Spektral enerji paylanması (SEP) elektromaqnit və ya mexaniki şüalanmanın, ən çox isə işığın enerjisinin tezlik və ya dalğa uzunluğundan asılılığını göstərən qrafikdir. Bu anlayışı tezlik və ya dalğa uzunluğundan asılı axın sıxlığını göstərən "spektr" ilə qarışdırmaq olmaz. SEP astronomiyanın bir çox sahəsində astronomik mənbələri xarakterizə etmək üçün istifadə olunur. Elektromaqnit spektrinin müəyyən oblastlarında müşahidə olunan udulma və ya emissiya xətləri kimi SEP xüsusiyyətləri tədqiq olunan obyekt haqqında məlumat verir. Məsələn, radioastronomiyada onlardan sinxrotron şüalanması, sərbəst-sərbəst emissiya və digər emissiya mexanizmləri nəticəsində yaranan şüalanmanı göstərmək üçün istifadə olunur. İnfraqırmızı astronomiyada SEP-lər cavan ulduz obyektlərini, yüksək qırmızı sürüşməyə malik qalaktikaları və toz tərəfindən güclü şəkildə örtülmüş obyektləri tədqiq etmək üçün istifadə edilə bilər.
Spektral enerji paylanmasını ölçən detektor Müəyyən astronomik şüalanma mənbəyindən müşahidə olunan sayım sürətlərinin həmin mənbədən gələn, məsələn, Yer atmosferinin yuxarı sərhədinə çata biləcək axınla sadə əlaqəsi yoxdur. Bu sadə əlaqənin olmaması böyük ölçüdə şüalanma detektorlarının mürəkkəb xüsusiyyətləri ilə bağlıdır.
Bu detektor xüsusiyyətlərini iki qrupa bölmək olar:
şüanı yalnız zəiflədən xüsusiyyətlər, o cümlədən: mənbə ilə detektor arasında qalan atmosfer; mövcud olduğu halda detektor pəncərəsində udulma; detektəedici mühitin kvant effektivliyi; şüanı detektə olunan enerjiyə görə yenidən paylayan xüsusiyyətlər, məsələn: flüoressent fotonların qaçması hadisələri; detektorun daxili enerji ayırdetmə qabiliyyəti.
Spektral enerji paylanmasını ölçmək üçün tələb olunan detektorun növü müşahidə olunan elektromaqnit spektrinin hissəsindən asılı olaraq dəyişir.
Həmçinin bax
Astronomik radio mənbəyi Astronomik rentgen mənbələri Fon şüalanması Bremsştrahlunq Kosmik mikrodalğa fonunun spektral təhrifləri Siklotron şüalanması Elektromaqnit şüalanması Sinxrotron şüalanması Dalğa uzunluğuna görə dispersiv rentgen spektroskopiyası
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər The High Energy Astrophysics Science Archive Research Center (HEASARC) at NASA The Science of Spectroscopy
Kateqoriya:Optik təzahürlər Kateqoriya:Spektroskopiya Kateqoriya:Şüalanma Kateqoriya:Texniki elmlər Kateqoriya:Tətbiqi və fənlərarası fizika