Mahmud Nayfalı oğlu Quliyev () — Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı (2000–2016).

Həyatı Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə anadan olub. 1959–1969-cu illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində orta təhsil alıb. 1969–1973-cü illərdə D. Bünyadov adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

1 avqust 1973-cü il tarixdən 21 may 1976-cı ilə qədər Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, 21 may 1976-cı il tarixdən 24 mart 1978-ci ilə qədər Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, 31 mart 1978-ci il tarixdən 25 mart 1982-ci ilə qədər Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, 25 mart 1982-ci il tarixdən 28 fevral 1986-cı ilə qədər Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.

3 aprel 1986-cı il tarixdə yenidən Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 19 mart 1988-ci ilə qədər bu vəzifədə çalışıb. 19 mart 1988-ci il tarixdən 6 oktyabr 1995-ci ilə qədər Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru, 11 yanvar 1996-cı il tarixdən 25 iyul 1996-cı ilə qədər Rayonlararası Quraşdırma-Tikinti İstehsalat Birliyinin 19 saylı Təmir-tikinti Trestinin müdiri, 16 iyun 1997-ci il tarixdən 25 may 1998-ci ilə qədər "Dövlətqaçqınkom"un Nəzarət-təftiş İdarəsində aparıcı təftişçi-mühasib, 26 may 1998-ci il tarixdən 18 dekabr 2000-ci il tarixədək isə Bakı şəhər Ekologiya Komitəsinin Abşeron Gil adası Yasaqlığı İdarəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş və 3 mart 2016-cı il tarixli sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.

2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvü idi.

7 yanvar 2019-cu ildə səhər saatlarında vəfat edib.

Mükafatları 12 iyul 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Respublika Prezidenti tərəfindən Mahmud Nayfalı oğlu Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Həmçinin bax "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı

İstinadlar

Xarici keçidlər Yerli kadr İcra hakimiyyətinin başçısı Quliyev Mahmud Nayfalı oğlu

Kateqoriya:Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri