Vəliəhd Sarayı () — Almaniyanın Berlin şəhərində yerləşən keçmiş Prussiya monarx iqamətgahlarından biri.
Bina 1663-1669-cu illərdə parlament üzvü İohann Martitzin sifarişiylə inşa edildi. Memar İohann Arnold Nerinqin barokko üslubunda inşa etdiyi bina 1706-1732-ci illərdə Berlin şəhər qubernatorlarının rəsmi iqamətgahı kimi istifadə edildi.
1732-ci ildə saray memarlarından Filipp Qerlax binaya alternativ bölümlər əlavə edərək genişləndirdi və Prussiya kralı I Fridrix Vilhelm sarayı oğlu vəliəhd-şahzadə Frederikin ailəsiylə yaşaması üçün təsis etdi. Şahzadənin taxta çıxdığı 1740-cı ildən etibarən isə saray yeni vəliəhd olan qardaşı şahzadə Avqust Vilyamın istifadəsinə verildi. Onun 1758-ci ildəki vəfatından sonra dul xanımı övladlarıyla birlikdə 1780-ci ilədək bu sarayda yaşamağa davam etdi.
Qısa fasilənin ardından 1786-cı ildə saray yeni kral II Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Vilhelmin ailəsiylə yaşaması üçün təsis edildi. Gələcəyin ilk Alman imperatoru I Vilhelm də məhz bu dövrdə bu sarayda dünyaya gəldi. 1797-ci ildə taxta çıxdıqdan sonra da bu sarayı istifadə edən III Fridrix Vilhelm, xanımı Kraliça Luiza və övladlarıyla birgə burada yaşamağa davam etdi. Beləcə, saray monarxial iqamətgah statusu aldı.
Ancaq III Fridrix Vilhelmin 1840-cı ildəki ölümündən sonra saray monarx ailəsi tərəfindən tərk edildi. IV Fridrix Vilhelmin səltənəti boyunca bina saray əyanlarının yaşaması üçün istifadə edildi. Ancaq çox keçmədən qardaşı vəliəhd-şahzadə Vilhelmin oğlu Fridrixin evlilik hazırlıqları başladı. Yeni cütlüyün yaşaması üçün nəzərdə tutulan saray 1856-1857-ci illərdə neoklassik üslubda yenidən restavrasiya edildi. 1861-ci ildə I Vilhelmin taxta çıxıb, Fridrixin isə vəliəhd-şahzadə ünvanı almasının ardından saray yenidən Vəliəhd Sarayı olaraq anılmağa başlandı. Cütlüyün ən böyük oğlu və gələcəkdəki son Alman imperatoru II Vilhelm də məhz bu sarayda dünyaya gəldi.
Ancaq 1888-ci ildə öncə III Fridrixin, 99 gün sonra isə II Vilhelmin taxta çıxmasının ardından saray yenidən boş qaldı. 1905-ci ildə böyük oğlu vəliəhd-şahzadə Vilhelmlə yeni evləndiyi xanımı Meklenburqlu Sesilya üçün qış iqamətgahı olaraq təsis edildi. Birinci Dünya müharibəsinin ardından başlayan Noyabr inqilabı əsnasında üsyan liderləri sarayın önündə toplanan xalq məhz buradan xitab etdilər.
Monarxiyanın ləğvindən sonra saray binası 1919-1937-ci illərdə Almaniya Milli Qalereyasının modern rəsm əsərləri kolleksiyasına ev sahibliyi etdi. Ancaq Üçüncü Reyx tərəfindən saray kulturbolşevizmin yuvası olaraq görüldü və 1936 Berlin Yay Olimpiya Oyunlarının ardından saray bağlandı. Ertəsi il isə Prussiya Sənəd Akademiyası üçün təsis edildi.
1945-ci ilin martında İttifaq qoşunları tərəfindən bombalanan saray binasından geridə sadəcə kiçik bir arxa bölüm qaldı. Müharibədən sonra 1958-ci ilədək bu bölüm bir balet məktəbi tərəfindən istifadə olunsa da, 1961-ci ildə tamamilə tərk edildi.
1968-1970-ci illərdə binada əsaslı şəkildə restavrasiya edildi.
Almaniyanın birləşdirilməsindəki ilk addım olan "Alman birliyinin qurulması haqqında Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası arasında müqavilə" (almanca:Vertrag zwischen der Bundesrepublik Deutschland und der Deutschen Demokratischen Republik über die Herstellung der Einheit Deutschlands) sənədi də 31 avqust 1990-cı ildə məhz bu sarayda imzalandı.
Bina son restavrasiya tarixindən etibarən rəsmi dövlət tədbirləri və sərgilər üçün istifadə edilir.
Mənbə
Ədəbiyyat
Paul Seidel. "Zur Geschichte des Kronprinzen-Palais in Berlin, insbesondere der ehemaligen Wohnung der Königin Luise". Hohenzollern-Jahrbuch 11 (1907) 206–57 Jörg Haspel. "Rekonstruktion als städtebauliche Denkmalpflege? Das Kronprinzenpalais in Berlin". In Rekonstruktion in der Denkmalpflege. Überlegungen, Definitionen, Erfahrungsberichte. Ed. Juliane Kirschbaum and Annegret Klein. Schriftenreihe des Deutschen Nationalkomitees für Denkmalschutz 57. Bonn: Deutsches Nationalkomitee für Denkmalschutz, 1998. . pp. 75–81 Crown Prince’s Palace: Contract Signing in a Magnificent Building. In: Sites of Unity (Haus der Geschichte), 2022.
Kateqoriya:Almaniya sarayları Kateqoriya:Almaniyadakı incəsənət muzeyləri Kateqoriya:Berlin muzeyləri Kateqoriya:Bərpa edilmiş binalar və tikililər Kateqoriya:Hohensollernlər Kateqoriya:XVII əsrdə tamamlanmış tikililər Kateqoriya:Klassisizm memarlığı