Salatın Əsgərova (tam adı: Salatın Əziz qızı Əsgərova; ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalistidir.

Həyatı Erkən illəri Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1979-cu ildə Bakı şəhərində Bakı şəhəri 18 nömrəli tam orta məktəb Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuş, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Onun müəlliməsi Firəngiz Həşimovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.

Jurnalist fəaliyyəti thumb|Salatın Əsgərova və oğlu

1984-cü ildə ali məktəbin geofizika ixtisası üzrə mühəndis diplomu ilə bitirən Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Əvvəlcə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, dörd il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayır. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular" idi. O, "Molodyoj Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında, təkcə azərbaycanlı döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitir:

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olmuşdur. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:

Onun boğazında zob xəstəliyi vardı. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsələr də, S.Əsgərova əməliyyat zamanı ölüm riskindən qorxurdu. Lakin, atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq vermişdi.Əməliyyat 1991-ci il 16 yanvarınada təyin edilmişdi.

Ölümü O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara aldı. O, evdən hərbi forma geyinib çıxmışdı. Batalyon komandiri podpolkovnik Oleq Larionov Tayşet nəslindən, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini Ermənistan silahlılarının hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi.

1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30–14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutdular. Erməni hərbiçiləri hərbi maşını iki istiqamətdən – həm avtomat, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ. Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür. Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşır, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi.

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdular. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verildi.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şəxsi həyatı Ailəli idi, Ceyhun adlı oğlu var. Poeziyanı, musiqini və kitab oxumağı çox sevirdi.

İrsi thumb|Salatın Əsgərovanın xatirə lövhəsi

Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır. Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafat onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulmuşdur. 1993-cü ildə bəstəkar Elza İbrahimova "Salatın" musiqisini onun xatirəsinə həsr etmişdir. Mahnı Flora Kərimova tərəfindən ifa olunmuşdur.

Ədəbiyyatda Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazmışdır.

Filmoqrafiya 2016-cı ildə Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçmişdir.

Təltif və mükafatları Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

1992 — Azərbaycanın Milli Qəhrəmanı

Qalereya

İstinadlar

Həmçinin bax Gültəkin Əsgərova Aqil Quliyev Əlif Hacıyev Çingiz Mustafayev

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanın qadın milli qəhrəmanları Kateqoriya:Laçın rayonunda vəfat edənlər Kateqoriya:Hərbi münaqişələrin işıqlandırılması zamanı həlak olan jurnalistlər Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı) Kateqoriya:Azərbaycanda qətlə yetirilənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:XX əsr Azərbaycanın qadın yazıçıları