Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binası — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən inzibati binadır. Bina Nizami metro stansiyasının yaxınlığında, "Azad qadın" heykəlinin arxasında yerləşir. 1972-ci ildə inşa edilmiş 17 mərtəbəli tikili sovet dövründə Bakıda inşa olunmuş hündürmərtəbəli inzibati binalardan biridir. Binanın layihəsi memarlar Şəfiqə Zeynalova və Kazım Ağabəyov tərəfindən hazırlanmışdır.
Tarixi Bina 1972-ci ildə, əvvəllər çay qablaşdırma fabrikinin yerləşdiyi ərazidə inşa edilmişdir. Tikili ilkin olaraq Azərbaycan SSR-in Tikinti Nazirliyi üçün nəzərdə tutulmuşdu. Lakin layihənin dəyəri və texniki məsələlərlə əlaqədar dəyişikliklər aparılmış, tikinti sənədlərində bina "Orqtexstroy" trestinin inzibati binası kimi rəsmiləşdirilmişdir.
Binanın daxilində müxtəlif dövlət qurumlarının yerləşdirilməsi planlaşdırılmışdı. Məlumatlara görə, dördüncü mərtəbədən on üçüncü mərtəbəyədək Sənaye Tikinti Nazirliyinin, on dördüncü mərtəbədən on yeddinci mərtəbəyədək isə Tikinti Nazirliyinin informasiya mərkəzinin yerləşməsi nəzərdə tutulmuşdu. "Orqtexstroy" tresti üçün də binada otaqlar ayrılmışdı. Üçüncü mərtəbədə yeməkxana fəaliyyət göstərirdi.
Binanın yerləşdiyi ərazi və hündürlüyü şəhərsalma baxımından diqqət çəkir. Tikili "Azad qadın" heykəlinin arxasında və ərazidəki tarixi tikililərin fonunda yerləşir.
Sonrakı istifadə 1990-cı illərin ortalarından etibarən binada SARA TV və radio şirkətinin fəaliyyət göstərdiyi və yayımların buradan həyata keçirildiyi bildirilir.
Hazırda binada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerləşir.
2010-cu il iyunun 10-da binanın yenidənqurmadan sonra açılışı olmuşdur. Yenidənqurma zamanı fasad yenilənmişdir.
Memarlıq xüsusiyyətləri 17 mərtəbəli bina Bakı şəhərinin sovet dövrü memarlığı nümunələrindən biridir. Binanın layihələndirilməsində alman-amerikalı memar Lüdviq Mis van der Roenin yaradıcılığından ilham alındığı və tikilinin onun memarlıq yanaşmasına cavab olaraq layihələndirildiyi qeyd olunur. Bu baxımdan bina XX əsrin modernist memarlığı ilə əlaqələndirilir.
İstinadlar
Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:1972-ci ildə tamamlanmış binalar və tikililər
