Artvin körpüsü () — tarixi Klarceti regionunda, indiki Artvin şəhərinin sərhədləri daxilində, keçmişdə kənd olmuş Korzulda (hazırda Çayağzı məhəlləsi) Çorox çayı üzərində, X əsrdə gürcülər tərəfindən inşa edilmiş birtağlı daş körpü idi. Artvin şəhərinin girişində yerləşdiyi üçün Artvin körpüsü olaraq adlandırılır. Həmçinin Korzul və ya Kardzveli kəndində yerləşdiyi üçün Korzul körpüsü və ya Kardzveli körpüsü kimi də tanınır.N. Kvezereli-Kopadze, "საქართველოს ძველი ხიდები" (Gürcüstanın köhnə körpüləri), Tbilisi, 1972.''ქართული ენციკლოპედია" (Gürcüstan Ensiklopediyası), Gürcüstan Milli Elmlər Akademiyası
Tarixçəsi
Artvin körpüsü X əsrin birinci yarısında, Gürcü çarlığı dövründə inşa edilmişdir. Piyadaların və süvarilərin keçidi üçün əlverişli şəkildə layihələndirilmişdir. Körpünün yerləşdiyi Klarceti regionu XVI əsrdə osmanlıların əlinə keçmiş və Artvin körpüsü Osmanlı dövründə də eyni funksiyanı yerinə yetirmişdir. 1874-cü ildə regionda olmuş Giorgi Kazbegi Çorox çayında daşınma həyata keçirən qayıqların Artvin körpüsünün altına yanaşdıqlarını yazmışdır. 1877–1878-ci illərdəki Rusiya–Osmanlı müharibəsinin ardından körpü ruslara hərbi təzminat olaraq verilən ərazidə qalmışdır. Ruslar dəmir körpü inşa etmək məqsədilə 1893-cü ildə köhnə körpünü dinamitlə partladaraq sökmüşdür. Beləliklə sözügedən köhnə təktağlı daş körpünün təxminən 1885-ci ildə çəkilmiş fotosu müasir dövrə qədər gəlib çatmışdır. Gürcü dilində nəşr olunan "İveriya" qəzetinin 8 noyabr 1894-cü il tarixli sayındakı bir məqalədə Artvin yolunun çəkilişi ilə vəzifələndirilən rus mühəndisi tərəfindən köhnə daş körpünün söküldüyü qeyd edilmişdir. Bu məqalədə verilən məlumata görə, həmin tarixdə sökülmüş daş körpünün yerində taxta bir körpü inşa edilmişdi. Sökülmüş daş körpünün banisinin Gürcüstan kraliçası Tamar olduğuna inanılırdı.Mirian Hositaşvili, "ართვინი ქართული პრესის ფურცლებზე" (Gürcü Basını Sayfalarında Artvin), Tiflis, 2020, s. 39 ISBN 978-9941-9653-5-7 Artvin vilayəti haqqında yazdığı kitabı ilə tanınan Muvahhid Zəki 1927-ci ildə daş körpünün Artvin regionunun ruslara verilməsindən beş il sonra (1883) söküldüyünü yazmışdır. Müəllifin verdiyi məlumata görə, Ərdahan-Batum yolundan Artvin qəsəbəsinə bu körpü vasitəsilə girilirdi və körpüyə görə buraya "Körpübaşı" deyilirdi.
Memarlıq
Artvin körpüsü Çorox çayının ən dar yerində, iki qaya arasında inşa edilmişdi. Tikintisində keyfiyyətli əhəng məhlulu və kobud yonulmuş daşlardan istifadə olunmuşdu. Körpü hamar daşlarla döşənmişdi və orta hissəsində məhəccərlər var idi. Artvin şəhəri tərəfindəki başlanğıcında bir qüllə yerləşirdi. Artvin körpüsü Livane regionundakı Orta əsrlərə aid təktağlı daş körpülərin bir oxşarı idi. 1893-cü ildə bu təktağlı daş körpü dağıldıqdan sonra, onun yerində Rusiya administrasiyası tərəfindən 20 metr uzunluğunda və 6 metr enində dəmir körpü inşa edilmişdir. Muvahhid Zəki 1927-ci ildə nəşr olunan kitabında dəmir körpünü "Artvin körpüsü" adlandırmış, Borçka və Sirya körpüləri ilə birlikdə Artvin vilayəti sərhədləri daxilində Çorox çayı üzərindəki üç körpüdən biri olduğunu yazmışdır.
İstinadlar
Kateqoriya:X əsrdə tamamlanmış tikililər