Avqust Vilhelm Heinrix Qünter Viktor (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu, Hohensollern şahzadəsi.

Həyatı 14 iyul 1884-cü ildə Potsdam Şəhər Sarayında dünyaya gəldi. Atası şahzadə Vilhelm Prussiya kralı və Alman imperatoru I Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrixin oğlu, anası Avqusta Viktoriya isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı idi. Doğulduğu əsnada atasının babası hələ taxtda idi və babası, atası və böyük qardaşlarından sonra taxt sıralamasında altıncı yerdə idi.

5 qardaşı və bir bacısıyla birlikdə uşaqlığının çox hissəsi Potsdamdakı Mərmər sarayda və Yeni sarayda keçdi. Həm ulu babası I Vilhelmin, həm də babası III Fridrixin vəfat etdiyi 1888-ci ildə atası II Vilhelm adıyla taxta çıxdı. İlk təhsilini qardaşlarıyla birgə anasının vətəni olan Şlezviq-Holşteyndəki Pöln şəhərində aldı. Ardından Bonn, Berlin və Strasburq Universitetlərində təhsilini davam etdirdi və 1907-ci ildə siyasi elmlər üzə doktorantura təhsilini tamamladı.

22 oktyabr 1908-ci ildə Berlin Şəhər sarayında xalası qızı Aleksandra Viktoriya ilə evləndi. Cütlük evləndikdən sonra Şönhausen Sarayında yaşamaq istəsə də, atası II Vilhelm buna mane oldu və bunun əvəzinə onlar üçün San-susi parkındakı Villa Lieqnits malikanəsini təsis etdi. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi.

Aleksandr Ferdinand (1912-1985)

Zaman keçdikcə cütlüyün malikanəsi dövrün incəsənət xadimləri və alimlərinin görüş yerinə çevrildi. Buna baxmayaraq cütlüyün evliliyi xoşbəxt deyildi. Üstəlik, Avqust Vilhelmin şəxsi yavəri Hans Georq von Makensenlə homoseksual eşq yaşaması barədə şayələr yayılmışdı. Ancaq atası II Vilhelm boşanmağına icazə vermədiyi üçün onun səltənəti dövründə cütlük boşana bilmədi.

Birinci Dünya müharibəsi illərində Avqust Vilhelm Ruppin bölgəsinin mühafizəsiylə vəzifələndirildi. Cəbhədə aktiv hərbi rol oynamadı və geri planda qaldı. Müharibənin ardından atası II Vilhelm və böyük qardaşı vəliəhd-şahzadə Vilhelm taxtdan əl çəkməyə məcbur oldu və sürgünə göndərildi. Avqust Vilhelm isə sadə bir vətəndaş kimi Almaniyada yaşamağa davam etdi. İlk iş olaraq xanımından boşanmağa qərar verdi və cütlük 1920-ci ilin martında rəsmi şəkildə boşandı. Qalan illərini Potsdamdakı şəxsi mülkündə sakit bir həyat yaşayan Avqust Vilhelm rəsm əsərləri çəkib satmaqla məşğul oldu.

1 aprel 1930-cu ildə Nasist partiyasına üzv seçildi. Ertəsi ilin noyabrında isə partiyanın hərbiləşdirilmiş qruplaşması olan Sturmabteilung‎ dəstələrinə qatıldı. Hohensollern sülaləsinə mənsub bir şahzadə olması partiyanın propaqanda işlərinə təkan verdi. Ölkə miqyasındakı mitinq və iclaslarda Adolf Hitlerlə birgə çıxışlar etməyə başladı. 5 mart 1933-cü il seçimlərində millət vəkili seçildi və Üçüncü Reyxin süqutunadək bu vəzifəsini davam etdirdi. Ancaq Adolf Hitlerin diktatorluğunun qurulmasıyla artıq ona olan ehtiyac da aradan qalxdı və Jozef Gebbels haqqındakı təhqiramiz çıxışlarının ardından partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıldı. 1945-ci ilin fevralında qardaşı arvadı şahzadə Sesilya və övladlarını da yanına alaraq Kronberqə qaçdı və burada bibisi şahzadə Marqaritanın yanına sığındı.

İkinci Dünya müharibəsinin ardından ABŞ ordusu tərəfindən həbs olundu və 1948-ci ildəki məhkəməsinə qədər həbsdə qaldı. Ancaq azadlığa çıxdıqdan sonra haqqında Sovet rejimi tərəfindən yeni bir məhkəmə işi açıldı. Ancaq bu məhkəmə işi davam edərkən səhhəti pisləşdi və Ştutqartda ağciyər xərçəngi səbəbilə vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Taylor, Edmond (1963). The fall of the dynasties: the collapse of the old order, 1905-1922. New York, NY: Skyhorse Publishing. p. 335. ISBN 978-1-63450-601-4 Churchill, Winston (1948). The Gathering Storm. Boston: Houghton Mifflin. p. 11. ISBN 978-0-395-07537-1 Lilla, Joachim (2005). Der Preußische Staatsrat 1921–1933: Ein biographisches Handbuch. Düsseldorf: Droste Verlag. p. 230. ISBN 978-3-770-05271-4 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 349. ISBN 978-87-7674-434-2

İstinadlar

Kateqoriya:Almaniya generalları Kateqoriya:Almaniya protestantları Kateqoriya:Almanlar Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:II Vilhelm