Zeynəb bint Məhəmməd (; ) — İslam peyğəmbəri Məhəmməd ilə Xədicənin ən böyük qızı.
Həyatı Hicrət hadisəsindən 22 il əvvəl Məkkə şəhərində anadan oldu. İslamı anası və digər ailə üzvləri ilə birlikdə qəbul etdi. Xalasının oğlu Əbül-Əs ibn ər-Rəbi ilə ailə qurdu. Bu nikahdan Əli və Ümamə adlı iki övladı dünyaya gəldi. Əri İslamı qəbul etməsə də, onun inancına müdaxilə etmədi. Hətta məkkəli bütpərəstlərin təkidlərinə baxmayaraq, Zeynəbi boşamayacağını bildirdi.
Atası və digər ailə üzvləri Mədinəyə hicrət etdikdə, Zeynəb əri icazə vermədiyi üçün Məkkə qalmağa məcbur oldu. Əbül-Əs Bədr döyüşündə müsəlmanlara əsir düşdükdə, onu xilas etmək üçün anasından qalmış qiymətli əşyaları fidyə olaraq göndərdi. Məhəmməd Xədicədən qalmış qiymətli əşyaları gördükdə, Əbül-Əs ibn ər-Rəbini Zeynəbi Mədinəyə göndərməsi şərti ilə azad etdi. Əbül-Əs Məkkəyə qayıtdıqda Zeynəbi öz qardaşı Kinanə ilə Mədinəyə yolladı.
Lakin bəzi qureyşlilər bunu öyrəndikdə, onların arxasından getdilər və onlara çatdılar. Həbbab adlı şəxs nizəsi ilə Zeynəbin dəvəsini ürkütdü və nəticədə Zeynəb dəvədən yıxılaraq ciddi xəsarət aldı. Əbu Süfyanın məsləhətindən sonra gecə hərəkət etməyə başlayan Kinanə, Zeynəbi Zeyd ibn Harisəyə təslim etdi. Hadisədən xəbər tutan Məhəmməd, Zeynəbə xəsarət yetirənlərin cəzalandırılması üçün dəstə yolladı. Lakin göndərilmiş dəstə günahkarı tapa bilmədi.
Əri müsəlman olmadığı üçün hicrətin 6-cı (627) ilin sonuna kimi Zeynəb Mədinədə, Əbül-Əs ibn ər-Rəbi isə Məkkədə yaşamağa davam etdilər. Mənbələrdə Əbül-Əs ibn ər-Rəbinin bu müddətdə ərzində Uhud döyüşündə də iştirak etdiyi qeyd edilir.
Hicrətin 6-cı ilində Əbül-Əs qureyşlilərin ticarət karvanı ilə birlikdə Suriyadan qayıdarkən, mallar və karvandakı şəxslərlə birlikdə müsəlmanlara əsir düşdü, lakin Əbül-Əs onların əlindən qaçmağ bacardı və Mədinəyə getdi. Orada Zeynəbi tapdı. Zeynəbdən özünə aman verilməsini və karvan mallarının geri qaytarılmasını istədi. Zeynəb ona aman verdiyini bildirdi və Məhəmməddən onun istəyinin yerinə yetirilməsini xahiş etdi.
Məhəmməd də Zeynəbin istəyini qəbul etdi. Lakin Məhəmməd onların ər-arvad kimi yenidən bir araya gəlmələrinin mümkün olmadığını söylədi.
Bundan sonra Əbül-Əs Məkkəyə qayıtdı və malları sahiblərinə təhvil verdi. Ardınca məkkəlilərə İslamı qəbul etdiyini bildirdi və hicrətin 7-ci ilinin Məhərrəm ayında (628-ci ilin may–iyun aylarında) Mədinəyə hicrət etdi. Məhəmməd də onların əvvəlki nikahlarına əsasən evliliklərini davam etdirmələrinə icazə verdi.
Zeynəb hicrətin 8-ci ilinin Səfər ayının sonunda (629-cu ilin iyun ayında) Mədinədə vəfat etdi. Hicrət vaxtı aldığı xəsarətdən öldüyü üçün Zeynəb islam mənbələrində şəhid hesab olunmuşdur.
İstinadlar
Kateqoriya:Məkkəlilər Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Qureyş Kateqoriya:Səhabələr Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VI əsr qadınları Kateqoriya:VII əsr qadınları