Firidun Əliyev () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
Bakı Politexnik Məktəbinin elektromexanika bölməsini bitirib. Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün Almaniyaya göndərilib. Hannover və Karlsrue ali texniki məktəblərində təhsil alıb. Almaniyada olduğu müddətdə SSRİ Tələbələri Birliyinin Baden bölməsinə rəhbərlik edib.
1926-cı ildə Azərbaycana qayıdıb. Gəncədə Sənaye Texnikumunun yaradılmasında iştirak edib, texnikum direktoru, Xalq Torpaq Komissarlığının Elektrikləşdirmə İdarəsinin və "Azərşəbəkətikinti" idarəsinin rəisi vəzifələrində çalışıb.
1937-ci ildə həbs olunub. Əks-inqilabi təşkilatda iştirak etməkdə ittiham edilərək səkkiz il müddətinə azadlıqdan məhrum olunub.
Həyatı
İlk illəri Firidun Əzim oğlu Əliyev 1898-ci il dekabrın 30-da Gülablı kəndində anadan olub. 1905-ci ildə erməni-türk toqquşmaları zamanı ailənin evi yandırılıb. Bundan sonra ailə əvvəlcə Hindarxa, daha sonra Bakıya köçüb. 209x209px|thumb|left|Bakı Politexnik Məktəbinin tələbəsi ikən 1914-cü ildə Bakı Politexnik Məktəbinə daxil olub. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il iyulun 1-də məktəbin elektromexanika bölməsində təhsilini başa vurub. İyulun 2-də verilən attestat əsasında ona elektromexanika ixtisası üzrə texnik rütbəsi verilib.
Firidun Əliyev 1919-cu il iyulun 4-də Bakı valisinə ərizə ilə müraciət edərək aldığı texniki təhsilə uyğun vəzifəyə təyin edilməsini istəyib. Bakı valisi Rəşid bəy Axundzadənin iyulun 12-də imzaladığı 484 saylı əmrlə iyulun 5-dən etibarən vali idarəsinin inşaat bölməsinə dəftərxana qulluqçusu təyin olunub. İyulun 30-da verilən 518 saylı əmrlə isə iyulun 26-dan həmin bölmədə çertyojçu vəzifəsinə keçirilib.
1919-cu il iyulun 31-də xalq maarif nazirinə yazdığı ərizədə Bakı Politexnik Məktəbinin elektromexanika bölməsini həmin il birinci dərəcə üzrə bitirən yeganə müsəlman olduğunu bildirib. Maddi imkanlarının xaricdə təhsil almağa kifayət etmədiyini qeyd edərək elektromexanika üzrə təhsilini davam etdirmək üçün Almaniyaya göndərilməsinə kömək göstərilməsini istəyib. Məqsədinin ixtisasını təkmilləşdirərək Azərbaycana qayıtmaq və ölkədə texniki mütəxəssis kimi çalışmaq olduğunu yazıb. Avqustun 4-də təqdim etdiyi digər ərizədə Elzasın Mülhauzen şəhərindəki Politexnik İnstitutunda oxumaq istədiyini bildirib. Noyabrın 8-də isə Berlində və ya Almaniyanın ona yaxın şəhərlərindəki institutlardan birində təhsilini davam etdirmək arzusunda olduğunu qeyd edib.
1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislər hazırlamaq məqsədilə 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi haqqında qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.
1920-ci il yanvarın 14-də təhsilini bitirdikdən sonra dörd il işləyəcəyinə və oxuyacağı ölkədə siyasi və ya partiya fəaliyyətinə qoşulmayacağına dair iltizamnamələr təqdim edib. Həmin gün ona Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi haqqında 535 saylı vəsiqə verilib. Bakı valisi Əmir bəy Nərimanbəyovun yanvarın 18-də imzaladığı əmrlə xaricə göndərildiyinə görə çertyojçu vəzifəsindən azad edilib.
Almaniyada Firidun Əliyev 1920-ci ilin yanvarında Bakıdan yola düşüb. Batum və İstanbuldan keçərək Romaya gəlib. Viza gözlədiyinə görə təxminən iki ay burada qalıb. Daha sonra İsveçrəyə gedib, Berndə beş-altı gün Almaniyaya viza verilməsini gözləyib. 1920-ci il aprelin 2-də Karlsrue şəhərinə çatıb. Karlsruedə alman dilini öyrənib və iş axtarıb. İş tapa bilmədiyindən həmin ilin sentyabrında Unterrixsdorf kəndinə gedərək mədəndə əvvəl fəhlə, sonra elektrik montyorunun köməkçisi işləyib. Təxminən ay yarımdan sonra çilingər emalatxanasına göndərilib və burada da elektrik montyorunun köməkçisi kimi çalışıb. Bu işi 1920-ci ilin oktyabrından 1921-ci ilin mayınadək davam etdirib.
1921-ci ilin mayında Hannover Ali Texniki Məktəbinə daxil olub. Burada bir semestr oxuduqdan sonra Karlsrueyə qayıdıb. 1922–1926-cı illərdə Karlsrue Ali Texniki Məktəbində təhsil alıb. Təhsil müddətində Azərbaycan SSR-dən aldığı təqaüd və işləyərək topladığı vəsait hesabına dolanıb. Öz ifadəsinə görə, 1923-cü ilin ortalarından Almaniyadan qayıdanadək SSRİ Tələbələri Birliyinin Baden bölməsinə rəhbərlik edib. Bu vəzifəyə Badendə təhsil alan tələbələr tərəfindən seçilib.
Almaniyada olduğu müddətdə iki dəfə həbs olunub. İstintaqda verdiyi məlumata əsasən, ilk dəfə 1921-ci il martın 21-də Hetştadtda baş vermiş üsyandan sonra saxlanılıb. İkinci dəfə 1926-cı ilin sentyabrında Karlsruedə mənzil sahibinin şikayəti əsasında həbs edilib. Şikayətdə onun yaşadığı mənzildə siyasi yığıncaqlar keçirildiyi, mənzil və mebel təmiri haqqını ödəmədiyi bildirilib. Firidun Əliyev isə yanına gələnlərin tələbə məsələləri ilə bağlı müraciət edən şəxslər olduğunu qeyd edib. Məhkəmədə siyasi fəaliyyətdə iştirakı sübuta yetirilmədiyindən azad edilib. Mənzil sahibinə borcunu ödəyəcəyinə dair öhdəlik götürüb. Lakin borcunu ödəyə bilmədiyi üçün girov saxlanılan şəxsi sənədlərini, o cümlədən təhsilini bitirməsi haqqında sənədini geri ala bilməyib. 1926-cı ilin dekabrında Almaniyadan Azərbaycana qayıdıb.
SSRİ-də Azərbaycana qayıtdıqdan sonra Lənkəranda peşə məktəbinə direktor təyin olunub. Lənkəran Həmkarlar İttifaqının rayon konfransında təftiş komissiyasının üzvü seçilib. 1928-ci ildə Bakıya çağırılıb və N. Nərimanov adına Neft Sənayesi Texnikumunnunda elektrik şöbəsinin müdiri təyin olunub. 1929-cu ilin sentyabr ayında Gəncə Sənaye Texnikumuna direktor təyin olunub. 1931–1933-cü illərdə N. Nərimanov adına Neft Sənayesi Texnikumunun direktoru olub. 1933-cü ildə Xalq Torpaq Komissarlığının Elektrikləşdirmə İdarəsinin, "Azərkəndtəsərrüfatıtəchizat"ın rəisi vəzifələrində işləyib. Sonradan sıravi mühəndis kimi fəaliyyət göstərib. "Azərenerji"ninnin "Azərşəbəkətikinti" idarəsinin rəisi olub.
1937-ci ilin iyununda "Azərşəbəkətikinti" idarəsinin partiya təşkilatında Firidun Əliyevin partiya üzvlüyünə namizədlikdən üzvlüyə keçirilməsi müzakirə olunub. İyunun 5-də keçirilən iclasda onun fəaliyyəti əvvəlcə müsbət qiymətləndirilsə də, daha sonra xaricdə təhsili və müxtəlif şəxslərlə əlaqələri haqqında ittihamlar səsləndirilib. İyunun 22-də keçirilən növbəti iclasda Firidun bəyin partiya üzvlüyünə namizədlikdən çıxarılması barədə təklif qəbul edilib və qərar qəbul olunub. 230x230px|thumb|Həbsdə ikən 1937-ci il. 1937-ci il iyulun 11-də həbsinə order verilib. İyulun 12-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının əməkdaşları tərəfindən həbs olunub. Həmin gün evində axtarış aparılıb, kitabları və fotoşəkilləri götürülüb. Anası Sara Əliyeva iyulun 29-da Mircəfər Bağırova məktub yazaraq oğlunun işinə baxılmasını və azad edilməsini istəyib. O, xalq daxili işlər komissarına da bir neçə dəfə müraciət edib. Atası Əzim Əliyev isə avqustun 23-də Bağırova məktub göndərib. Bu müraciətlər Firidun Əliyevin azad olunması ilə nəticələnməyib.
Firidun Əliyev 1937-ci il iyulun 13-dən 1938-ci il aprelin 11-dək altı dəfə dindirilib. Aprelin 11-də istintaqın başa çatması haqqında protokol tərtib edilib. 1939-cu il martın 15–16-da Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət Məhkəmə Kollegiyası onun işinə baxıb. Hökmün əsaslandırılmasında Almaniyada təhsil alması, orada iki dəfə həbs olunması, sonradan əks-inqilabi fəaliyyətdə ittiham edilmiş şəxslərlə əlaqələri və şəxsi sənədləri arasında İran konsulluğundan alınmış məktub zərfinin saxlanılması göstərilib. O, sovet hakimiyyətini üsyan yolu ilə devirmək məqsədi daşıdığı iddia edilən təşkilatda iştirak etməkdə təqsirli bilinib. İttihamların bir hissəsi sübuta yetirilmədiyindən həmin maddələr üzrə bəraət alsa da, səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra üç il müddətinə siyasi hüquqlardan məhrum olunması və əmlakının müsadirəsi qərara alınıb. Cəza müddəti 1937-ci il iyulun 12-dən hesablanıb. Firidun Əliyev Vyatka həbs düşərgəsində saxlanılıb.
Sürgündən azad olunduqdan sonra 1946-cı ilin noyabrında ailəsi ilə birlikdə Vartaşen rayonuna köçüb. 1948-ci il fevralın 11-də SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası onun haqqında çıxarılmış hökmü ləğv edib. Azərbaycan SSR dövlət təhlükəsizliyi naziri Stepan Yemelyanov aprelin 24-də bu qərara etiraz etsə də, etiraz nəticəsiz qalıb. Avqustun 13-də SSRİ Ali Məhkəməsinin sədri qərarın ləğvi üçün əsas görmədiyini bildirib. Bəraət aldıqdan sonra Bakıya qayıdıb.
Firidun Əliyev 1948-ci il dekabrın 10-da Bakıda qatarın altında qalaraq vəfat edib.
Azərbaycan Cümhuriyyəti dövründə Bakı valisi olmuş Rəşid bəy Axundzadənin qızı Validə xanımın sözlərinə görə, Firidun bəy həbsdən qayıtdıqdan sonra Bakı vağzalında təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən elektrik qatarının altına itələnib.
Ailəsi Firidun bəy Gülablı sakinləri Əzim Əliyev və Sara xanımın ailəsində dünyaya gəlib. 1905-ci ildə erməni-türk toqquşmaları zamanı ailənin evi yandırılıb. Bundan sonra ailə əvvəlcə Hindarxa, daha sonra Bakıya köçüb. Bakıya köçdükdən sonra Əzim Əliyev Bakı 2-ci türk məktəbində qarovulçu, anası Sara xanım isə xadimə işləyib. Sara xanım sonradan dörd dəfə Bakı Şəhər Xalq Deputatları Sovetinə üzv seçilib, yerli sovet və ictimai qurumların fəaliyyətində iştirak edib.
1937-ci ildə tərtib edilmiş məhbus anketində Firidun Əliyevin 21 yaşlı Yelizaveta Petrovna ilə evli olduğu qeyd olunub.
Firidun bəy sürgündə ikən əslən Polşa yəhudisi olan Raisa Mixaylovna Vildmanla tanış olub. Raisa xanım on yaşında Moskvaya gedib və təhsilini orada davam etdirib. 1934-cü ildə Hərbi Kimya Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1937-ci ildə Polşanın xeyrinə casusluqda ittiham edilərək həbs olunub. 1946-cı il sentyabrın 6-da qızları Aliyə dünyaya gəlib. 1948-ci ildə bəraət aldıqdan sonra Bakıya gedib. Firidun bəyə Bakıda yaşamağa icazə verilmədiyindən Raisa Vildman qızı ilə birlikdə Nijni Tagilə köçüb. 1956-cı ildə vəfat edib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Repressiya qurbanları