Kvant maşın öyrənməsi () — maşın öyrənməsi üçün kvant alqoritmlərinin öyrənilməsi. Bu termin çox vaxt klassik verilənləri təhlil edən maşın öyrənməsi məsələləri üçün kvant alqoritmlərinə, bəzən isə kvantla gücləndirilmiş maşın öyrənməsi adlandırılan yanaşmaya istinad edir.
QML alqoritmləri klassik maşın öyrənməsi alqoritmlərinin məkan və zaman mürəkkəbliyini yaxşılaşdırmağa çalışmaq üçün kubbitlərdən və kvant əməliyyatlarından istifadə edir. Hibrid QML metodları həm klassik, həm də kvant emalını əhatə edir; burada hesablama baxımından çətin altproqramlar kvant qurğusuna həvalə edilir. Bu altproqramlar təbiət etibarilə daha mürəkkəb ola və kvant kompüterində daha sürətli icra edilə bilər. Bundan əlavə, kvant alqoritmləri klassik verilənlərin əvəzinə kvant vəziyyətlərini təhlil etmək üçün də istifadə edilə bilər.
"Kvant maşın öyrənməsi" termini bəzən kvant eksperimentlərindən əldə edilən verilənlərə tətbiq olunan klassik maşın öyrənməsi metodlarına, yəni kvant sistemlərinin maşın öyrənməsinə də aid edilir. Buna kvant sisteminin faz keçidlərinin öyrənilməsi və ya yeni kvant eksperimentlərinin yaradılması misal ola bilər.
QML həmçinin müəyyən fiziki sistemlərlə öyrənmə sistemləri, xüsusilə də neyron şəbəkələri arasındakı metodoloji və struktur oxşarlıqları araşdıran tədqiqat sahəsini də əhatə edir. Məsələn, kvant fizikasından bəzi riyazi və ədədi üsullar klassik dərin öyrənməyə tətbiq oluna bilər və əksinə..
Bundan əlavə, tədqiqatçılar kvant məlumatı ilə əlaqəli daha mücərrəd öyrənmə nəzəriyyəsi anlayışlarını da araşdırırlar; bu sahə bəzən "kvant öyrənmə nəzəriyyəsi" adlandırılır.
Kvant kompüterləri ilə maşın öyrənməsi Kvantla gücləndirilmiş maşın öyrənməsi maşın öyrənməsi məsələlərini həll edən, bununla da klassik maşın öyrənməsi üsullarını təkmilləşdirən və çox vaxt sürətləndirən kvant alqoritmlərinə istinad edir. Belə alqoritmlər adətən verilmiş klassik verilənlər toplusunun kvant kompüterinə kodlaşdırılmasını tələb edir ki, həmin verilənlər kvant informasiya emalı üçün əlçatan olsun. Daha sonra kvant informasiya emalı prosedurları tətbiq edilir və kvant hesablama nəticəsi kvant sisteminin ölçülməsi yolu ilə əldə edilir. Məsələn, kubbitin ölçülməsinin nəticəsi ikili təsnifat məsələsinin nəticəsini göstərə bilər. QML alqoritmləri ilə bağlı bir çox təklif hələ də sırf nəzəri xarakter daşıyır və sınaqdan keçirilməsi üçün tammiqyaslı universal kvant kompüteri tələb edir, digərləri isə kiçikmiqyaslı və ya xüsusi təyinatlı kvant qurğularında həyata keçirilmişdir.
Kvant assosiativ yaddaşları və kvant nümunə tanınması Kvant assosiativ yaddaşları üzrə ilk tədqiqatlar 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Dan Ventura və Tony Martinez və Karlo Truqenberqer tərəfindən aparılmışdır.
Assosiativ (və ya məzmun üzrə ünvanlanan) yaddaşlar saxlanılan məzmunu oxşarlıq ölçüsünə əsasən tanıya bilir, təsadüfi girişli yaddaşlara isə saxlanılan məlumatın məzmununa görə deyil, ünvanına əsasən müraciət edilir. Buna görə də onlar həm natamam, həm də korlanmış nümunələri bərpa edə bilməlidir; bu, maşın öyrənməsinin əsas məsələlərindən biri olan nümunə tanınmasıdır.
Tipik klassik assosiativ yaddaşlar p nümunəsini n süni neyronlardan ibarət şəbəkə üzərində real, simmetrik enerji matrisinin qarşılıqlı təsirlərində (sinapslarda) saxlayır. Kodlaşdırma elə həyata keçirilir ki, arzu olunan nümunələr enerji funksionalının lokal minimumları olsun və bərpa ilkin konfiqurasiyadan başlayaraq ümumi enerjinin minimallaşdırılması yolu ilə həyata keçirilsin.
Təəssüf ki, klassik assosiativ yaddaşlar çarpaz əlaqə fenomeni ilə ciddi şəkildə məhdudlaşır. Həddindən artıq çox nümunə saxlanıldıqda, saxta yaddaşlar meydana çıxır və sürətlə çoxalır; nəticədə enerji landşaftı nizamsızlaşır və artıq heç bir bərpa mümkün olmur. Saxlanıla bilən nümunələrin sayı adətən neyronların sayının xətti funksiyası ilə məhdudlaşır: >.
Kvant assosiativ yaddaşları (ən sadə reallaşdırılmasında) nümunələri n kubbitin Hilbert fəzası üzərində fəaliyyət göstərən unitar matris U-da saxlayır. Bərpa prosesi sabit ilkin vəziyyətin unitar təkamülü yolu ilə arzu olunan nümunələrin kvant superpozisiyasına çevrilməsi ilə həyata keçirilir; ehtimal paylanması girişə ən çox oxşayan nümunədə cəmlənir. Tamamilə kvant xarakterinə görə bərpa prosesi ehtimallıdır. Lakin kvant assosiativ yaddaşları çarpaz əlaqədən azad olduğuna görə saxta yaddaşlar heç vaxt yaradılmır. Buna uyğun olaraq, onların tutumu klassik yaddaşlardan daha yüksəkdir. U unitar matrisindəki parametrlərin sayı -dir. Beləliklə, istənilən polinomial sayda nümunə üçün səmərəli və saxta yaddaşlardan azad kvant assosiativ yaddaşlarına malik olmaq mümkündür. Əgər U matrisi dövrə modelində olduğu kimi ardıcıl qapılar dəsti əvəzinə vahid operator kimi, məsələn, optik interferometr vasitəsilə kodlaşdırılırsa, bərpa hətta eksponensial sayda nümunə üçün də səmərəli olur.
Kvant amplitudları ilə xətti cəbrin simulyasiyası Maşın öyrənməsi üçün bir sıra kvant alqoritmləri amplitudların kodlaşdırılması ideyasına əsaslanır; yəni kvant vəziyyətinin amplitudlarını hesablamaların giriş və çıxışları ilə əlaqələndirməyə əsaslanır. n kubbitlik vəziyyət kompleks amplitudla təsvir edildiyinə görə, bu informasiya kodlaşdırması eksponensial dərəcədə yığcam təsvirə imkan verə bilər. İntuitiv olaraq, bu, binar təsadüfi dəyişənlər üzərində diskret ehtimal paylanmasının klassik vektorla əlaqələndirilməsinə uyğundur. Amplitud kodlaşdırmasına əsaslanan alqoritmlərin məqsədi hesablama resursları n kubbitin sayına görə polinomial şəkildə artan kvant alqoritmlərini formalaşdırmaqdır. Bu isə amplitudların sayına və nəticədə girişin ölçüsünə görə loqarifmik zaman mürəkkəbliyi deməkdir.
Bu kateqoriyadakı bir çox QML alqoritmi xətti tənliklər sistemlərinin kvant alqoritminin variasiyalarına əsaslanır (məqalənin müəlliflərinin adlarına əsasən danışıq dilində HHL adlandırılır). Bu alqoritm müəyyən şərtlər altında matrisin ölçülərindən yalnız loqarifmik asılılıqla artan fiziki resurslardan istifadə etməklə matrisin tərsini hesablaya bilir. Bu şərtlərdən biri matrisin elementlərinə uyğun gələn Hamiltonianın səmərəli şəkildə simulyasiya edilə bilməsidir; bunun matris seyrək və ya aşağı ranqlı olması halında mümkün olduğu məlumdur. Müqayisə üçün, matrisin tərsinin hesablanması üçün məlum olan istənilən klassik alqoritmdə əməliyyatların sayı matrisin ölçüsündən kvadratdan daha sürətlə artır (məsələn, ), lakin bu alqoritmlər seyrək matrislərlə məhdudlaşmır.
Kvant matris tərsindən təlim prosesinin xətti tənliklər sisteminin həllinə endiyi maşın öyrənməsi metodlarında, məsələn, ən kiçik kvadratlar üzrə xətti reqressiyada, dayaq vektor maşınının ən kiçik kvadratlar variantında və Qaus proseslərində tətbiq etmək olar.
Kvant vəziyyətlərinin amplitudları ilə xətti cəbr hesablamalarını simulyasiya edən metodların mühüm darboğazlarından biri vəziyyətin hazırlanmasıdır. Bu zaman çox vaxt amplitudları bütün verilənlər toplusunun xüsusiyyətlərini əks etdirən vəziyyətdə kvant sisteminin ilkin vəziyyətə gətirilməsi tələb olunur. Xüsusi hallar üçün vəziyyətin hazırlanmasının səmərəli üsulları məlum olsa da, bu mərhələ asanlıqla məsələnin mürəkkəbliyini gizlədə bilər.
İstinadlar
Kateqoriya:Maşın öyrənməsi Kateqoriya:Nəzəri informatika Kateqoriya:Yeni texnologiyalar