bildi. Kralın bu evliliyi xanımının 1093-cü ildə vəfatıyla sonlandı. Urraka (1081-1126)

25 noyabr 1093-cü ildə Berta adlı biriylə evləndi. Kim olduğu və şəcərəsi bəlli deyil. Cütlüyün bu nigahdan övladı olmadı. Tarixi mənbələrdə haqqındakı ən son qeyd bir fərmanı təsdiqlədiyi 17 noyabr 1099-cu ilə aiddir. 15 yanvar 1100-cü ilə aid bir kral fərmanında isə artıq vəfat etdiyi göstərilir. Onun bu 2 tarix arasında vəfat etdiyi güman edilir.

1100-cü ildə İzabel adlı biriylə evləndi. Kim olduğu və şəcərəsi bəlli deyil. Tarixi mənbələrdə haqqındakı ən son qeyd 14 may 1107-ci ilə aiddir və bu tarixdə vəfat etdiyi güman edilir. Cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Sança (1102-1125) Elvira (1103-1135)

1108-ci ildə Beatris adlı biriylə evləndi. Kim olduğu və şəcərəsi bəlli deyil. Cütlüyün bu nigahdan övladı olmadı. Ərinin ölümündən sonra vətəninə döndüyü güman edilir.

Kənizləri

Jimena Munoz (ö. 1128), ilk xanımının ölümündən sonra saraya alındığı və zadəgan olduğu bilinir. Cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. Elvira (ö. 1151) Tereza (ö. 1130) Zahidə, Abbadilər sülaləsinə mənsub Sevilya tayfa başçısı Əl-Mötəmid ibn Abbadın qızı və ya gəlini olduğu güman edilir. 1091 tarixli Kordova mühasirəsində əri həlak olmuş, qaçaraq övladlarıyla birlikdə VI Alfonsonun sarayına sığınmışdır. Vəftiz olaraq İzabela adını almış, övladlarıyla birlikdə xristianlığı qəbul etmişdir. Bu tarixdən etibarən VI Alfonsonun hərəminə alındığı bilinir. Kraldan bir oğul dünyaya gətirdi. Sanço Alfonses (1093-1108)

Mənbə

Ədəbiyyat

.

İstinadlar Kateqoriya:XII əsr Avropa hökmdarları Kateqoriya:XI əsr Avropa hökmdarları