Yuxarı Məzrə — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocavənd rayonunun ərazisində ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsində kənd idi.
Toponimikası Cəbrayıl ensiklopediyasına əsasən, "məzrə" toponimi ərəb dilində "əkin üçün yararlı yer", "şumyeri" "əkinyeri, tarla", "əkin yerləri əsasında yaradılan məntəqə, oba, kiçik yaşayış məntəqəsi", "düzən yerdə əkin", "suvarıla bilən əkin yeri" mənalarını daşıyır. Ensiklopediyaya əsasən, bu söz fars dilində də "əkinyeri" mənasını ifadə edir. Ensiklopediyaya əsasən, oykonimin tərkibindəki "yuxan" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün coğrafi ada əlavə edilmişdi.
Coğrafiya Keçmiş kəndin ərazisi Cəbrayıl rayonunun mərkəzindən — Cəbrayıl şəhərindən 11 km şimal-qərbdə, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi Şükürbəyli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Bu kənd keçmiş DQMV-yə daxil olmuş Hadrut rayonu içərisində yerləşirdi, amma Cəbrayıl rayonunun kəndi idi.
Qarabağda münaqişə başlanandan sonra sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi, Hadrut rayonunun ləğv edilməsi, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, ləğv edilmiş Hadrut rayonunun ərazisinin Xocavənd rayonunun tərkibinə verilməsi qərara alınmışdı. Bununla da, Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndinin ərazisi artıq Xocavənd rayonunun ərazisinin içərisində yerləşmiş oldu.
Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Topçubaşov Mərkəzinə əsasən, Yuxarı Məzrə kəndi 1992-ci ildə işğal edilmişdi. Cəbrayıl ensiklopediyasına əsasən, Yuxarı Məzrə 1993-cü ildə işğal edilmişdi.
İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi. Topçubaşov Mərkəzinə əsasən, Azərbaycan bölmələri bu kənd üzərində faktiki nəzarəti 20 oktyabrda ələ keçirmişdi.
2020-ci ildə dərc olunmuş “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019”-a əsasən, Yuxarı Məzrə kəndi Cəbrayıl rayonunun Sarıcallı kənd inzibati ərazi dairəsinin tərkibində idi.
5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.
İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və taxılçılıq təşkil edirdi. Kənddə kitabxana, ticarət obyekti var idi.
İstinadlar
Kateqoriya:Xocavənd rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:Cəbrayıl rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri Kateqoriya:Azərbaycanın keçmiş yaşayış məntəqələri