Konstitusiya hüququ — elminin predmeti konstitusiya qanunvericiliyi, obyekti isə konstitusiya hüquq münasibətləri olmaqla şəxsiyyətin, dövlətin və cəmiyyətin qarşılıqlı əlaqələrini tənzimləyir. Konstitusiya hüquqi dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), təşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir.

Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır.

Konstitusiya (dövlət) hüququ hüquqşünaslıqda üç aspektdə nəzərdən keçirilir: konkret dövlətlərin hüquq sahəsi kimi, elm kimi və ali təhsil sistemində tədris fənni kimi.

"Konstitusiya hüququ" və "Dövlət hüququ" terminləri Bəzən bu terminlər sinonim sözlər kimi qəbul olunsa da, nəzəriyyədə bu ifadələrə münasibət birmənalı deyil. Məsələn, almaniyalı konstitusionalist Konrad Hessenin fikrincə, konstitusiya dövlət quruluşunun müəyyən edilməsi ilə məhdudlaşmayıb, qeyri-dövlət həyat quruluşunun əsaslarını (nikah, mülkiyyət və s.) da əhatə etdiyi üçün "Konstitusiya hüququ" "Dövlət hüququ"ndan daha geniş məfhumdur. Digər tərəfdən konstitusiya hüququ dövlət hüququ ilə müqayisədə məhduddur, yəni "dövlət hüququ", məsələn, inzibati hüquq və prosessual hüququ da əhatə edir. Başqa sözlə, konstitusiya normalarının hüdudlarından kənara çıxan, dövlət idarəçiliyinin, inzibati və maliyyə hüququnun bir çox məsələlərinin daxil olduğu dövlət hüququnun obyekt dairəsi daha genişdir.

"Konstitusiya hüququ" və "Dövlət hüququ" terminlərindən hansının işlədilməsi doğrudur? Bu terminlərdən hansının doğru olması məsələsinə konkret cavab vermək olmur. Həmin terminlərdən hansının seçilməsi məsələsi adətən onların işlədilməsində milli ənənə ilə bağlıdır. Məsələn, Anqlo-saks və Roma hüquq sistemlərində ənənəyə görə "konstitusiya hüququ" terminindən istifadə edildiyi halda, german sistemi üçün "dövlət hüququ" termininin işlədilməsi səciyyəvidir. İsveçrənin alman dilli əhalisinin üstünlük təşkil etdiyi hissədə "dövlət hüququ" termini, bu ölkənin roman dilli qalan ərazilərində isə "Konstitusiya hüququ" terminindən istifadə edilir. Hazırda Almaniyada məhdud mənada da olsa, "konstitusiya hüququ" termininə müraciət olunur. Lakin ölkənin ali hüquq məktəblərində tədris fənninin adı kimi "ümumi hüquq" və ya geniş mənada "dövlət hüququ" terminlərindən istifadə olunur. Bu fənlər inzibati hüququ, məhkəmə hüququnu və hüququn bəzi başqa sahələrini əhatə edir. Məhdud mənada dövlət hüququ isə konstitusiya hüququnun analoqu olub, ümumi hüququn əsas hissəsi hesab edilir. Məsələn, Almaniyada doktor Katsın (A. Katz) dəfələrlə çap edilmiş dərsliyi belə adlanır: "Dövlət hüququ. Ümumi hüquqda əsas kurs". Digər alman müəlliflərindən Klaus Ştern (K. Stern) özünün beş cildlik fundamental əsərində qeyd edir ki, konstitusiya hüququ dövlət hüququnun mərkəzi sferasını təşkil edir və onu məhdud mənada dövlət hüququ kimi səciyyələndirmək olar. Keçmiş SSRİ-də "Dövlət hüququ" terminindən istifadə olunurdu. Ümumiyyətlə, sosialist ölkələrində "dövlət hüququ" terminindən istifadə edilirdi. Bu ölkələrdən yalnız Kuba istisna idi. Bu ölkədə hətta konstitusion quruluşun olmadığı dövrlərdə də "konstitusiya hüququ" termininin də daxil olduğu ənənəvi roman hüquq terminologiyası əsasən qorunub saxlanmışdır. Müasir dövrdə "Dövlət hüququ" terminindən istifadə edən ölkələr çox azdır.

"Konstitusiya hüququ" terminin tənqidi və bu ifadənin müdafiəsi haqqında Türk konstitusionalisti Ali Fuat Başgil "konstitusiya hüququ" terminini tənqid etmişdir. Ona görə "konstitusiya" "ana qanun" demək olduğuna görə "konstitusiya hüququ" da "ana qanun hüququ" demək olur. Bu isə hüququn sırf qanundan ibarət olduğu fikrini verir. Həqiqətdə isə hüquq qanundan ibarət olan bir şey deyil. Qanun hüququn özü yox, mövzusudur. Necə ki, "cinayət hüququ"na "cinayət qanunu hüququ" demək yanlışdırsa, bu hüquq sahəsinə də "konstitusiya hüququ" demək eyni şəkildə yanlışdır. Lakin günümüzdə "konstitusiya hüququ" ifadəsi hüquq leksikonuna elə möhkəm daxil olub özünə yer etmişdir ki, bu ifadə yanlış da olsa, onu işlətməkdən başqa çarə qalmamışdır. Türk konstitusionalistlərindən Bülent Nuri Esen və İlhan Arselə görə isə "konstitusiya hüququ" terminini işlətmək doğru yanaşmadır. Onlara görə bu termin dilə asan gəlir və məqsədi izah etməyə əlverişlidir. Professor İlhan Arselə görə "anayasa" terminini Ali Fuat Başgil kimi "ana" və "yasa" şəklində iki ayrı sözdən meydana gələn bir tərkib olaraq deyil, hər iki kəlmənin yaratdığı tək bir tərkib söz kimi yəni "əsas təşkilat" mənasına gələn "anayasa" şəklində qəbuletmək lazımdır. Belə olduqda isə "konstitusiya hüququ" "ana qanun hüququ" deyil, "əsas təşkilat hüququ" kimi başa düşülür.

Konstitusiya hüququnun hissələri Konstitusiya hüququnu iki hissəyə bölmək olar: 1. Konstitusiya hüququnun ümumi nəzəriyyəsi, 2. Azərbaycan konstitusiya hüququ. Azərbaycan Respublikasının hüquq elmində konstitusiya hüququnun konstitusiya hüququnun ümumi nəzəriyyəsi adlı hissəsindən bəhs olunmur. Bunun yerinə xarici ölkələrin konstitusiya hüququ adlı fənn mövcuddur ki, bu fənnin ümumi hissəsi demək olar ki, konstitusiya hüququnun ümumi nəzəriyyəsinin predmetinə daxil olan məsələləri araşdırır. Konstitusiya hüququnun ümumi nəzəriyyəsi konkret bir ölkənin konstitusiyasından və konstitusion normalarından asılı olmayaraq müstəqil şəkildə ümumi nəzəri məsələlər tədqiq edir. Bu zaman bütün ölkələrin milli konstitusiya hüququ sahələri, onların konstitusiyaları üçün keçərli ola biləcək ümumi nəzəri institutlar tədqiq edilir. Azərbaycan konstitusiya hüququ isə ölkəmizdə konstitusiya quruculuğunun qısa tarixinə nəzər saldıqdan sonra AR Konstitusiyası müstəvisində olan konstitusion institutları tədqiq edir.

Elm kimi konstitusiya hüququnun mənbələri Hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə formaları başa düşülür. Konstitusiya hüquq elminin mənbələri aşağıdakılardır: 1. Konstitusiya və qanunlar; 2. Beynəlxalq və dövlətdaxili müqavilələr a. beynəlxalq müqavilələr o hallarda konstitusiya hüququnun mənbələri olurlar ki, onlar konstitusiya problemlərini tənzimləsinlər və bu müqavilələrin birbaşa tətbiq edilməsi nəzərdə tutulmuş olsun. AR Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Res-publikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi sənədlərə aşağıdakıları nümunə göstərə bilərik: — İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya (21 dekabr 1965-ci il) (qoşulma haqqında AR-ın 95-IQ saylı 31 may 1996-cı il tarixli Qanunu); — Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya (30 noyabr 1973-cü il) (qoşulma haqqında AR-ın 96-IQ saylı 31 may 1996-cı il tarixli Qanunu); — Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya (9 dekabr 1948-ci il) (qoşulma haqqında AR-ın 97-IQ saylı 31 may 1996-cı il tarixli Qanunu) — İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasını (1950-ci il). Azərbaycan Respublikası bu Konvensiyaya 2001-ci il tarixdə qoşulub və s. b. dövlətdaxili müqavilələr o halda konstitusiya hüququnun mənbələri hesab edilirlər ki, konstitusiya problemlərinə aid olsunlar. Bu müqavilələrə nümunə: Livanda ali dövlət vəzi-fələrinin müxtəlif dinlərin nümayəndələri arasında bölünməsi haqqında 1943-cü il milli paktı, Çexoslovakiyanın 1 yanvar 1993-cü ildən Çexiya və Slovakiyaya ayrılması haqqında saziş, Dnestryanı respublikanın Moldova tərkibində respublika qalması haqqında Moldova və Dnestryanı respublika arasında bağlanmış 1996-cı il tarixli Konstitusiya müqaviləsi. 3. Parlament reqlamentləri – Parlamentin daxili təşkilini və iş qaydasını müəyyən edir. Məsələn, AR-də AR Milli Məclisinin və Naxçıvan MR Ali Məclisinin Daxili nizam-namələrini buna misal göstərmək olar; 4. Dövlət başçısının və hökumətin aktları (fərman və sərəncamlar); 5. Məhkəmə presedentləri – Məhkəmələr tərəfindən qəbul edilən oxşar işlər üzrə analoji qərarlar; 6. Konstitusiya adəti – Rəsmi nəşrlərdə davranış qaydası kimi təsbit edilməmiş, lakin uzun müddət ərzində tətbiq edilən və dövlət tərəfindən sanksiyalaşdırılmış kimi qəbul edilən davranış qaydalarıdır. Məsələn, Böyük Britaniyada bir sıra konstitusion adətlər (konstitusion razılaşmalar) mövcuddur: "Kral parlamentin hər iki palatasından keçmiş bill (qanun layihəsi) ilə razılaşmalıdır", "Çoxluq təşkil edən partiyanın lideri – baş nazirdir", "Əgər nazirlər İcmalar Palatasının etimadını itirərlərsə, onlar istefaya çıxırlar", "Lordlar Palatası maliyyə billəri təşəbbüsü irəli sürə bilməz" və s.); 7. Dini mənbələr – İran İslam Respublikasında hüququn ən ali mənbəyi – Qurani-Kərim və müsəlman hüquq normalarının toplusu olan şəriətdir; 8. Hüquqi doktrina – Hüquqşünas alimlərin əsərləri: məsələn, Böyük Britaniya hüquqşünasları U. Blekston və A. Daysinin əsərləri). Bəzi ölkələrdə hərbi çevrilişdən sonra yaradılmış müvəqqəti hakimiyyət orqanlarının – hərbi və inqilabi şuralarının aktları (dekretlər, bəyannamələr) prinsipial məsələləri (məsələn, Nigeriyada federasiyanın yenidən təşkili, Efiopiyada idadəretmə formasının dəyişdirilməsi) tənzim edən aktlar olmuşdur. Bəzən milli xartiyalar (Əlcəzair), inqilabi xartiyalar (Madaqaskar) və hakim (yeganə) partiyaların aktları (Zair) mühüm konstitusion (hətta konstitusiyadan yüksək) əhəmiyyətə malik olmuşlar.

Konstitusiya hüququnun hüquq sahəsi kimi mənbələri Hüququn mənbələri dedikdə, hüquq normalarının təsbiti üsulları, ifadə formaları başa düşülür. Konstitusiya qanunvericiliyi hüquq sahəsi kimi konstitusiya hüququnun mənbəyidir. Konstitusiya qanunvericiliyi nədir? Konstitusiya qanunvericiliyi daha çox imperativ normalardan təşkil olunan və şəxsiyyət, cəmiyyət və dövlət arasında yaranan hüquq münasibətlərinin əsaslarını tənzimləyən qanunvericilik sahəsidir. Konstitusiya qanunvericiliyinə nələr daxildir? 1) Konstitusiya — ən yüksək hüquqi qüvvəyə malikdir. 2) Referendumda qəbul edilmiş aktlar; 3) Qanunlar – Ali qanunvericilik orqanı (AR Milli Məclisi) tərəfindən qəbul edilir. Növləri – a. adi, b. üzvi; c. fövqəladə; d. Orqanik; e. konstitusiya qanunları. a. Adi qanunlar – ayrı-ayrı məsələləri tənzimləyir (məsələn, "Hərbi qulluqçuların statusu haqqında" AR qanunu, "Dövlət qulluğu haqqında" AR qanunu və s.); b. Üzvü qanunlar – Mürəkkəbləşdirilmiş qaydada qəbul edilir və adətən konstitusiya hüququnun müəyyən bir institutunu bütövlükdə tənzim edir (məsələn, AR Seçki Məcəlləsi 83 səs çoxluğu ilə qəbul edilir və bütövlükdə seçki münasibətlərini tənzimləyir); c. Fövqəladə qanunlar – Fövqəladə vəziyyət elan olunduqda qəbul edilir və onlar qısa müddət ərzində qüvvədə olurlar; d. Orqanik qanunlar – Dövlət orqanlarının statusunu müəyyən edirlər (məsələn, "Prokurorluq haqqında" AR qanunu, "Konstitusiya Məhkəməsi haqqında" AR qanunu və s.). Bəzən hüquq ədəbiyyatında konstitusiyadan istinad edilən bütün qanunlara orqanik qanunlar deyilir; e. Konstitusiya qanunları – Konstitusiyaya dəyişikliklər və əlavələr edir. 4) Fərmanlar; 5) AR Nazirlər Kabinetinin qərarları; 6) Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Konstitusiya hüququnun əhəmiyyəti həm də onunla xarakterizə olunur ki, burada demokratiya institutları (bərabərlik hüququ, seçki hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ və s.) ifadəsini tapmışdır. Konstitusiya hüququnun köməyi ilə demokratiya cəmiyyətin və dövlətin rəsmi və ümumi prinsipinə çevrilir.

Konstitusiya hüququnun əsas növləri normativ – hüquqi aktlar, məhkəmə presedentləri və adət hüququ, habelə bəzi hallarda beynəlxalq və dövlətdaxili müqavilələrdir.