Fridrix Albert Lange (; ) — alman filosofu və sosioloqu.
Bioqrafiya right|thumb|F. A. Lange
Lange Zolingen şəhərinin yaxınlığındakı Vald qəsəbəsində, ilahiyyatçı İohan Peter Langenin oğlu olaraq anadan olmuşdur. O, Duisburq, Sürix və Bonn Universitetində təhsil almış, burada həm akademik fəaliyyəti, həm də gimnastika sahəsindəki bacarıqları ilə fərqlənmişdir. 1852-ci ildə Köln şəhərində məktəb müəllimi olmuş, 1853-cü ildə Bonnda fəlsəfə üzrə Privatdozent vəzifəsini tutmuş, 1858-ci ildə isə Duisburqda müəllim kimi fəaliyyətə başlamışdır. Hökumət məktəb müəllimlərinin siyasi fəaliyyətlərdə iştirakını qadağan etdikdə o, vəzifəsindən istefa vermişdir.
Lange 1862-ci ildə siyasi və sosial islahatları müdafiə etmək məqsədilə Rhein- und Ruhr-Zeitung qəzetinin redaktoru kimi jurnalistikaya başlamışdır. Onun dəfələrlə təkrarladığı əsas tələbi Bismarkın istefası idi. Lange ictimai-siyasi həyatda fəal iştirak etməsinə baxmayaraq, ən tanınmış əsərlərinin əksəriyyətini yazmağa da vaxt tapmışdır. Bu əsərlərə Die Leibesübungen (1863), Die Arbeiterfrage (1865; 1894-cü ildə beşinci nəşri), Materializmin tarixi (1866) və Con Stüart Millin sosial məsələ haqqında baxışları (1866) daxildir. O, pedaqogika və psixologiya sahələrində də bir sıra əsərlər yazmışdır. 1863-cü ildə Lange akademik azadlığın konstitusiya təminatına dair mühüm məhkəmə prosesində sosialist lider Ferdinand Lassalı müdafiə etmişdir. 1864–1866-cı illərdə Almaniya fəhlə hərəkatının ilk təşkilatlarından biri olan Alman Fəhlə İttifaqları Birliyinin (Verband Deutscher Arbeitervereine) icra komitəsinin üzvü olmuşdur. Onun həmkarlarından biri, sonradan Almaniya Sosial-Demokrat Partiyasının liderinə çevrilən Avqust Bebel idi. Bebel Lange haqqında yazırdı ki, o, "qısa və möhkəm bədən quruluşuna malik, xoş təsir bağışlayan bir insan idi. Onun gözləri möhtəşəm idi və o, tanıdığım ən mehriban insanlardan biri idi. İlk baxışdan insanların qəlbini fəth edirdi". Bebel eyni zamanda onun "möhkəm xarakterə" malik olduğunu qeyd etmişdir.
1866-cı ildə Almaniyadakı siyasi vəziyyətdən məyus olan Lange Sürix yaxınlığındakı Vintertur şəhərinə köçərək demokratik Winterthurer Landbote qəzeti ilə əməkdaşlığa başlamışdır. 1869-cu ildə Sürix Universitetində Privatdozent olmuş, növbəti il isə yeni yaradılmış induktiv fəlsəfə professoru vəzifəsinə təyin edilmişdir. O, İsveçrə demokratik hərəkatında da iştirak etmiş və Sürix kantonunun konstitusiyasının hazırlanmasına kömək etmişdir. Bu konstitusiya referendum və seçilmiş şəxsin geri çağırılması kimi birbaşa demokratiya mexanizmlərinin tətbiqi ilə fərqlənirdi. Sürixdə olduğu müddətdə Lange xəstəliyinin ilk əlamətlərini hiss etmişdir. Bu xəstəlik bir neçə il sonra onun ölümünə səbəb olmuşdur. Fransa–Prussiya müharibəsi zamanı isveçrəlilərin Fransaya rəğbəti və öləcəyi təqdirdə həyat yoldaşının pensiya alması ehtimalı onu vəzifəsindən tezliklə istefa verməyə sövq etmişdir. Ona Vürtsburq, Köniqsberq, Kil, Gissen və Yena universitetlərində vəzifələr təklif olunsa da, 1872-ci ildə Marburq Universitetində professor vəzifəsini qəbul etmişdir. Lange bəzən özünün ən istedadlı tələbəsi Hermann Koen ilə birlikdə neokantçılıqın Marburq məktəbinin banilərindən biri hesab edilir. Bununla belə, Marburq məktəbinə xas olan məntiqçi Kant şərhinin əsasını qoyan məhz Koen olmuşdur. Sonrakı illərdə Lange əvvəllər özünün də müdafiə etdiyi a priori anlayışının psixoloji şərhinə qarşı Koenin tənqidini qəbul etmişdir.
Lange marksist materializmi rədd etsə də, Engels və Marksın fikrincə, onun tamamilə yanlış anladığı bu materializmə qarşı çıxmasına baxmayaraq, Almaniya sosial-demokrat hərəkatına təsir göstərməkdə davam etmişdir.Nguyen, Duy Lap (2022). Walter Benjamin and the Critique of Political Economy. London: Bloomsbury Academic. s. 123–151. O, etik prinsiplərə əsaslanan islahatçı sosializmi müdafiə edirdi. Xüsusilə Lassalın tərəfdarlarından ibarət Ümumalman Fəhlə İttifaqının bəzi liderlərinə təsir göstərmişdir. Ölümündən sonra isə onun ideyaları Eduard Bernşteynə təsir etmişdir. Bernşteynin "Kant, boş ritorika deyil" şüarı marksist "elmi sosializm"dən imtina edərək neokantçı, etik əsaslara söykənən sosial islahatçılığı qəbul etdiyini ifadə edirdi. Koen və Natorp kimi Marburq məktəbinin sonrakı nümayəndələri də Almaniya Sosial-Demokrat Partiyasının islahatçı qanadı ilə bu əlaqəni davam etdirmişlər. Təəssüf ki, həmin vaxt Lange artıq ağır xəstə idi. Buna görə də 1875-ci ilin mayında Lassal tərəfdarları ilə Bebelə bağlı sosialistlərin vahid Almaniya Sosial-Demokrat Partiyasında birləşməsində iştirak edə bilməmişdir. Uzun sürən xəstəlikdən sonra, ehtimal ki, mədə-bağırsaq xərçəngindən, həmin ilin noyabrında Marburqda vəfat etmişdir. Onun Logische Studien (Məntiqi tədqiqatlar) əsəri 1877-ci ildə Hermann Koen tərəfindən nəşr olunmuşdur. Lange ölümündən sonra çap edilmiş bir sıra ədəbi tədqiqatlar da yazmışdır. Onun əsas əsəri olan Materializmin tarixi əsl tarixdən daha çox prinsiplərin öyrədici izahıdır. Langenin fikrincə, materializm haqqında aydın düşünmək onu təkzib etmək deməkdir.
Langenin doğulduğu Vald qəsəbəsində onun adını daşıyan ümumtəhsil məktəbi — Fridrix-Albert-Lange məktəbi fəaliyyət göstərir. Vald hazırda Zolingen şəhərinin bir hissəsidir.
Fəlsəfəsi Kantın yalnız fenomenləri dərk edə biləcəyimiz fikrini qəbul edən Lange hesab edirdi ki, nə materializm, nə də başqa bir metafizik sistem son həqiqətə iddia edə bilər. Bununla belə, empirik fenomenal bilik əldə etmək baxımından materializm dəqiq elmi metodları sayəsində çox dəyərli xidmət göstərmişdir. İdealist metafizik sistemlər şeylərin daxili həqiqətini açıqlaya bilməsələr də, yüksək idealların təcəssümü kimi əhəmiyyət daşıyırlar. Bu baxımdan onlar poeziya və dinə bənzəyirlər.
Formal məntiqi yenidən qurmağa yönəlmiş Logische Studien əsərində Lange mühakimənin məkan baxımından ifadə edilə bildiyi dərəcədə etibarlı olması ideyasını əsas götürür. Onun Arbeiterfrage əsərində dəqiq müəyyənləşdirilməmiş bir sosializm forması müdafiə edilir. Əsərdə müasir sənayedəki eqoizm və sənayenin varlıq uğrunda mübarizə prinsipinə uyğun təşkil edilməsi tənqid olunur.
Siyasi fəaliyyəti Lange Almaniyada zorakılığa əsaslanmayan sosial dəyişiklikləri müdafiə edən tanınmış siyasi fəal idi. Onun bu mövqeyi Almaniyada erkən sənayeləşmə dövründə fəhlə hərəkatının yüksəlişindən sonra fəhlə hüquqlarını və qadınların seçki hüququnu dəstəkləməsi ilə əlaqələndirilir. Lange fəhlə birliklərinə rəğbətlə yanaşırdı, çünki onların onun çoxsaylı əsərlərində təsvir etdiyi bərabərlikçi cəmiyyətə doğru mühüm addım olduğuna inanırdı. İyirmi yaşında Alman Sosial-Demokrat Partiyasına (SPD) rəsmi üzv olmuş və əsasən fəhlələrin rifahını və təhsil imkanlarını yaxşılaşdırmağa sadiqliyi sayəsində qısa müddətdə tanınmışdır. O, qırx yeddi yaşında vəfat edənədək SPD üçün mühüm fiqur olaraq qalmışdır. Bir çox inqilabçı ilə fikir ayrılığı yaşamasına baxmayaraq, Lange zorakılıqdan imtina edir və tədrici islahatları müdafiə edirdi. Öz ideallarına sadiqliyi ona dinc inqilab ideyasını dəstəkləyən çoxsaylı tərəfdarlar qazandırmış, sonrakı siyasi fəaliyyəti və nəşrləri üçün möhkəm zəmin yaratmışdır.
SPD-də fəaliyyətə başlamazdan əvvəl Lange Ümumalman Fəhlə İttifaqının (ADAV) üzvü olmuşdur. Ferdinand Lassal tərəfindən yaradılmış bu təşkilatda Lange ilə Lassal dövlətin mühüm sosial dəyişiklikləri dəstəkləməkdəki rolu barədə tez-tez mübahisə edirdilər. Lange təşkilatın qəzetinin əsas redaktorlarından biri kimi fəaliyyət göstərərək sosializm haqqında ictimai təsəvvürlərin formalaşmasına və təşkilatın məqsədləri barədə müzakirələrə təsir göstərirdi. O, dövlətin ictimai dəyişikliklərə təsir göstərmək imkanlarını dəstəkləyir və inqilabi zorakılığa qarşı çıxırdı. Təşkilatın qəzetində redaktor işlədiyi müddətdə sosialist siyasi yanaşmasına əsaslanaraq həmkarlar ittifaqlarının yaradılmasına kömək etmiş, bu ittifaqlar sonrakı Almaniya sosialist hərəkatının əsasını təşkil etmişdir. 1865-ci ildə Lange ADAV-ın Lassalın rəhbərliyi altında həddindən artıq avtoritar və özünümərkəzli bir təşkilata çevrildiyini düşünərək onu tərk etmək qərarına gəlmişdir.
1848-ci ildə, cəmi iyirmi yaşında olarkən, Lange Avropada yayılan inqilabi üsyanlarda fəal iştirak etmişdir. O, siyasi islahatlar və Prussiya monarxiyasından azadlıq tələb edən fəhlələri dəstəkləyirdi. Həmin dövrdə Lange ədalətli cəmiyyət qurmaq üçün inqilabi zorakılığın zəruri olduğunu düşünür və onu açıq şəkildə müdafiə edirdi. Lakin inqilabın uğursuzluğundan sonra mövqeyini yenidən nəzərdən keçirmişdir. İnqilabdakı roluna görə Almaniyanı tərk etməyə məcbur qaldıqdan sonra İsveçrədə yaşamağa başlamış və əsasən sosialist və liberal ideyalara əsaslanaraq Almaniyada sosial islahatlar haqqında yazmağa davam etmişdir.
İnqilabi zorakılıq barədə fikirləri dəyişdikdən sonra Lange diqqətini cəmiyyətdə lazımi səviyyədə təmsil olunmayan fəhlə sinfinin müdafiəsinə yönəltmişdir. O hesab edirdi ki, fəhlə sinfinin əsas problemi aşağı əməkhaqqı səbəbindən əlverişli yaşayış şəraitinə çıxışının məhdud olmasıdır. Lange Tomas Maltusun fikirlərini uzun müddət araşdırmışdır. Maltus fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq üçün ilk növbədə ərzaq təminatının artırılmasının vacib olduğunu düşünürdü, çünki əsas problem insanların sadəcə yaşamaq uğrunda mübarizəsi idi. Maltusun fikirləri Almaniyada əsasən kapitalizmi dəstəkləyən mövqe kimi şərh edilsə və geniş tənqid olunsa da, Lange onun arqumentlərini fərqli şəkildə başa düşmüşdür. O, aşağı təbəqələrin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hüquq sistemində əsaslı dəyişikliklərin aparılmasının vacib olduğu qənaətinə gəlmişdir. Lange hesab edirdi ki, yuxarı təbəqələrin, xüsusilə dövlət idarəçiliyində çalışanların vəzifəsi fəhlələrin tələblərini dinləmək və rasional arqumentlərə əsaslanan tədrici islahatlar vasitəsilə onların həyat səviyyəsini yaxşılaşdırmaqdır.
Əsərləri 1855: Über den Zusammenhang der Erziehungssysteme mit den herrschenden Weltanschauungen verschiedener Zeitalter. (Müxtəlif dövrlərin hakim dünyagörüşləri ilə təhsil sistemləri arasındakı əlaqə.) 1862: Die Stellung der Schule zum öffentlichen Leben. (Məktəbin ictimai həyata münasibətdə mövqeyi.) 1863: Die Leibesübungen. Eine Darstellung des Werdens und Wesens der Turnkunst in ihrer pädagogischen und culturhistorischen Bedeutung. (Fiziki məşqlər: gimnastikanın yaranması, mahiyyəti və onun pedaqoji, mədəni-tarixi əhəmiyyəti.) 1865: Die Arbeiterfrage in ihrer Bedeutung für Gegenwart und Zukunft. (Fəhlə məsələsinin bu gün və gələcək üçün əhəmiyyəti.) 1865: Die Grundlegung der mathematischen Psychologie. Ein Versuch zur Nachweisung des fundamentalen Fehlers bei Herbart und Drobisch. (Riyazi psixologiyanın əsasları: Herbart və Drobischin nəzəriyyələrindəki fundamental səhvi göstərmək cəhdi.) 1866: Geschichte des Materialismus und Kritik seiner Bedeutung in der Gegenwart. (Materializmin tarixi və onun müasir dövrdə əhəmiyyətinin tənqidi.) 1877: Logische Studien. Ein Beitrag zur Neubegründung der formalen Logik und der Erkenntnisstheorie. (Məntiqi tədqiqatlar: formal məntiqin və idrak nəzəriyyəsinin yenidən əsaslandırılmasına töhfə.)
İstinadlar
Mənbələr Langenin öz əsərlərinin və onun haqqında yazılmış bəzi tədqiqatların geniş biblioqrafiyasına philpapers.org saytından baxmaq olar.
Hoffman, Matthew J. (2010). Friedrich Albert Lange: A Political Life (2-ci nəşr). Northwestern University Press. s. 43–107. Hussain, Nadeem J. Z.; Patton, Lydia (2021), Zalta, Edward N. (red.), "Friedrich Albert Lange", The Stanford Encyclopedia of Philosophy (2021-ci ilin qış nəşri), Metaphysics Research Lab, Stanford University, 3 may 2023-cü ildə əldə edilib.
Əlavə ədəbiyyat Bleuler-Hausheer, Salomon (1876), "Friedrich Albert Lange. Eine biographische Skizze und Erinnerungen an die Verfassungsrevision", Der Landbote und Tagblatt der Stadt Winterthur, № 2, 2 yanvar 1876 – № 11, 13 yanvar 1876. Berdyaev, Nikolay, "Friedrich Albert Lange und die kritische Philosophie in ihren Beziehungen zum Sozialismus", Die Neue Zeit, 18-ci il (1900), 2-ci cild, s. 132–140, 164–174, 196–207.