Mübariz Ağakərim oğlu İbrahimov () — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.

Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.

Mübariz İbrahimov 2010-cu ilin 18 iyunundan 19-na keçən gecə bir məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və həlak olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürmüşdür. Müxtəlif mənbələrə görə isə bu rəqəm 45-dir. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdir.

Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. O, Hərbi Memorial Məzarlıqda dəfn edilmişdir.

O, Azərbaycan ictimaiyyətində milli qəhrəmana çevrilmişdir. Biləsuvarda onun adına küçə və məktəb var. Mübariz İbrahimovu təsvir edən heykəllər ucaldılmış, onun şərəfinə xatirə lövhələri hazırlanmış, filmlər çəkilmiş, haqqında kitab yazılmış və xarici teleseriallarda ondan bəhs edilmişdir. İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun həlak olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

Erkən illəri və ailəsi Mübariz İbrahimov 7 fevral 1988-ci ildə, Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Onun atasının adı Ağakərim, anasının adı isə Şamamadır. Atası 16 oktyabr 2024-cü ildə vəfat etmişdir. O, qardaşları Bəhruz və Rəşaddan sonra ailənin üçüncü övladı və sonbeşiyi idi. İbrahimovun qeydlərinə görə, o, seyid nəslindəndir. İbrahimov 1994-cü ildə Malik Piriyev adına Əliabad kənd ibtidai məktəbinə daxil olmuşdur. O, məktəbdə keçilən idman dərsləri ilə kifayətlənməyib rayona gedər, 12–13 yaşlarından idmanın boks növü ilə məşğul olardı. İbrahimov Ukraynada keçiriləcək həmyaşıdları arasında boks üzrə yarışlarda iştirak etmək üçün yola düşmə ərəfəsində əli zədələndiyindən həmin yarışlarda iştirak edə bilməmişdi. Mübariz İbrahimov dindar müsəlman idi və namaz qılırdı. O, 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurmuşdur. O, bir müddət mülki işdə çalışdıqdan sonra 2009-cu ilin sentyabr ayında gizir kurslarına daxil olmuşdur, sonra Naftalanda xidmət etmişdir. Mübariz İbrahimov həmin ilin avqustunda könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün ərizə ilə müraciət etmiş, gizir kimi Tərtər rayonunda hərbi hissələrdən birində xidmət etməyə başlamışdır.

Çaylı döyüşü

thumb|right|250px|2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması. Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə, saat 23:30 radələrində məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, təkbaşına məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir. İlkin iddiaya görə, bu döyüşdə İbrahimov dörd erməni əsgərini öldürmüş və daha dördünü yaralamışdır. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdir. Buna baxmayaraq, o, fərqli mənbələrə görə 45 erməni əsgərini öldürmüşdür.

Azərbaycan Müdafiə Nazirliyinin ilkin bəyanatına görə, Mübariz İbrahimov Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən şəhid olmuşdur. Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) rəsmiləri iddia etmişdir ki, təmas xəttində yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın 20 nəfərlik kəşfiyyat-diversiya bölməsi tərəfindən qəfil hücuma məruz qalmışdı. Qondarma DQR Müdafiə Nazirliyinin iddiasına görə, Mübariz İbrahimovun silah yoldaşları isə hissəsi geri çəkilərkən onun cəsədi təmas xəttinin ermənilərə məxsus tərəfində qalmışdı. Həm Ermənistan, həm də Qondarma DQR rəsmiləri bildirmişdir ki, bu, döyüşlərin Azərbaycan qüvvələri tərəfindən qızışdırıldığını sübut edirdi. Azərbaycan hökuməti bu iddiaları təkzib edərək döyüşdə sadəcə Mübariz İbrahimovun iştirak etdiyini bildirmişdir. Erməni Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, "Janes Information Services"in keçmiş hərbi analitiki Riçard Qiraqosyan döyüşün ya "ermənilərin cavabını yoxlamaq xarakteri" daşıdığını, ya da "Azərbaycan ordusunda komandanlıq və nizam-intizamın olmamasının əlaməti" kimi qiymətləndirmişdir. Tomas de Vaala görə, cəsədlərin erməni nəzarətindəki ərazidə olması döyüşün daha çox Azərbaycan tərəfinin hücumu olduğunu göstərir. Buna baxmayaraq, o, qeyd etmişdir: "əsl mənzərə yəqin ki, heç vaxt bilinməyəcək".

Girovluq 250px|left|thumb|Azərbaycan və Ermənistan prezidentlərinin 27 oktyabr 2010-cu ildə Həştərxanda görüşü. Döyüşdən sonra Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədinin qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq, Ermənistan hökuməti bunun ardınca öz ilkin iddiasını təkzib edərək onun cəsədinin erməni tərəfində yox, neytral zonada qaldığını bəyan etmişdir. Bununla belə, 2 avqustda Rusiya saytlarının birində Mübariz İbrahimova aid olduğu iddia edilən şəkillər yayımlanmağa başlanmışdır. Azərbaycan ictimaiyyəti bu şəkillərə emosional reaksiya vermiş, Azərbaycan Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, bu şəkilləri yaymaqla Ermənistan tərəf beynəlxalq hüquq normalarına riayət etməyib. Qurum həmçinin bildirmişdir ki, Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədini Ermənistandan almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək. İtkin düşən və girovların, hərbi əsirlərin axtarışı üzrə beynəlxalq qrupun keçmiş koordinatoru Əvəz Həsənov da qeyd etmişdir ki, cəsədin geri qaytarılmaması Cenevrə konvensiyalarına ziddir. Azərbaycan hökuməti məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinə müraciət etmişdir. Burada şöbə müdiri olmuş İlahə Hüseynova bildirmişdir ki, onlar bu müraciəti İrəvan şəhərində yerləşən nümayəndəlik vasitəsilə Ermənistan hökumətinə çatdırmışdır. Komitənin Bakı nümayəndəliyi Mübariz İbrahimova aid olduğu iddia olunan şəkillərin internetdə yayılması haqqında məlumatı həm Cenevrədəki qərargaha, həm də İrəvandakı nümayəndəliyə çatdırmışdır. Azərbaycanlı politoloq Fariz İsmayılzadəyə görə, baş vermiş gərginlik müharibəyə gətirib çıxara biləcək səviyyədə idi.

Qafqaz müsəlmanlarının XII Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill vasitəsilə Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginə müraciət edərək, bu işdə yardım etməsini xahiş etmişdir. Sentyabrda II Qaregin Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüşdür. Bəzi politoloqlar və siyasətçilər hesab etmişdir ki, katolikos bu məsələdə yanlış adama müraciət etmişdi. Onlar iddia edirlər ki, II Qaregin Sarkisyanın əvəzinə Qondarma DQR-nin ovaxtkı prezidenti Bako Saakyana müraciət etməli idi. Ermənistanın müxalif İrs Partiyasının parlament fraksiyasının lideri Stepan Səfəryan bildirmişdir: "Ermənistan tərəfi heç olmasa başa düşməlidir ki, bu məsələ Ermənistan rəsmilərinə deyil, Dağlıq Qarabağın hakimiyyət orqanlarına ünvanlanmalıdır".

250px|right|thumb|Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi. 4 avqustda Biləsuvarda əksəriyyəti ağdamlı olan onlarla məcburi köçkün və Birinci Qarabağ müharibəsi veteranı Ermənistan hakimiyyətindən Mübariz İbrahimovun cəsədinin qaytarılmasını tələbi ilə aksiya keçirmişdir. Aksiyanı rayon sakinləri öz təşəbbüsləri ilə başlamışdılar. İştirakçılar 15–20 yüngül avtomobil və bir böyük avtobusla hərəkət edirdilər, əllərində Azərbaycan bayraqları, İbrahimovun fotoşəkilləri və üzərində "Hamımız Mübarizik!" yazılmış plakatlar qaldırmışdılar.

Mübariz İbrahimovun cəsədinin Ermənistanın girovluğunda olan dövrdə onunla bağlı çoxlu dezinformasiyalar yayılmışdır. Hüquq müdafiəçisi Əvəz Həsənova görə, həm Azərbaycan, həm də Ermənistan vəziyyətdən təbliğat üçün istifadə etməyə çalışmışdı. O demişdir ki, "Ermənistan mətbuatında Azərbaycanda hərbi ritorikanın güclənməsi" həmişə işıqlandırılırdı və "Azərbaycanın atəşkəsi pozmaqla bu ritorikanı gücləndirməyə çalışdığı"nı deyirdilər. Odur ki, Həsənova görə "Ermənistan mətbuatı belə bir faktı dünya ictimaiyyətinə göstərməyə maraqlıydı". O bildirmişdir ki, bu, daha çox ermənilərə lazımlı bir məsələ idi, çünki beləliklə, onlar deyə bilərdilər ki, "Azərbaycan sülh danışıqları aparsa da, onun əsgəri bizim dörd döyüşçümüzü cəbhə xəttində öldürür". Əvəz Həsənova görə, Ermənistan bu faktdan beynəlxalq təbliğat, Azərbaycan isə daxili təbliğat üçün yararlanmışdır.

Nəəşinin geri qaytarılması və dəfni 200px|Mübariz İbrahimovun məzarı|thumb 27 oktyabr 2010-cu ildə Rusiyanın Həştərxan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində birgə bəyannamə imzalanmışdır. Bu bəyannaməyə görə, hərbi əsirlər dəyişdirilməli, ölənlərin cəsədləri isə ləngimədən qarşı tərəfə verilməli idi. Sənədin icrasına 4 noyabrda başlanılmışdır.

Mübariz İbrahimov və 4 sentyabrda Tərtər rayonu istiqamətində Ermənistan hərbçiləri ilə döyüşdə həlak olmuş baş leytenant Fərid Əhmədovun cəsədləri 6 noyabrda Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, Dağlıq Qarabağ təmas xəttində, neytral zonada Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu prosesdə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri də iştirak etmişdir. Eyni zamanda, Azərbaycan tərəfi cəbhə bölgəsində ölmüş, keçmiş Ağdərə rayonu Suqovuşan kənd sakini, 86 yaşlı Qavruşa Arustamyanın cəsədini Ermənistan tərəfinə qaytarmışdır.

Növbəti gün Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədləri saat 12-də morqdan götürülərək Təzəpir məscidinə aparılmışdır və cəsədlər orada dini adət-ənənə ilə dəfnə hazırlanmışdır. Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyindən məscidə kimi cənazələri izdiham və müvafiq dövlət qurumlarının nümayəndələri, Dövlət Yol Polisinin avtomobilləri müşayiət etmişdir. Cənazələri Təzəpir məscidində şeyxülislam Allahşükür Paşazadə qarşılamışdır. Bundan sonra hər iki hərbçinin cəsədi Azərbaycan Müdafiə Nazirliyinə aparılmışdır və orada vida mərasimi keçirilmişdir. Mərasimdə hərbçilərlə yanaşı, xeyli sayda mülki şəxs də iştirak etmişdir.

Mübariz İbrahimov və Fərid Əhmədov 7 noyabrda Bakı şəhərində yerləşən Hərbi Memorial Məzarlıqda təntənəli şəkildə dəfn edilmişdir. Dəfn mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev iki hərbçinin xatirəsini ehtiramla yad etmiş və Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli ilə bağlı təhdidlərini təkrarlamışdır. Onun sözlərinə görə, Azərbaycan "hər an hərbi yolla ölkənin ərazi bütövlüyünü bərpa edə bilər". O həmçinin, burada Ermənistanı "tarixi Azərbaycan torpaqları" adlandırmışdır.