Mingəçevir Özəl Türk Liseyi (rəsmi sənədlərdə Bakı Özəl Türk Liseyinin Mingəçevir filialı) — Mingəçevir şəhərində 2014-cü ilədək fəaliyyət göstərmiş özəl tam orta təhsil müəssisəsi. Lisey Azərbaycanda "türk liseyləri" kimi tanınan, Türkiyə mənşəli "Çağ" Öyrətim İşlətmələri şirkətinin ümumtəhsil müəssisələri şəbəkəsinə daxil idi. 2014-cü ilin iyununda şəbəkənin bütün liseyləri ilə birlikdə fəaliyyəti dayandırılıb.
Fəaliyyəti Lisey "Çağ" Öyrətim İşlətmələrinin Bakı, Sumqayıt, Şirvan, Ağdaş, Mingəçevir, Quba, Lənkəran, Gəncə və Şəkidə fəaliyyət göstərən liseylərindən biri idi; şəbəkənin regionlardakı məktəbləri ayrı-ayrı fənlərin dərinləşdirilmiş və xarici dillərdə tədrisi ilə fərqlənirdi. 2004-cü ildə liseyin X sinif şagirdi Orxan Kərimov Gəncə liseyindən Şahin Əliyevlə birlikdə Aşqabadda 44 ölkənin iştirakı ilə keçirilən II Beynəlxalq informatika layihələri müsabiqəsində bürünc medal qazanıb. 2012-ci ilin yanvarında liseydə X Beynəlxalq Türk Dili Müsabiqəsinin lisey üzrə final mərhələsi keçirilib. Hər il mayın sonunda liseydə "Məzun günü" tədbiri keçirilirdi.
Lent.az-ın 2012-ci ildə dərc etdiyi araşdırmaya görə, liseyin məzunlarından 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən 27 abituriyentdən 19-u, 2011-ci ildə isə 38 abituriyentdən 35-i tələbə adını qazanıb; orta bal müvafiq olaraq 411,9 və 468,8 olub, 2011-ci ildə 19 məzun 500-dən çox bal toplayıb.
Olimpiada nailiyyətləri Liseyin şagirdləri beynəlxalq fənn olimpiadalarında Azərbaycanı dəfələrlə təmsil edib. Elm və Təhsil Nazirliyinin məlumatına görə, Beynəlxalq Riyaziyyat Olimpiadasında liseyin dörd şagirdi medal qazanıb:
İl Olimpiada Şagird Sinif Medal 2005 46-cı IMO, Merida (Meksika) Tural Əmirov XI gümüş 2010 51-ci IMO, Astana (Qazaxıstan) Sübhan Rüstəmli XI bürünc 2011 52-ci IMO, Amsterdam (Niderland) Naib Bağırov XI gümüş 2012 53-cü IMO, Mar-del-Plata (Argentina) İzmir Əliyev X bürünc
Kimya üzrə liseyin şagirdi Sənan Eminov 2003-cü ildə Beynəlxalq Kimya Olimpiadasında bürünc, 2004 və 2005-ci illərdə isə qızıl medal qazanıb; 2004-cü il qızıl medalı Azərbaycanın bu olimpiadadakı ilk qızıl medallarından biri olub. 2013-cü ildə liseyin iki məzunu — Fərid Məmmədli və İzmir Əliyev — ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduqlarına görə təhsil nazirinin əmri ilə qızıl medalla təltif olunub.
Bağlanması 2014-cü il iyunun 18-də həmtəsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olan "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyi nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) ümumtəhsil müəssisələrinin və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması barədə qərar verilib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qərarı "Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır" sözləri ilə şərh edib; təhlilçilər qərarı siyasi adlandırsa da, rəsmilər bunu rədd edib.
Təhsil Nazirliyinin 2014-cü il sentyabrın əvvəlində yaydığı məlumata görə, bağlanmış liseylərin şagirdlərinin 42 faizi digər dövlət və özəl məktəblərə keçib; qalan şagirdlər üçün Bakıda Akademik Zərifə Əliyeva adına liseydə, regionlarda isə, o cümlədən Mingəçevirdə, ABTK-nın bağlanmış lisey binalarında yerləşdirilən dövlət məktəblərinin eksperimental pilot siniflərinin açılması qərara alınıb; bu siniflərdə ayrı-ayrı fənlərin dərinləşdirilmiş və xarici dillərdə tədrisi nəzərdə tutulub.
Tanınmış məzunları Sənan Eminov (2005) — kimyaçı, Beynəlxalq Kimya Olimpiadasının iki qat qalibi (2004, 2005), Bakı Ali Neft Məktəbinin Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin rəhbəri Atiq İbrahimov (2008) — İkinci Qarabağ müharibəsinin şəhidi Orxan Kərim (Kərimov) — reklamçı, "Endorphin" agentliyinin təsisçisi, Cannes Lions festivalının Azərbaycan üzrə nümayəndəsi; 2004-cü ildə liseyin X sinif şagirdi olub
İstinadlar
Kateqoriya:Mingəçevir Kateqoriya:Azərbaycan liseyləri