Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; ) — Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Zaqafqaziya seyminin üzvü, Bakı şəhərinin qubernatoru.
Həyatı Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının ( İndiki İmişli rayonu Cəfərli kəndi) Tomarxanlı kəndində anadan olub. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsini bitirib. 1918-ci il fevralın 23-dən mayın 26-a qədər Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olub. Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1918-ci il noyabrın 19-da verilmiş Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib. "Müsavat" və bitərəflər fraksiyasının üzvü olub.
1918-ci il sentyabrın 15-də Bakının azadlığı ilə nəticələnən Bakı döyüşündən sonra Bakının qubernatoru olan Fəthi bəyin müavini olub. Daha sonra isə 1918-ci ilin noyabr ayından 1919-cu il fevralın 5-ə qədər Bakının qubernatoru vəzifəsini icra edib.
Aprel işğalından sonra həbs edilib və 1920-ci il iyunun 6-da Nargin adasında güllələnib.
Xatirəsi Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Müseyib bəy Əxicanovu Azərbaycanın istiqlal şəhidi adlandırıb.
İstinadlar
Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakı qubernatorları Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri