Yuzef İslam oğlu Qədimov () — Azərbaycan memarı, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar memarı (2007).

Həyatı Yuzef İslam oğlu Qədimov 7 yanvar 1928-ci ildə anadan olmuşdur. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirmiş, həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləmişdir.

1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun ("Bakıdövlətşəhərlayihə") baş memarı işləmişdir. Bu müddətdə o, Heydər Əliyev adına idman-konsert kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" (hazırkı "İçərişəhər") metrostansiyasının layihə müəllifi və memarı olub.

Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub.

Yuzef 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür.

Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında vəfat edib.

İstinadlar

Kateqoriya:Qədimovlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ memarları