Tripsinogen () — həzm fermentlərindən biri olan tripsinin qeyri-aktiv ilkin forması, yəni zülal prekursoru və ya zimogenidir. Tripsinogen mədəaltı vəzi tərəfindən sintez olunur və amilaza, lipaza və ximotripsinogenlə birlikdə mədəaltı vəzi şirəsinin tərkibində olur. O, bağırsağın selikli qişasında yerləşən enteropeptidaza fermentinin təsiri ilə parçalanaraq aktiv forması olan tripsinə çevrilir. Aktivləşmiş tripsin digər tripsinogen molekullarını da parçalayaraq tripsinə çevirə bilir. Bu proses autoaktivləşmə adlanır. Tripsin arginin və lizin kimi əsas xassəli amin turşularının karboksil tərəfində yerləşən peptid rabitələrini parçalayır.

Funksiyası

Tripsinogen tripsin fermentinin qeyri-aktiv ilkin forması olan profermentdir. Tripsinogen qeyri-aktiv vəziyyətdə mədəaltı vəzidə saxlanılır və zülalların həzmi üçün tələb olunduqda ifraz edilir. Mədəaltı vəzi tripsinogeni qeyri-aktiv formada saxlayır, çünki aktiv tripsin fermenti vəzinin öz toxumalarına ciddi zərər verə bilər. Tripsinogen digər həzm fermentləri ilə birlikdə pankreatik axacaq vasitəsilə mədəaltı vəzidən onikibarmaq bağırsaqın ikinci hissəsinə ifraz olunur.

Tripsinogenin aktivləşməsi

Tripsinogen enteropeptidaza (enterokinaza kimi də tanınır) fermentinin təsiri ilə aktivləşir. Enteropeptidaza onikibarmaq bağırsaqın selikli qişası tərəfindən sintez olunur və tripsinogen molekulunda 15-ci amin turşusu qalığından, yəni lizindən sonra yerləşən peptid rabitəsini parçalayır. Nəticədə zülalın N-terminal hissəsində yerləşən peptid ayrılır və zülalın qatlanmış fəza quruluşunda müəyyən dəyişikliklər baş verir.

Yeni əmələ gələn N-terminal amin turşusu qalığı (16-cı qalıq) zülalın strukturunda yerləşən yarığa daxil olur. Burada onun α-amin qrupu aktiv mərkəzdəki serinə yaxın yerləşən aspartat qalığı ilə ion cütü əmələ gətirir. Bu qarşılıqlı təsir digər amin turşusu qalıqlarının konformasiyasının yenidən təşkil olunmasına səbəb olur.

193-cü mövqedə yerləşən qlisinin (Gly 193) amin qrupu düzgün istiqamətlənərək aktiv mərkəzdəki oksianion boşluğunun formalaşmasını tamamlayır. Bunun nəticəsində zülalın katalitik aktivliyi təmin olunur və tripsinogen aktiv tripsinə çevrilir.

Tripsin arginin və lizin qalıqlarından sonra yerləşən peptid rabitələrini parçalamaq qabiliyyətinə malik olduğuna görə digər tripsinogen molekullarını da aktivləşdirə bilir. Beləliklə, tripsinogenin aktivləşməsi avtokatalitik xarakter alır.

Tripsinogenin vaxtından əvvəl aktivləşməsinə qarşı müdafiə mexanizmləri

Tripsin yalnız müvafiq fizioloji şəraitdə və lazımi yerdə aktivləşməsini təmin etmək məqsədilə qeyri-aktiv tripsinogen formasında sintez olunur, saxlanılır və ifraz edilir. Tripsinin vaxtından əvvəl aktivləşməsi mədəaltı vəzi toxumaları üçün dağıdıcı təsir göstərə və vəzinin öz fermentləri tərəfindən həzm olunmasına səbəb olan ardıcıl patoloji prosesləri başlada bilər.

Normal mədəaltı vəzidə tripsinogen molekullarının təxminən 5%-nin aktivləşdiyi ehtimal olunur. Buna görə də orqanizmdə tripsinogenin qeyri-müvafiq aktivləşməsinin qarşısını alan bir sıra müdafiə mexanizmləri mövcuddur.

Tripsinogen mədəaltı vəzinin asinar hüceyrələri tərəfindən sintez olunur və hüceyrədaxili membranlı vezikullar olan zimogen qranullarında saxlanılır. Bu qranulların membranlarının fermentativ parçalanmaya qarşı davamlı olduğu güman edilir.

Tripsinin qeyri-müvafiq aktivləşməsinə qarşı digər mühüm müdafiə mexanizmi öküz pankreatik tripsin inhibitoru (BPTI) və Kazal tipli serin proteaza inhibitoru 1 (SPINK1) kimi inhibitorların mövcudluğudur. Bu inhibitorlar əmələ gələn aktiv tripsin molekullarına bağlanaraq onların fəaliyyətini məhdudlaşdırır.

Tripsinogenin tripsin vasitəsilə avtokatalitik aktivləşməsi də nisbətən yavaş gedən prosesdir. Bunun əsas səbəblərindən biri tripsinogenin təkamül baxımından qorunmuş N-terminal heksapeptidində yüksək mənfi elektrik yükünün olmasıdır. Bu mənfi yük tripsinin substrat spesifikliyini müəyyən edən cibciyinin arxa hissəsində yerləşən aspartat qalığı ilə elektrostatik itələnmə yaradır və nəticədə tripsinogenin aktivləşməsi zəifləyir.

Bundan əlavə, tripsin digər aktiv tripsin molekullarını proteolitik parçalanma yolu ilə qeyri-aktiv vəziyyətə gətirə bilər.

Qan serumunda tripsinogen

Qan serumunda tripsinogenin səviyyəsi qan analizi vasitəsilə müəyyən edilir. Kəskin pankreatit və kistik fibroz zamanı qanda tripsinogenin yüksək səviyyələri müşahidə oluna bilər.

Tripsinogenin izoformaları

İnsanın mədəaltı vəzi şirəsində tripsinogenin üç əsas izoformasına rast gəlinir. Bunlara kationik, anionik və mezotripsinogen aiddir. Bu izoformalar mədəaltı vəzinin ifraz etdiyi ümumi sekretor zülalların müvafiq olaraq 23,1%-ni, 16%-ni və 0,5%-ni təşkil edir.

Digər orqanizmlərdə də tripsinogenin müxtəlif formaları aşkar edilmişdir.

Xəstəliklər

Tripsinogenin mədəaltı vəzidə qeyri-müvafiq və ya vaxtından əvvəl aktivləşməsi pankreatitin inkişafına səbəb ola bilər. Pankreatitin bəzi formaları tripsinogenin mutasiyaya uğramış variantları ilə əlaqələndirilir.

Kationik tripsinogen molekulunda tripsinə həssas sahə olan Arg 117 mövqeyində baş verən mutasiya erkən yaşlarda özünü göstərən nadir irsi xəstəlik forması — irsi pankreatit ilə əlaqələndirilmişdir.

Arg 117 qalığının tripsinin mədəaltı vəzi daxilində vaxtından əvvəl aktivləşməsi zamanı onun qeyri-aktivləşdirilməsini təmin edən qoruyucu mexanizmin bir hissəsi olduğu ehtimal edilir. Bu parçalanma sahəsinin itirilməsi tripsinin aktivliyinə nəzarətin pozulmasına səbəb ola bilər. Nəticədə mədəaltı vəzi toxumalarının öz fermentləri tərəfindən həzm olunması — autodigestiya baş verir və pankreatit inkişaf edə bilər.

Pankreatitin inkişafı ilə əlaqəli olan digər genetik mutasiyalar da müəyyən edilmişdir. İstinadlar