Elison Frants (tam adı: Meri Elison Frants; ; ) — amerikalı arxeoloq, bizansşünas və arxeoloji fotoqraf.

O, Afinadakı Amerika Klassik Araşdırmalar Məktəbinin Afina aqorasında apardığı qazıntıların rəsmi fotoqrafı olmuş, qədim yunan heykəltəraşlığı və Bizans dövrü abidələrinin fotoqrafik sənədləşdirilməsi ilə məşğul olmuşdur.

1939-cu ildə Frants Pilosdakı Nestor sarayından tapılmış 600-dən çox B xətti yazılı gil lövhəni iki gün ərzində fotoşəkillə sənədləşdirmişdir. Bu təsvirlər lövhələrin ilk sistemli transkripsiyasında istifadə olunmuş, sonrakı deşifrə tədqiqatları üçün də mühüm mənbə rolunu oynamışdır.

İkinci Dünya müharibəsi illərində ABŞ-ın Strateji Xidmətlər İdarəsində (OSS) çalışmış, müharibədən sonra Yunanıstanda seçkiləri müşahidə edən Müttəfiq missiyanın üzvü olmuş və 1946–1949-cu illərdə ABŞ-ın Afinadakı səfirliyində mədəniyyət attaşesi vəzifəsini tutmuşdur. Bu dövrdə Yunanıstanda Fulbrayt proqramının yaradılmasında iştirak etmişdir.

Həyatı

Erkən illəri və təhsili Elison Frants 27 sentyabr 1903-cü ildə Minnesota ştatının Dulut şəhərində beş uşaqlı ailənin ən kiçik övladı kimi anadan olmuşdur. Atası qəzet naşiri idi və Frants kiçik yaşlarında olarkən sətəlcəmdən vəfat etmişdi. Şotland əsilli anası Meri Keyt Frants ailəni bir müddət Edinburqa köçürmüş və uşaqlarının ilkin təhsili ilə özü məşğul olmuşdur.

Frants ilk fotoaparatını Edinburqda qardaşından hədiyyə almışdır. Sonralar o, beş yaşında ikən qardaşının qaranlıq otaqda fotoşəkilləri hazırlamasını izləməsini fotoqrafiyaya marağının ilk səbəblərindən biri kimi xatırlayırdı.

Ailə iki ildən sonra ABŞ-yə qayıdaraq Prinstonda məskunlaşmışdır. Frants Massaçusetsdə yerləşən Smit Kollecində klassik filologiya üzrə təhsil almış, yunan və latın dili klublarının üzvü olmuş və 1924-cü ildə bakalavr dərəcəsi almışdır. Kollecdə onun müəllimlərindən biri sənət tarixçisi Klarens Kennedi idi. Kennedinin qədim və Renessans heykəltəraşlığını sənədli dəqiqliklə fotoşəkillə qeydə alma üsulu Frantsın sonrakı fotoqrafik fəaliyyətinə təsir etmişdir.

1924–1925-ci tədris ilində Frants Romadakı Amerika Akademiyasının təqaüdçüsü olmuş, 1925-ci ilin yazında ilk dəfə Yunanıstana səfər etmişdir.

1927–1929-cu illərdə Prinston Universitetində sənət tarixçisi Çarlz Rufus Morinin rəhbərliyi altında Index of Christian Art layihəsi üçün tədqiqat aparmışdır. Prinston Universiteti həmin dövrdə qadınları tələbə kimi qəbul etmədiyinə görə Frants Bizans incəsənətinə dair doktorluq tədqiqatını Morinin elmi rəhbərliyi altında aparsa da, elmi dərəcəsini 1937-ci ildə Kolumbiya Universitetindən almışdır.

1929–1930-cu tədris ilində Afinadakı Amerika Klassik Araşdırmalar Məktəbində (ing. American School of Classical Studies at Athens, ASCSA) kitabxanaçı işləmişdir. Bu dövrdə qədim yunan abidələrinin fotoqrafiyasına sistemli şəkildə maraq göstərməyə başlamışdır.

Afina aqorası qazıntıları thumb|right|250px|Afina aqorasındakı Müqəddəs Həvarilər kilsəsi. Frants 1954–1957-ci illərdə binanın qazıntısı və bərpasında iştirak etmişdir.

Frants 1934-cü ilin yanvarında Afina aqorasında ASCSA tərəfindən aparılan qazıntılara qoşulmuşdur. Əvvəlcə qazıntıların qeydiyyat katibi Lüsi Talkotta kömək etmiş, 1930-cu illərdə isə Bizans dövrü rəssamlığına və Afinadakı kilsə freskalarına dair araşdırmalar aparmışdır.

Qazıntıların rəsmi fotoqrafı əvvəlcə alman fotoqraf Herman Vaqner idi. 1935-ci ildən Frants layihənin fotoqrafik sənədləşdirilməsini getdikcə daha çox öz üzərinə götürmüş, Vaqnerin vəzifədən ayrılmasından sonra 1939-cu ildə Afina aqorası qazıntılarının rəsmi fotoqrafı təyin edilmişdir.

Frants qazıntı sahəsinin, memarlıq qalıqlarının, keramika və digər arxeoloji materialların, həmçinin qədim yunan heykəltəraşlığı nümunələrinin sənədləşdirilməsi ilə məşğul olurdu. Onun fotoqrafik yanaşmasında obyektin formasının, səthinin və ölçüsünün elmi baxımdan aydın göstərilməsi əsas prinsip idi.

1939-cu ildə arxeoloq Karl Blegen Pilosdakı Nestor sarayından tapılmış B xətti yazılı gil lövhələri təhlükəsizlik məqsədilə Afinaya gətirmişdi. Frants iki gün ərzində 600-dən çox lövhəni fotoşəkillə sənədləşdirmişdir. Fotoşəkillərin bir dəsti 1940-cı ildə Blegenin işlədiyi Sinsinnati Universitetinə göndərilmiş və Emmett L. Bennett tərəfindən lövhələrin ilk sistemli transkripsiyası və nəşrinin hazırlanmasında istifadə edilmişdir.

B xətti yazısının 1952-ci ildə Maykl Ventris tərəfindən deşifrə olunmasından əvvəl və bu proses zamanı orijinal lövhələrin müharibə şəraitində saxlanılması səbəbindən Frantsın fotoşəkilləri tədqiqatçılar üçün əsas vizual materiallardan biri olmuşdur.

İkinci Dünya müharibəsi 1940-cı ilin oktyabrında İtaliyanın Yunanıstana hücumundan sonra ölkədə arxeoloji qazıntılar dayandırılmışdır. ASCSA ilə əlaqəli bir qrup arxeoloq Yunanıstana yardım məqsədilə Amerika Məktəbinin Yunanıstana Yardım Komitəsini yaratmış, Frants da bu təşəbbüsə qoşulmuşdur. O, Lüsi Talkottla birlikdə 1941-ci ildə nəşr edilmiş This Is Greece kitabını hazırlamış, nəşrdən əldə olunan gəlirlər yardım fəaliyyətinə yönəldilmişdir.

Frants 1941-ci ildə Vaşinqtona köçərək Dambarton Ouks tədqiqat mərkəzində çalışmışdır. 1942-ci ilin yayında Strateji Xidmətlər İdarəsinə (OSS) qəbul edilmiş, əvvəlcə Tədqiqat və Təhlil şöbəsində, sonra isə Xarici Millətlər Bölməsində fəaliyyət göstərmişdir. Onun rəsmi vəzifəsi kiçik sosial elmlər analitiki idi; əsas işi ABŞ-də yaşayan Avropa və Aralıq dənizi mənşəli siyasi mühacirlərlə müsahibələr aparmaq və onların ölkələrindəki siyasi vəziyyət barədə məlumat toplamaqdan ibarət idi.

Frants OSS-də arxeoloq Karl Blegenin köməkçisi və siyasi analitiki kimi də çalışmış, 1942-ci ilin sonlarında baş siyasi analitik vəzifəsinə yüksəldilmişdir.

Müharibədən sonrakı dövlət xidməti 1946-cı ildə Frants Karl Blegenlə birlikdə Yunanıstanda həmin il keçirilən parlament seçkilərini müşahidə etmək üçün Böyük Britaniya, Fransa və ABŞ nümayəndələrindən ibarət Müttəfiq missiyaya təyin edilmişdir.

Həmin il qısa müddət ABŞ İnformasiya Xidmətində çalışmış, 1946–1949-cu illərdə isə ABŞ-ın Afinadakı səfirliyində mədəniyyət attaşesi olmuşdur. Bu vəzifədə Afina Simfonik Orkestrinin müharibədən sonrakı fəaliyyətinin bərpasına dəstək göstərmiş və Yunanıstanda Fulbrayt proqramının yaradılmasında iştirak etmişdir. Proqram çərçivəsində 1949-cu ildə ASCSA-ya ilk amerikalı təqaüdçülər göndərilmişdir.

Sonrakı elmi fəaliyyəti Frants 1946-cı ildə Afina aqorası qazıntılarına qayıtmış və 1964-cü ilədək layihənin rəsmi fotoqrafı kimi fəaliyyət göstərmişdir.

1954–1957-ci illərdə memar Con Travlosla birlikdə Afina aqorasındakı Müqəddəs Həvarilər kilsəsinin bərpasına rəhbərlik etmişdir. Frants binanın arxeoloji qazıntısını aparmış, sonradan əlavə edilmiş XIX əsr narteksinin çıxarılmasında iştirak etmişdir.

1960-cı ilin iyununda Pilosdakı Nestor sarayı qazıntılarının fotoşəkillərini çəkmişdir. 1963–1964-cü illərdə Afinadakı Areopaqın şimal yamacında yerləşən XVI əsr Müqəddəs Dionisios Areopagit kilsəsinin qalıqlarını araşdırmışdır.

1966-cı ildə Frants Sikion adasında əvvəllər Apollon məbədi kimi müəyyən edilmiş tikilidə ilkin araşdırma aparmışdır. 1967-ci ildə Con Travlos və Homer Tompsonla birlikdə aparılan qazıntı həmin tikilinin əslində eramızın II–III əsrlərinə aid monumental Roma türbəsi olduğunu göstərmişdir.

1964-cü ildə Afina aqorası layihəsindən ayrıldıqdan sonra Frants əsasən Prinstonda yaşamış və digər arxeoloq və sənət tarixçilərinin nəşrləri üçün fotoqraf kimi fəaliyyət göstərmişdir. Bernard Eşmoul və Nikolas Yaluris üçün Olimpiyadakı Zevs məbədinin heykəllərini, Gizela Rixter üçün arxaik kore heykəllərini, Martin Robertson üçün isə Parfenon frizinin böyük hissəsini fotoşəkillə sənədləşdirmişdir.

Elmi fəaliyyəti və irsi thumb|right|260px|Parfenon frizinin şimal hissəsindən fraqment. Frants 1975-ci ildə Martin Robertsonun friz haqqında monoqrafiyası üçün sağ qalmış heykəllərin böyük hissəsini fotoşəkillə sənədləşdirmişdir.

Frantsın tədqiqatları Afina aqorasının klassik dövrdən sonrakı tarixinin, xüsusilə Son antik dövr, Bizans və Osmanlı mərhələlərinin öyrənilməsinə yönəlmişdi. Onun 1942-ci ildə Hesperia jurnalında dərc olunmuş "Turkish Pottery from the Agora" məqaləsi Yunanıstanda Osmanlı dövrü arxeoloji materialına həsr edilmiş ilk sistemli araşdırmalardan biri olmuşdur.

Arxeoloqlar Syuzan Rotroff və Robert Lamberton Frantsın Afina aqorasını yalnız klassik dövr abidəsi kimi deyil, müxtəlif tarixi mərhələlərin ardıcıl məskunlaşma sahəsi kimi öyrənilməsini müdafiə etdiyini qeyd etmişlər. Kostis Kurelis onun Bizans dövrü üzrə işlərini Aqorada klassik dövrdən sonrakı arxeologiyanın formalaşmasında mühüm mərhələ kimi qiymətləndirmişdir.

Frants qədim yunan abidələrinin fotoqrafı kimi də tanınmışdır. The New York Times qəzetində 1995-ci ildə dərc edilmiş nekroloqda o, Yunanıstandakı arxeoloji sahələrin və antik abidələrin aparıcı fotoqraflarından biri kimi təqdim olunmuşdur. Con K. Papadopulos da onu qədim yunan abidələrinin tanınmış fotoqrafları sırasında göstərmişdir.

Frantsın fotoqrafik arxivi iki əsas qurum arasında bölünmüşdür. Elmi tədqiqatlar üçün daha faydalı hesab etdiyi fotoşəkillər və neqativlər Afinadakı Amerika Klassik Araşdırmalar Məktəbinə, şəxsi fotoşəkillərinin böyük hissəsi isə Prinston Universitetinin Fayrston Kitabxanasına verilmişdir.

Ölümü Frants 1994-cü ildə insult keçirmiş, bundan sonra nitq və hərəkət qabiliyyətində çətinliklər yaranmışdır. 27 yanvar 1995-ci ildə Prinstondakı evinin yaxınlığında yük avtomobilinin vurması nəticəsində ağır xəsarət almışdır. 1 fevral 1995-ci ildə Nyu-Brunsvikdəki Robert Vud Conson Universitet Xəstəxanasında 91 yaşında vəfat etmişdir.

Mükafatları və xatirəsi 1967-ci ildə Smit Kolleci Frantsı kollecin məzunlarına verilən Smit Kolleci medalı ilə təltif etmişdir.

1973-cü ildə Amerika Fəlsəfə Cəmiyyətinə üzv seçilmişdir. Afinadakı Amerika Klassik Araşdırmalar Məktəbinin Gennadios Kitabxanası klassik dövrdən sonrakı Yunanıstanı tədqiq edən alimlər üçün onun adını daşıyan M. Elison Frants təqaüdünü verir.

2023-cü ildə ASCSA-nın ziyarətçi tələbələr üçün nəzərdə tutulmuş Lorinq Holl yataqxanasındakı otaqlardan birinə onun şərəfinə "Frants otağı" adı verilmişdir.

Seçilmiş əsərləri

Müəllifi olduğu əsərlər Frantz, Alison. "Byzantine Illuminated Ornament: A Study in Chronology". The Art Bulletin, 16 (1), 1934, s. 42–101. Frantz, Alison. "Late Byzantine Paintings in the Agora". Hesperia, 4 (3), 1935, s. 442–469. Frantz, Alison. "Middle Byzantine Pottery in Athens". Hesperia, 7 (3), 1938, s. 429–467. Frantz, Alison. "Turkish Pottery from the Agora". Hesperia, 11 (1), 1942, s. 1–28. Frantz, Alison. "Truth Before Beauty: Or, The Incompleat Photographer". Archaeology, 3 (4), 1950, s. 202–214. Frantz, Alison. The Middle Ages in the Athenian Agora. Princeton: American School of Classical Studies at Athens, 1961. Frantz, Alison. "From Paganism to Christianity in the Temples of Athens". Dumbarton Oaks Papers, 19, 1965, s. 185–205. Frantz, Alison. The Church of the Holy Apostles. The Athenian Agora, XX cild. Princeton: American School of Classical Studies at Athens, 1971. Frantz, Alison. "Pagan Philosophers in Christian Athens". Proceedings of the American Philosophical Society, 119 (1), 1975, s. 29–38. Frantz, Alison. Late Antiquity A. D. 267–700. The Athenian Agora, XXIV cild. Princeton: American School of Classical Studies at Athens, 1988.

Həmmüəllifi olduğu əsərlər Talcott, Lucy; Frantz, Alison. This Is Greece. New York: Hastings House, 1941. Travlos, John; Frantz, Alison. "The Church of St. Dionysios the Areopagite and the Palace of the Archbishop of Athens in the 16th Century". Hesperia, 34 (3), 1965, s. 157–202. Frantz, Alison; Thompson, Homer A.; Travlos, John. "The 'Temple of Apollo Pythios' on Sikinos". American Journal of Archaeology, 73 (4), 1969, s. 397–422.

Fotoqraf kimi iştirak etdiyi seçilmiş nəşrlər Harrison, Evelyn B. Portrait Sculpture. The Athenian Agora, I cild. Princeton, 1953.