Böyük ikilik və ya G2 — qlobal idarəetmənin həyata keçirilməsi və dünya iqtisadiyyatının inkişaf istiqamətini müəyyən etmək üçün iki ölkə arasında strateji qarşılıqlı əlaqənin və tərəfdaşlığın dərinləşdirilməsini nəzərdə tutan Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikasının qeyri -rəsmi birliyi layihəsi. Bu, yeni ABŞ administrasiyasının 2008-ci il Çin siyasətinin əsas elementi, mahiyyət etibarilə Amerika-Çin ikili dövlətinin yaradılması təklifi idi.

Konsepsiyanın tərəfdarları «İkilər qrupu» və ya «Böyük ikilik» termini ilk dəfə 2005-ci ildə iqtisadçı Fred Berqsten tərəfindən «ABŞ və dünya iqtisadiyyatı» («The United States and the World Economy») adlı kitabında istifadə edilmişdir. Amerika akademik dairələrinin bir sıra nümayəndələri də belə qeyri-rəsmi birliyin yaradılması ideyasını fəal şəkildə müdafiə edirdilər. Onların arasında bu konsepsiyanı fəal şəkildə dəstəkləyən və Pekində çinli nümayəndələrlə görüşlər zamanı irəli sürən Zbiqnev Bjezinski, eləcə də tarixçilər Nil Ferqyuson və Morits Şularik var idi. Onlar «Chimerica» neologizminin müəllifləri olmuşdular. Bundan əlavə, Dünya Bankının keçmiş prezidenti Robert Zellik və Dünya Bankının keçmiş baş iqtisadçısı Castin Yifu Lin də belə birliyin yaradılmasını fəal şəkildə müdafiə edirdilər. G2 tərəfdarları qeyd edirdilər ki, müasir beynəlxalq siyasi şəraitdə istənilən problemin həlli ABŞ və Çinin iştirakı olmadan mümkün deyil, çünki bu iki dövlət dünyanın ən güclü ölkələridir. ABŞ və Çin dünyanın gələcək inkişaf istiqamətlərinin, ilk növbədə isə iqtisadi sahədə, müəyyənləşdirilməsi üçün məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Konsepsiya inkişaf etdikcə, onun əhatə etdiyi məsələlər dairəsi yalnız iqtisadi problemlərlə məhdudlaşmaqdan çıxdı və təklif olunan birliyin qlobal dünya nizamının formalaşdırılmasında liderliyi öz üzərinə götürməsinə çağırışlar səsləndirilməyə başladı.

Tətbiq cəhdləri thumb| 2008-ci il maliyyə böhranı Obama administrasiyasını iqtisadiyyatı stimullaşdırmaq üçün yeni yollar axtarmağa sövq etdi. 2009-cu ilin noyabr ayında Barak Obama Çinə səfəri zamanı yuanın yenidən qiymətləndirilməsinə çağırdı. Bu konsepsiyanı praktik olaraq həyata keçirmək cəhdləri H. Klinton tərəfindən 2009-cu ildə, ABŞ dövlət katibi kimi ilk xarici səfərinə çıxdığı zaman edilmişdir. Həmin vaxt o, təhlükəsizlik və iqlim dəyişikliyi ilə mübarizə sahələrində layihələr təklif etmişdi. 2009-cu ilin mayında Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend bəyan etmişdi ki, Çin XXI əsrdə ABŞ ilə rəqabət aparmayacaq, əksinə, dünyanın aparıcı dövlətləri klubunda ona qoşulacaq.

Amerika və Çin xarici siyasət dairələri arasında keçirilən bir sıra görüşlərdə, xüsusilə 2009-cu ilin aprelində Londonda keçirilən Böyük İyirmiliyin sammiti çərçivəsində və 2009-cu ilin iyulunda Vaşinqtonda keçirilən ABŞ–Çin Strateji və İqtisadi Dialoqunun sammitində iki ölkənin iqtisadiyyat və xarici siyasət sahələrində, eləcə də təhlükəsizlik və energetika istiqamətlərində fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər müzakirə olunmuşdu.

Həmin dövrdə ABŞ prezidenti də razılaşmışdı ki, «Çin kimi inkişaf etməkdə olan iqtisadiyyatların daha böyük rol oynaması və daha çox məsuliyyət daşıması» üçün dünya maliyyə institutlarında islahatlar aparılması zəruridir.

Rusiya ekspertləri belə bir qeyri-rəsmi birliyin Çinə təklif edilməsi ilə ABŞ-ın Çin iqtisadiyyatından böhrandan çıxmaq məqsədilə istifadə etməyə çalışdığı qənaətindədirlər. Məhz 2008-ci il maliyyə böhranı Obama administrasiyasını iqtisadiyyatı stimullaşdırmağın yeni yollarını axtarmağa sövq etmişdi. Bu mülahizələri 2009-cu ilin noyabrında Barak Obamanın Çinə səfəri zamanı Pekini yuanın yenidən qiymətləndirilməsinə israrla çağırması faktı da təsdiqləyir. Belə bir addım Çin ilə ABŞ arasında ticarət münasibətlərinin tarazlaşdırılmasına imkan verər və Amerika iqtisadiyyatına fayda gətirərdi.

Konsepsiyanın tənqidi Çin Dövlət Şurasının Baş naziri Ven Szyabao Çinin mövqeyini açıq şəkildə ifadə edərək, ÇXR-in belə bir qeyri-rəsmi birliyin yaradılmasına razı olmayacağını bəyan etmişdi. Çin siyasətçilərinin bu qərarı belə əsaslandırılırdı: Çin hələ hər hansı ittifaqın, xüsusilə də inkişaf etmiş ölkələrlə ittifaqın yaradılmasına hazır deyil. Çünki ölkə hələ modernləşmənin bütün mərhələlərini keçməlidir və müstəqil siyasət yürütməyə çalışır. Bundan əlavə, Çin elitası hesab edirdi ki, ABŞ bu yolla böhrandan çıxmaqla bağlı problemlərini Çin iqtisadiyyatının hesabına həll etmək, bununla da Çinin antiböhran proqramının təsirini, demək olar ki, heçə endirmək istəyir.

Belə bir layihənin həyata keçirilməsi həm də Çinin xarici siyasət addımlarını ABŞ ilə əlaqələndirmək məcburiyyətində qalması demək olardı. Halbuki Çin xarici siyasət əlaqələrini maksimum dərəcədə şaxələndirmək siyasəti yürüdür. Belə bir duumviratın yaradılması Çinin İranla, Ukrayna böhranı fonunda isə, ehtimal ki, Rusiya ilə fəal əməkdaşlığını məhdudlaşdırmasına gətirib çıxara bilərdi. Bu isə Çin üçün qətiyyən qəbuledilməz idi. Bundan əlavə, belə bir yanaşma Çin, Rusiya və digər BRICS ölkələrinin həqiqətən çoxqütblü dünya nizamına nail olmaq cəhdləri ilə ziddiyyət təşkil edirdi.

Beləliklə, Çin siyasətçiləri bəyan edirdilər ki, Çin heç vaxt hegemonluğa can atmayacaq və belə bir birlik bu yanaşmaya açıq şəkildə ziddir. Bundan başqa, Pekin qlobal problemlərin yalnız iki dövlətin səyi ilə, başqa sözlə, təkbaşına həll edilə bilməyəcəyini bildirmişdi. Çin liderləri həmçinin aydın şəkildə dərk edirdilər ki, bu birlik təşəbbüsün əsasən ABŞ-ın əlində cəmləşəcəyi «bərabərhüquqlu olmayan» bir ittifaq olacaq.

G2 layihəsi Rusiyanın da kəskin tənqidinə məruz qalmışdı. Bunun nəticəsində 2009-cu ildə Çin Xalq Azadlıq Ordusu Baş Qərargahının rəis müavini və Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktoru Sün Quankay Moskvada Ali İqtisadiyyat Məktəbində mühazirə oxuyaraq «Obama administrasiyasının Çinə beynəlxalq məsələlərdə daha böyük məsuliyyət götürməyi təklif etdiyini» etiraf etmişdi. Bununla belə, o, dinləyiciləri əmin etmişdi ki, Çin ABŞ-ın bu təşəbbüsünü qəbul etməyib. Sün Quankay həmçinin bildirmişdi ki, ÇXR bu təklifdən milli maraqlarına zidd olduğu üçün imtina edib.

Bundan başqa, «Quanmin Jibao» qəzetinin Moskva müxbir məntəqəsinin baş müxbiri Yan Çjen də Rusiya ictimaiyyətini Çinin G2 layihəsinə qoşulmağa hazır olmadığına inandırmışdı. O, «Çin G2-yə qoşulmayacaq» deyərək bildirmişdi ki, Çin üçün yalnız ABŞ-la deyil, Rusiya da daxil olmaqla, digər ölkələrlə də münasibətlərin inkişaf etdirilməsi vacibdir.

Bundan əlavə, bir çox amerikalı və çinli politoloq ABŞ-Çin münasibətlərində mövcud olan və iki ölkənin qlobal problemlərin birgə həllinə imkan verməyən çoxsaylı çətinliklər səbəbindən belə bir birliyin yaradılmasının və fəaliyyət göstərməsinin mümkünlüyünə inanmırdı. Mövqelərdəki fərqlər qarşılıqlı güzəştlər və kompromislər tələb edəcəkdi, lakin hər iki ölkə buna hazır deyildi.

Bundan başqa, inkişaf etməkdə olan dövlət kimi Çinin iri həcmli sənaye istehsalına olan tələbatı, bir tərəfdən, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığı çətinləşdirir, digər tərəfdən isə təbii ehtiyatlarla zəngin regionlarda ABŞ və Çin arasında rəqabəti kəskinləşdirirdi.

Həmçinin bax

ABŞ-Çin münasibətləri ABŞ və Çin arasında ticarət müharibəsi

İstinadlar

Kateqoriya:ABŞ-nin ikitərəfli əlaqələri Kateqoriya:Çinin ikitərəfli əlaqələri Kateqoriya:ABŞ–Çin münasibətləri