Qaraş Əmirov () — tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı.

Həyatı Qaraş İbrahim oğlu Əmirov 16 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlamışdır. Gənc Qaraş Əmirov burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib,tezliklə dərin quyuların qazılması üzrə qabaqcıl ustalardan birinə çevrilmişdir.

Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycan SSR-nin Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Onların arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında aşkar olunmuş perspektivli neft yataqlarını istismara vermək üçün 1957-ci ildə oraya göndərilmişdi. "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilmişdir.

Elə həmin illərdə Qaraş Əmirov bacarıqlı təşkilatçı, mahir usta kimi tanındı. Onun briqadası çətin və sərt iqlim şəraitində Şirvan torpağının altındakı sərvəti üzə çıxarmaq üçün daha dərin və maili quyular qazıb təhvil vermişdir. Qaraş Əmirov öz briqadası ilə birlikdə 10 il ərzində 44 quyu qazmışdır ki, onların da ümumi dərinliyi 113.350 metr olmuşdur. Bu isə hər bir dəzgah üzrə ayda 1000 metrdən çox qazma aparılması demək idi. Bu nəticə rekord göstərici sayılırdı. Məhz belə qəhrəmanlıq və gərgin əmək nəticəsində respublikanın Şirvan zonasında xam neft istehsalı artdı. Azərbaycanda istehsal edilən neftin üçdə biri Şirvanın payına düşürdü.

Qaraş Əmirov 1969-cu ildə Azərbaycan Neft Kəşfiyyatı Trestinin 1 saylı qazma kontoruna direktor vəzifəsinə irəli çəkilmişdir. Sonra isə o, Carlı və Qobustan kəşfiyyat qazma idarələrinə rəhbərlik edir. Qaraş Əmirov respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. VI–VII çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Sov. İKP-nin XXII və XXIII qurultaylarının nümayəndəsi olmuşdur. Çox dərin quyuların sürətlə qazılmasında və yeni yataqların kəşfində qazandığı müvəffəqiyyətlərə görə 1963-cü ildə o, "Sosialist Əməyi Qəhrəmanı" kimi yüksək ada layiq görülmüş, 1971-ci ildə isə ona "Azərbaycan neft ustası" fəxri adı verilmişdir.

Neft sənayesinin bacarıqlı təşkilatçısı, geniş qəlbli insan, qayğıkeş rəhbər olan Qaraş Əmirov 22 mart 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən vertolyot qəzasında həlak olmuş, Bakı şəhərindəki ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.

"Azneft" İstehsalat birliyi və Neft-qaz sənayesi işçiləri həmkarlar təşkilatı onun ölümündən sonra, dərinliyi 4500 və daha çox olan kəşfiyyat quyularının sürətlə və keyfiyyətlə qazılması uğrunda yarışan qazma briqadaları üçün Qaraş Əmirov adına mükafat təsis etmişlər. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində onun işlədiyi idarənin qarşısındakı küçə Qaraş Əmirovun adını daşıyır.

Anadan olmasının 80 illiyi münasibətilə tanınmış neftçi Qaraş İbrahim oğlu Əmirovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən 2009-cu ildə onun yaşadığı binanın üzərinə xatirə lövhəsi quraşdırılmışdır.

Təhsil aldığı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbinə onun adı verilmişdir və burada onun əmək fəaliyyətini əks etdirən guşə yaradılmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycandakı helikopter qəzalarında ölənlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri