Aygün Ələsgər qızı Kazımova () — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Azərbaycan Respublikasının Xalq artisti (2008)."Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il tarixli, 3045 nömrəli Sərəncamı
Həyatı və karyerası Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü – sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxmışdır. 1986-cı ildə Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərmişdir. Aygün Kazımova "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə Rəhm eylə bizə, İlahi adlı mahnını duet şəklində ifa etmişdir.
1989-cu ilin 24 dekabrında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub.
1988–1990-cı illər
Bakı Payızı Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlmişdir. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi Yarım eşitsin məni mahnısını ifa edir. İlk qrand-prisini məhz bu yarışmada qazanmışdır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq Artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olur və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağını özünə söz verir.
Yurmala-89 1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak etmişdir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak etdən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.
1989-cu ildə Aygün Kazımovanın tarixə düşəcək "Novruz gəlib" mahnısını Azərbaycan Televiziyasının Novruz bayramı buraxılışında ifa etmişdir.
1991–1995-ci illər 1991–94-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak etmişdir.
1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi "20 Yanvar" faciəsi qurbanlarının xatirəsinə "Şəhidlər" mahnısını oxumuşdur.
1992-ci ildə Qazaxıstanda keçirilən "Asiyanın səsi" mahnı müsabiqəsində iştirak etmişdir.
1993-cü ildə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edir.
1994-cü ildə "İtkin gəlin" mahnısını ifa edir. Mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. Aygün Kazımova müsahibələrinin birində ilk öncə mahnının oxumaq istəmədiyini və məhz mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə mahnını oxuduğunu demişdir. Bu mahnı Aygün Kazımovaya inanılmaz şöhrət gətirir. 1994-cü ildə İlqar Ələkbərovun rejissorluğu ilə "Bizim qızlar" mahnısını lentə alır.
1996–1999-cu illər 1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır.
1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edir. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur. Aygün Kazımova yarışmada üçüncü yeri tutmuşdur.
1997-ci ildə Ömrüm-günüm albomunu dinləyicilərinə təqdim edir. Albom "Bakı-Raks" şirkəti tərəfindən satışa çıxarılıb.
1998-ci ilin "Yeni il" bayramında, Aygün Kazımova uzun fasilədən sonra Azərbaycan Dövlət Televiziyasının efirinə çıxır. Bəyaz geyimdə – həzin "Mavi dünyamsan" mahnısını ifa etməsi onun səhnəyə yenidən qayıdışı idi. Aygün Kazımova həmin an 105 kq idi.
1998-ci ildə Aygünün "Gecələr keçir", "Vokaliz" mahnıları və bu mahnılara çəkilən kliplər böyük səs-sədaya səbəb olur.
1999-cu ildə "Sara TV"-də "Aygün bu gün" verlişində aparıcılıq edir.
1999-cu ildə "Sənsizliyim" mahnısını və ona çəkilən klipini təqdim edir. Mahnı daha çox "Qoy işığı söndürüm" adı ilə məşhurlaşır.
1999-cu ilin aprel ayının 10-da Heydər Əliyev Sarayında, "Aygün bir gün" konsertini vermişdir.
2000–2002-ci illər 2000-ci ildə Heydər Əliyev adına sarayda "Ya devuşka vostoçnaya" adlı solo konsertini verir. Bu ildə "İlin müğənnisi", "İlin konserti" — "Aygün bir gün", "İlin hiti" — "Gecələr keçir" Qrand milli mükafatlarına layiq görülür.
2001-ci ildə "İlin müğənnisi", "İlin konserti", "İlin hiti" — "Ya i ti" Qrand milli mükafatına layiq görülür. Həmçinin "Şəklimi çək" mahnısı da Qrand milli mükafatına layiq görülür.
2001-ci ildə Heydər Əliyev adına sarayda, Türk sənətçisi Mustafa Sandal ilə birlikdə solo konsert vermişdirlər. Həmin konsertin bitişindən sonra noyabr ayında möhtəşəm şou olacağı bildirilmişdir. Bu dəfə məkan fərqli seçilmişdi, Heydər Əliyev adına idman-konsert kompleksində baş tutan "Qeyri-adi şou" konsertinin bileti çox erkən tükənmişdir və 2001-ci ildə 23 noyabr tarixində böyük anşlaqla baş tutmuşdur. Rusiyanın ən önəmli qadın sənətçilərindən biri bilinən Lolitanın konsert günü, əlavə olaraq Aygün Kazımovanın da çıxışı baş tutmuşdur.
2001-ci ildə "Şəklimi çək", "Depresyondayım", "Sevdim", Uyma, "Tez gəl" mahnılarını və bu mahnılara çəkilmiş misilsiz kliplərini təqdim edir.
2000-ci ildə "Aygün", 2001-ci ildə isə "Sevdim" albomlarını təqdim edir.
Konsert 2002-ci il aprel ayının 5-i Heydər Əliyev Sarayında "Aygün & Lolita — Jenskie istorii" adı altında baş tutmuşdur.
Bu konsertdən tam bir ay sonra, 2002-ci il mayın 5-i tarixində, Heydər Əliyev Sarayını "Gələrsiz-görərsiz" adlı solo konsert ilə dolduran Aygün Kazımova, yenə də ilin ən möhtəşəm şousunu göstərmişdi. Sentyabrın əvvəlində Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atdı. 8 saatlıq plastik əməliyyata həyatı bahasına imza atdı. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi…Ona görə də Aygün, rejissorluğunu Ülviyyə Könülün üstələdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klip şəklində tamaşaçılara təqdim edilməsini vəsiyyət edir.
2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan – 2002" müsabiqəsinə təşkilatçılıq edən Aygün bir neçə ay gündəmi məşğul etməyi bacardı. Türkiyəli model Mert Kılıc ilə "aşk yaşadığını" deyən Aygün müsabiqəyə böyük reytinq qazandırdı. Yarışma bitəndən sonra "Mert aşkı" da bitdi. Bu müsabiqəyə Türkiyədən və Rusiyadan qonaqlar da dəvət olunmuşdu. Həmin müsabiqə yüksək səviyyədə təşkil olduğuna görə 94 ölkə arasında birinci yerə layiq görüldü.
2002-ci ildə "Siqara" mahnısını və ona çəkilən klipi təqdim edir. 2002-ci ildə "Best Model of Azerbaijan – 2002" müsabiqəsində Aygün Kazımovanı "Super Star" adı ilə təqdim edirlər və bütün ölkədə onu "Super Star" ləqəbi ilə təqdim edirlər. "Best Model of Azerbaijan – 2002" müsabiqəsindən sonra türk mediasından düşməyən Aygün Kazımova, türk mediasında Azərbaycanın Ajda Pekkanı və "Azeri Diva" ləqəbi ilə olaraq təqdim olunur. 2002-ci ildə "Space TV"-nin lentə aldığı "Qış nağılı" komedik filmində Zülfiyyə Xanbabayevanın qızı rolunu canlandırır.
2002-ci il dekabrın 24-ü Aygün "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. Bu adın qiyməti ondadır ki, bu ad Heydər Əliyev imzası ilə verildi.
2003–2005-ci illər 2003-cü ilin 24 may tarixində Heydər Əliyev Sarayında "Aygün & Nez — Stereo effekt" konserti baş tutmuşdur.
2003-cü ildə "Vətən anadır", "Bir söz yetər" mahnılarına çəkdirdiyi klipləriylə özünü rejissor kimi sınadı və kliplər çox uğurlu alındı.
2004-cü ildə meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb oldu. 2004-cü ildə Hüseyn Abdullayevin müəllif olduğu "Son Söz" mahnısını ifa edir və mahnıya gürcüstanlı rejissor klip çəkir. 2004-cü ildən meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlamışdır.
2005-ci ildə Aygün Kazımova sərhədləri daha da genişləndirdi. Rusiyanın Novossibirsk şəhərində 28 may tarixində "Ya devuşka vostoçnaya" konserti baş tutmuşdur.
2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırdı. Həmin ildə Arif Qaziyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınamış oldu.
2005-ci ildə "Mən Aygünəm" mahnısını ifa edir və mahnıya arxivindən ibarət klip çəkdirir. Mahnının musiqisi Eldar Mansurova aiddir.
2005-ci ildə Azərbaycan Respublikasının I Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bəstəsi olan "Səndən nigaranam" mahnısını və Elşad Xose, Dəyirman qrupu ilə birlikdə "Mavilər" duetini təqdim edir. Həmçinin 2005-ci ildə"Sevərsənmi" albomunu təqdim edir. Alboma Azərbaycanın ən məşhur bəstəkarları Eldar Mansurov, Rəhim Rəhimli, Tünzalə Ağayeva, Gövhər Həsənzadə, İsa Məlikovun əsərləri daxildir.
2006–2009-cu illər 2006-cı ilin 26 yanvarında, Moskvanın böyük Kreml sarayında "Ya devuşka vostoçnaya" adlı verdiyi möhtəşəm konsertilə həm də öz 35 illik yubileyini xarici həmvətənləri ilə qeyd etmiş oldu. Məşhur və sevilən rus müğənnisi Filip Kirkorov ilə Calma duetini ifa etməsi və Filip Kirkorovun səhnədə Aygünün qarşısında diz çökərək Azərbaycana, azərbaycan xalqına – Azərbaycan qızı Aygünə öz eşqini bildirməsi Əməkdar Artistimizin növbəti uğuru idi.
2006-cı ilin 3 may tarixində nəhayət ki, Heydər Əliyev adına sarayda "Xarı bülbüllər" filminin təqdimatı keçirilir. Təqdimat əvvəlcə filmin tamaşaçılara nümayişi, muğam ifaçılarının və sonda Aygün xanımın "Azərbaycan" mahnısını ifa etməsi ilə keçirilir.
2006-cı ilin 24 noyabr tarixində, Aygün xanımın ikinci dəfə təşkilatçılığı ilə "Best Model of Azerbaijan – 2006" model müsabiqəsi keçirilir. Bu dəfəki yarışmaya da xaricdən fəxri qonaqlar dəvət olunmuş, onlar yüksək səviyyədə qarşılanmış və təbii ki, Aygün xanımın simasında Azərbaycan qonaqpərvərliyinin bir daha şahidi olmuşlar. Yarışmanın nəticəsində seçilmiş qalib cütlük həmişəki kimi Türkiyəyə – Azərbaycanı təmsil etmək üçün göndərilmiş, ad qazanıb Vətənə qayıtmışlar.
2007-ci ilin 20 iyun tarixində, Tofiq Bəhrəmov adına Respublika stadionunda verdiyi "Öpsən" adlı konserti də Aygün Kazımovanın növbəti hay-küylü layihəsi oldu. 2007-ci ildə Sankt-Peterburqda 5 saatlıq cərrahiyyə əməliyyatı zamanı Aygün Kazımovanın bədənində kiçik plastik əməliyyat keçirilib. Əməliyyatı cərrah Nekrasov həyata keçirmişdir.
2008-ci ildə Aygün Kazımovan ATV-də həftəiçi 5 gün yayımlanan "Xeyir Ola" əyləncəli musiqili verilişində aparıcılıq etmişdir.
2008-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür.
2009-cu ildə "Təkcə səni" mahnısını ifa edir və mahnıya Fuad Əlişovun rejissorluğu ilə klip çəklilir.
2009-cu ildə Yaşıl Teatrda "Olduğum kimi" konserti baş tutmuşdur.http://azpress.az/index.php?lang=az§ionid=news&id=143