Azərbaycan Skautlar Assosiasiyası — Azərbaycan skautlarını birləşdirən assosiasiya.

Tarixi Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Dünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir.ASA öz fəaliyyətini Dünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir. Böyük Britaniyada "Qilvel Park" təlim mərkəzində Skaut üzvləri üçün təlim kurslarını başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. 2023-cü ilin 1–12 avqust tarixlərində Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında, 2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Küveytdə, Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda iştirak ediblər.

Tədbirlər Bakı 41-ci Dünya Skaut Konfransı- Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbir çərçivsində skaut təşkilatlarının gələcək inkişafı, onların formalaşma strategiyası və fəaliyyəti, Konstitusiyaya edilən dəyişikliklər müzakirə edilib, təşkilata yeni 9 üzvün seçilməsi mərasimi keçirilib. Konfrans çərçivəsində keçirilmiş iclasda Dünya Skaut Komitəsinə 12 yeni üzv seçilib. Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Hərəkatı Təşkilatının rəhbər orqanına daxil olub. Bakı 13-cü Dünya Skaut Forumu - 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, 161 ölkədən olan qonaqların iştirakı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman ölkələri arasında isə ikinci tədbirdir. Wood Badge layihəsi 2022 – Azərbaycan Skautlarının Ustadlıq Proqramı. Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması" layihəsi – təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərimizin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, emosional, sosial, mənəvi və xarakter inkişafını dəstəkləmək məqsədilə Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramının daxilində həyata keçirilir.alt=Azərbaycan Skautlar Assosiasiyasının 13 mart 2022-ci il tarixli VIII Qurultayının seçki nəticələri|thumb|320x320px|Azərbaycan Skautlar Assosiasiyasının 13 mart 2022-ci il tarixli VIII Qurultayının seçki nəticələri

Emblemi Azərbaycan Skautlar Assosiasiyasının emblemi 1997-ci ildə təsdiq edilmişdir və Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağının rəmzi olaraq üç ləçəyi göy, yaşıl, qırmızı rənglər ilə boyanmış zanbaq gülüdür. Zanbaq gülünün üç ləçəyi skaut andının üç prinsipini, beşguşəli ulduz isə həqiqət, biliklərə doğru irəliləməyi və skaut hərəkatının 10 qanununu ifadə edir. Riflənmiş kəndirlə əhatə olunmuş zanbaq Skaut Hərəkatının beynəlxalq nişanının əsas elementi olaraq Milli Skaut Hərəkatının Beynəlxalq hərəkat ilə vəhdətini və Azərbaycan skautlarının bütün dünya skautları ilə qardaşlığını ifadə edir.

Himni

Hazırdır ana vətəndə igid övladlar,

Fəxri olan skaut adını daşıyanlar.

Ağır işdən qorxma, sən faydalı ol!

Sən də bizim kimi har vaxt hazır ol!

Nəqarət:

Azərbaycan və Allah qarşısında, söz vermişik biz

Hər zaman bizimlə vədimiz!

Hazır ol, hazır ol, sən seçmisən çətin yol

Cəsarətlə, skaut, hər vaxt hazır ol!

Skaut təvazökar, qənaətçil olmalı

Ana vətənin sərvətlərini qorumalı

Təbiətin, heyvanların müdafiəsində ol

Sən də bizim kimi har vaxt hazır ol!

Nəqarət:

Azərbaycan və Allah qarşısında, söz vermişik biz

Hər zaman bizimlə vədimiz!

Hazır ol, hazır ol, sən seçmisən çətin yol

Cəsarətlə, skaut, hər vaxt hazır ol

Pakdır səylərimiz, təmiz fikirlərimiz

Vətən eşqiylə döyünür bizim ürəyimiz

Ruhdan düşmə, və hər zaman etibarlı ol

Sən də bizim kimi har vaxt hazır ol

Nəqarət:

Azərbaycan və Allah qarşısında, söz vermişik biz

Hər zaman bizimlə vədimiz!

Hazır ol, hazır ol, sən seçmisən çətin yol

Cəsarətlə, skaut, hər vaxt hazır ol

İstinadlar

Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:Skaut hərəkatı