Omik kontakt – xətti (Om qanununa uyğun olaraq) və simmetrik volt-amper xarakteristikası (VAX) ilə səciyyələndirilən metal və yarımkeçirici və ya iki fərqli yarımkeçirici arasındakı elektrik qovşağı (kontaktı)-dır. İki keçirici arasında elektrik yüklərinin hər iki istiqamətdə asanlıqla axması üçün aşağı müqavimətli omik kontaktlardan istifadə olunur. Əksinə, xətti VAX nümayiş etdirməyən kontakt qeyri-omik adlanır. Qeyri-omik kontaktları P-N keçidi, Şotki (Schottky) baryeri, düzləndirici heterokeçid və ya deşilmə (breakdown) qovşağı kimi bir sıra formalarda olur. Əgər VAX asimmetrik və qeyri-xəttidirsə, deməli, kontakt müəyyən dərəcədə düzləndiricidir.
Ümumiyyətlə, "omik kontakt" termini dolayı yolla metalın yarımkeçirici ilə omik kontaktını ifadə edir və burada omik kontakt müqavimətinə nail olmaq mümkündür, lakin bunun üçün diqqətli texnika tələb olunur. Metal-metal omik kontaktları yaratmaq nisbətən daha asandır, lakin bu halda izolyasiya çirklənməsi, həddindən artıq səth kobudluğu və ya oksidləşmə təbəqələrini aradan qaldırmaqla metallar arasında birbaşa təmas təmin etmək lazımdır. Omik metal-metal kontaktlarının yaradılması üçün müxtəlif üsullardan istifadə olunur (lehimləmə, qaynaq, sıxılma (crimping), çökdürmə (deposition), elektroörtmə (electroplating) və s.).
Yarımkeçirici interfeyslərdə kiçik kontakt müqavimətinə və xətti VAX-na malik stabil kontaktların alınması yarımkeçirici cihazların performansı və etibarlılığı üçün vacibdir. Yarımkeçiricilərlə omik kontaktların alınması üçün adətən, düşünülmüş şəkildə seçilmiş müəyyən tərkibli nazik metal təbəqələr çökdürülür və sonradan tavlama (annealing) prosesi reallaşdırılır.
İstinadlar
Xarici keçidlər Simon M. Sze, Kwok K. Ng. Physics of Semiconductor Devices. Wiley, 2006.(https://kolegite.com/EE_library/books_and_lectures/%D0%9C%D0%B8%D0%BA%D1%80%D0%BE%D0%B5%D0%BB%D0%B5%D0%BA%D1%82%D1%80%D0%BE%D0%BD%D0%B8%D0%BA%D0%B0/Physics%20of%20Semiconductor%20Devices%20--%20S.%20M.%20Sze%2C%20Kwok%20K.%20Ng%20--%203%2C%202007%20--%20Wiley%20--%206010706028c34879055bcc44e5b7b108%20--%20Anna%E2%80%99s%20Archive.pdf).
Kateqoriya:Materialşünaslıq Kateqoriya:Yarımkeçiricilər fizikası