Müqəddəs Nikolayın yepiskopluq səlahiyyətinin səmavi təsdiqi və ya sadəcə Müqəddəs Nikolay freskası — 1297-ci ildə Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırının baş kilsəsinin cənub daxili divarında yaradılmış monumental rəsm əsəri.

Kompozisiyada Müqəddəs Nikolayın yepiskopluq nüfuzunun səmavi təsdiqi təsvir edilmişdir. Əsərin əsas personajları Müqəddəs Nikolay, İsa Məsih, Məryəm və arxangel Mikayıldır.Karen Matevosyan. "Dadivank and Its Frescoes". Dadivank: Revived Miracle, Yerevan, 2018, səh. 137–151. PDF.

Təxminən 15 m² sahəni əhatə edən freska baş kilsənin şimal divarındakı Müqəddəs Stefanın daşqalaq edilməsi kompozisiyası ilə eyni dövrə aid edilir. Hər iki əsərin bədii-texniki oxşarlıqları onların eyni rəssam və ya rəssamlıq emalatxanası tərəfindən yaradılması ehtimalını əsaslandırır.Ara Zaryan. "Ս. Ստեփանոս նախավկայի քարկոծութեան տեսարանը պատկերագրող որմնանկարը Դադիվանքում". Բազմավէպ, cild 174, № 1–2, 2016, səh. 164–173. PDF.

Tarixi və dini mühiti

Freskanın yerləşdiyi Arzu Xatun kafedral kilsəsi 1214-cü ildə hökmdar Vaxtanqın həyat yoldaşı Arzuxatun tərəfindən inşa etdirilmişdir. Kilsənin tikilməsi Arzuxatunun mərhum əri və oğullarının xatirəsi ilə əlaqədar olmuşdur. Kirakos Gəncəlinin məlumatlarında Arzuxatun və qızlarının bədii qabiliyyətləri haqqında da məlumat verilir.

Xudavəngin dini-tarixi mənsubiyyəti Alban katolikosluğunun və bölgənin digər xristian kilsə təşkilatlarının fəaliyyəti ilə əlaqədar araşdırılmışdır. Fəridə Məmmədova Alban katolikosluğunun tarixi iqamətgahlarını sadalayarkən Xudavəngi də onların sırasında göstərmişdir. Müəllifin məlumatına görə, katolikosluğun mərkəzi qısa müddət bu monastırda yerləşmiş, 1240-cı ildən isə Gəncəsərdə fəaliyyət göstərmişdir.

Hravard Hakobyan, Tamara Minasyan və Vahe Torosyanın 2022-ci ildə nəşr edilmiş monoqrafiyasında Uti və Qarabağ bölgələrinin yepiskopluqlarının Sasani dövründə Alban Kilsəsinin yurisdiksiyasına keçdiyi və sonrakı dövrlərdə də Alban katolikosluğu ilə bağlı qaldığı göstərilir. Eyni nəşrdə Xudavəngin XII əsrdən yepiskopluq iqamətgahı olduğu bildirilir.

Azərbaycan memarlıq tarixçisi Davud Axundov da Xudavəngi Qafqaz Albaniyasının dini-memarlıq irsi kontekstində araşdırmış, monastırın Alban yepiskopluğunun mərkəzlərindən biri kimi fəaliyyət göstərdiyini qeyd etmişdir.

Bu məlumatlar Xudavəngin Alban katolikosluğunun tarixi dini mühiti ilə əlaqəsini göstərir. Bununla belə, katolikosluğun Xudavəngdəki qısamüddətli iqamətgahı freskanın yaradıldığı 1297-ci il ilə eyni dövrə aid deyil. Həmin ildə monastırın konkret yepiskopunun hansı katolikos tərəfindən təyin edildiyini təsdiqləyən ayrıca sənəd müəyyənləşdirilməmişdir.

Alban katolikosluğunun Erməni Həvari Kilsəsi ilə iyerarxik münasibətləri müxtəlif dövrlərdə dəyişmişdir. Buna görə monastırın tarixi yurisdiksiyası, dini mərasimlərin dili və freskanın ikonoqrafik mənşəyi bir-birindən fərqləndirilməlidir.

Yaradılması və tarixləndirilməsi 200px|thumb|right|Freskada Müqəddəs Məryəm təsvirinin detal görünüşü, XIII əsr Freskanın yaradılma tarixi haqqında erkən sənətşünaslıq tədqiqatlarında müxtəlif fikirlər irəli sürülmüşdür. Rus sənətşünası Lidiya Durnovo əsəri Xudavəngdəki digər monumental kompozisiya ilə birlikdə araşdırmış və hər iki təsvirin yaradılmasını ehtimalla 1312-ci ildə kilsədə aparılmış bərpa işləri ilə əlaqələndirmişdir.

Davud Axundov bu tarixləndirməyə etiraz etmişdir. O, Kirakos Gəncəlinin Arzuxatun və qızlarının rəssamlıq bacarıqları haqqında məlumatına əsaslanaraq freskaların onlar tərəfindən yaradılmış ola biləcəyini ehtimal etmişdir.

Sonrakı konservasiya-bərpa və epiqrafik tədqiqatlarda freskanın 1297-ci ildə yaradıldığı müəyyənləşdirilmişdir. Onun üzərindəki ermənicə boya kitabəsində erməni təqvimi ilə 746-cı ilə uyğun gələn tarix göstərilir. Bu tarix miladi 1297-ci ilə uyğun gəlir.

Beləliklə, Durnovonun 1312-ci il ehtimalı və Axundovun Arzuxatunla bağlı atribusiyası əsərin tədqiqi tarixində mühüm yer tutur. Lakin 1297-ci il kitabəsi freskanın tarixləndirilməsi üçün daha birbaşa dəlildir.

Sifarişçilik məsələsi

Freskanın sifarişçisini müəyyənləşdirən birbaşa kitabə məlum deyil. Karen Matevosyan freskaların sifarişçiliyini Xaçın hökmdar nəslindən olan Mamkanın ailəsi ilə əlaqələndirməyi mümkün hesab etmişdir. Bu ehtimal Xudavəngdə Mamkan və oğlu Qriqorun bağışlarını sənədləşdirən kitabəyə, xüsusilə Müqəddəs Stefan bayramında anım liturgiyasının keçirilməsini nəzərdə tutan hissəyə əsaslanır.

Həmin kitabənin tarixləndirilməsi mübahisəlidir. Sedrak Barxudaryan əsas mətni 1307-ci ilə aid etmişdir. Samvel Karapetyan isə əvvəlki tarix oxunuşuna düzəliş edərək 1267-ci il variantını irəli sürmüş və 1312-ci ilə aid son sətrin müstəqil yazı olduğunu bildirmişdir.

Kitabədə Nikolay freskasının yaradılması və sifarişçisi birbaşa göstərilmir. Buna görə Mamkanla əlaqə təsdiqlənmiş fakt deyil, tarixşünaslıq ehtimalıdır.

Təsviri

Freska baş kilsənin cənub daxili divarında yerləşirdi. Kompozisiyanın ətrafı qalın qırmızı çərçivə ilə əhatələnmiş, çərçivənin daxili boyunca nazik ağ xətt çəkilmişdir.

Təsvirin yuxarı hissəsində mavi səma, aşağı hissəsində isə qəhvəyi torpaq fonu işlənmişdir. Səma və torpaq ağ üfüqi xətlə ayrılmışdır.

Kompozisiyanın mərkəzində yepiskop geyimində Müqəddəs Nikolay yerləşir. Onun bir tərəfində İsa Məsih, digər tərəfində Məryəm təsvir olunmuşdur. Bu iki fiqur Nikolaya yepiskopluq səlahiyyətini bildirən atributları təqdim edir.

Əsərdə arxangel Mikayıl də iştirak edir. Onun təsviri müqəddəsin səmavi himayəsini vurğulayan ermənicə kitabə ilə müşayiət olunur.

Mövzu və ikonoqrafiya

Yepiskopluq səlahiyyətinin səmavi təsdiqi

Freskanın əsas mövzusu Müqəddəs Nikolayın dini nüfuzunun Məsih və Məryəm tərəfindən təsdiq edilməsidir. Bu süjet Şərqi xristian incəsənətində, xüsusilə Bizans mənşəli ikonoqrafik ənənədə məlumdur.

Müasir ikonoqrafik izaha əsasən, kompozisiyada İsa Məsih Nikolaya İncil kitabını, Məryəm isə yepiskopluq səlahiyyətini bildirən omoforu təqdim edir.

Lidiya Durnovo kompozisiyanı Məsihin Nikolaya mitra, Məryəmin isə omofor təqdim etməsi səhnəsi kimi təsvir etmişdir. Davud Axundov da həmin atributları mitra və omofor kimi müəyyənləşdirmişdir.

Beləliklə, əvvəlki və sonrakı sənətşünaslıq təsvirlərində Məsihin təqdim etdiyi atributun identifikasiyası fərqlidir. Bununla belə, kompozisiyanın ümumi mənası Nikolayın yepiskopluq nüfuzunun səmavi təsdiqi ilə bağlıdır.

Arxangel Mixailin ayrıca iştirak etməsi və onun Nikolaya müraciətini bildirən kitabə Xudavəng variantının fərqləndirici xüsusiyyətlərindəndir.

Mövzu seçiminin qeyri-ənənəviliyi

Müqəddəs Nikolayın Xudavəngdə təsvir olunması sənətşünaslıq ədəbiyyatında müzakirə edilmişdir. Lidiya Durnovo Nikolay kultunun Erməni Həvar Kilsəsində rast gəlinmədiyini qeyd edərək monastırda bu süjetin seçilməsinin xüsusi səbəbləri olmalı olduğunu bildirmişdir.

Davud Axundov həmin müşahidədən daha geniş nəticə çıxarmışdır. O, Nikolayın təsvirini Qafqaz Albaniyasının kilsə ənənəsi ilə əlaqələndirmiş, müqəddəsə ehtiramın Erməni Həvar Kilsəsində yayılmamasını bu fikrin arqumentlərindən biri kimi göstərmişdir.

Murad Hasratyan və Baqrat Ulubabyan isə erkən tədqiqatlarında Nikolayın Xudavəngdə təsvir olunduğuna şübhə ilə yanaşmışlar. Sonradan müqəddəsin adını göstərən boya kitabəsinin müəyyənləşdirilməsi Durnovonun identifikasiyasını təsdiqləmişdir.

Karen Matevosyan Xudavəngdə Nikolayın belə monumental təsvirinin Erməni Həvari Kilsəsi ilə əlaqəli məlum divar rəssamlığı nümunələri arasında qeyri-adi olduğunu bildirmişdir. Müəllif bununla mövzunun xüsusi tarixi səbəblərlə seçilmiş ola biləcəyini irəli sürmüşdür.

Gürcü monumental rəssamlığı ilə müqayisəsi

Xudavəngin Nikolay freskasının müqayisəli öyrənilməsində XIII əsr gürcü monumental rəssamlığı da əhəmiyyətlidir. Gürcü sənətşünası Mariam Didebulidze Kintsvisi kilsəsində Müqəddəs Nikolayın həyatına həsr edilmiş XIII əsr təsvirlərini araşdırmışdır. Müəllif Nikolayın və Silvestrin birlikdə təsvirini Birinci Nikeya məclisi haqqında dini ənənə ilə əlaqələndirmiş, monumental təsvirlərin kilsə nüfuzunu ifadə edən xüsusiyyətlərini təhlil etmişdir.

Didebulidzenin həmin mövzuya aid daha geniş tədqiqatı 2007-ci ildə 'Iconographica' jurnalında nəşr edilmişdir.

Kintsvisi və Xudavəng kompozisiyaları eyni süjetin təkrarı deyil. Onların müqayisəli əhəmiyyəti XIII əsr monumental rəssamlığında Nikolayın dini nüfuzunun müxtəlif üsullarla vurğulanmasıdır.

Dini və konfessional xüsusiyyətləri

Xudavəngin Alban katolikosluğu ilə tarixi əlaqəsi freskanın dini mühitinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Alban Kilsəsinin tarixən Erməni Həvari Kilsəsi ilə iyerarxik münasibətləri və monastırın ermənidilli kitabələri də nəzərə alınmalıdır.

Azərbaycan tədqiqatçısı Natiq Alışov Xudavəngi Alban dini-memarlıq irsinə aid etmiş və burada diofizit xarakterli freska elementlərinin mövcud olduğunu bildirmişdir.

Alışovun qiymətləndirməsi abidənin dini mənsubiyyəti haqqında mövqelərdən biridir. Lakin həmin nəşrdə Nikolay kompozisiyasının hansı konkret elementlərinin diofizit mənsubiyyəti sübut etdiyi ayrıca göstərilmir.

Freskanın Bizans mənşəli təsvir sxeminə yaxınlığı onun Şərqi xristian monumental rəssamlığının geniş kontekstində öyrənilməsinə əsas verir. Bununla belə, ikonoqrafik paralellər monastırın 1297-ci ildə mütləq xalkedonçu icmaya mənsub olduğunu birbaşa sübut etmir.

Mövzunun tarixi izahı haqqında ehtimal

Karen Matevosyan Müqəddəs Nikolayın təsvirinin yaradılmasını XIII əsrin ortalarında bölgədə baş vermiş dini hadisələrlə əlaqələndirməyi mümkün hesab etmişdir. Müəllif bu baxımdan 1250-ci ildə Zar ərazisində fəaliyyət göstərmiş David adlı dini təbliğatçı haqqında Kirakos Gəncəlinin məlumatlarını nəzərdən keçirmişdir.

Matevosyanın fikrincə, Nikolay təsviri kilsə nüfuzunun və qanuni ruhani səlahiyyətin vurğulanması ilə əlaqədar seçilmiş ola bilər. Lakin Davidin fəaliyyəti ilə freskanın yaradılması arasında birbaşa sənədli əlaqə məlum deyil.

Kitabələri

Freska ermənicə boya kitabələri ilə müşayiət edilmişdir. Müqəddəs Nikolayın adını bildirən kitabə belə oxunur: "Müqəddəs Nikolay, patriarx" (). Yazı Nikolayın adını və հայրապետ ruhani titulunu bildirir. Bu titul təsvir edilən müqəddəsə aiddir və onun Xudavəngin yepiskopu və ya Alban katolikosu olduğunu göstərmir.

Arxangel Mixaili müşayiət edən kitabənin mənasına görə, o, Nikolayın uşaqlığından bəri himayəçisi və köməkçisi olmuşdur.

Tarix kitabəsində erməni təqvimi ilə 746-cı il — ՉԽԶ göstərilmişdir. Həmin tarix miladi 1297-ci ilə uyğun gəlir. Yazının bəzi hissələri zədələndiyindən müxtəlif nəşrlərdəki bərpa və oxunuş fərqləri nəzərə alınmalıdır.

Bədii xüsusiyyətləri

Freskanın rəng quruluşunda mavi, qəhvəyi, qırmızı və ağ rənglər mühüm yer tutur. Qırmızı haşiyə kompozisiyanı divar səthinin qalan hissəsindən ayırır.

Fiqurların geyim qatları, üz cizgiləri, əlləri və konturları əsərin üslub xüsusiyyətlərini müəyyənləşdirir.

Ara Zaryan cənub divarındakı Nikolay və şimal divarındakı Stefan freskalarında konturların, rənglərin və bəzi fiqur detallarının işlənməsində oxşarlıqlar müəyyənləşdirmişdir. Bu oxşarlıqlar hər iki əsərin eyni rəssamlıq emalatxanasına aid edilməsi üçün arqument kimi istifadə olunur.

Tədqiqi və bərpası

Xudavəngin freskaları XX əsrdə müxtəlif tarixçi və sənətşünaslar tərəfindən araşdırılmışdır. Lidiya Durnovo kompozisiyaların mövzularını müəyyənləşdirmiş, Davud Axundov isə onların Alban kilsə rəssamlığı kontekstində şərhini vermişdir.

2014-cü ildə Ara Zaryan və Kristin Lamure Nikolay freskası üzərində konservasiya-bərpa işləri aparmışlar. Təmizləmə və möhkəmləndirmə nəticəsində əvvəllər çirklənmə ilə örtülmüş bəzi təsvir və kitabə detalları daha aydın görünmüşdür.

2015-ci ildə kilsənin şimal divarındakı Stefan freskasının bərpası həyata keçirilmişdir. Bərpaçıların müqayisəli müşahidələri iki kompozisiyanın bədii-texniki əlaqəsinin müəyyənləşdirilməsinə imkan vermişdir.

Oğurlanması və sonrakı taleyi